Avropanın güclənməsi yox, zəifləməsi təhlükəlidir Dünya

Avropanın güclənməsi yox, zəifləməsi təhlükəlidir

"Project-syndicate" yazır ki, Avropa ABŞ üçün xüsusi əhəmiyyət daşıyır

Cavid

Vaxtilə ABŞ-ın Dövlət Katibi Henri Kissincer Amerikanın Vyetnam və Çinlə bağlı narahatlıq dövründən sonra 1973-ü ili "Avropa ili" elan etmişdi. İndi isə davam edən qaçqın böhranı, Rusiyanın şimali Ukraynanı işğal, Krımı ilhaq etməsi və Britaniyanın Avropa İttifaqından çıxması təhlükəsi ilə 2016-cı il Amerika diplomatiyası üçün yeni bir "Avropa ili"nə çevrilə bilər. "Project-syndicate" yazır ki, Avropa ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın iqtisadiyyatı Almaniya iqtisadiyyatından dörd dəfə böyük olsa da, 28 ölkənin üzv oldğu Aİ-nin iqtisadiyyatı ABŞ-ın iqtisadiyyatına bərabərdir. Əhalisi (510 milyon) Amerikanın əhalisindən (320 milyon) çoxdur.
Bəli, Amerikada adambaşına düşən gəlir daha yüksəkdir, ancaq insan kapitalı, texnologiya və ixrac baxımından Aİ ABŞ səviyyəsindədir. 2010-cu il böhranına qədər bəzi iqtisadçılar dünyanın əsas ehtiyat valyutası kimi avronun dolları əvəz edə biləcəyini düşünürdülər.
Avropa hərbi resurslar baxımından ABŞ-ın müdafiəyə ayırdığı pulun yarısı qədər xərc çəkir. Britaniya və Fransanın nüvə arsenalları, Afrika və Yaxın Şərqdə müdaxilə etmək üçün isə məhdud gücü vardır. Hər iki ölkə İslam Dövlətinə qarşı hava hücumlarında fəal iştirak edən tərəfdaşlardır. Yumşaq gücə gəldikdə isə, Avropa beynəlxalq qurumların işində mühüm rol oynayıb. Avropanın ortaq qurumlar ətrafında birləşdiyi düşüncəsi qonşularını cəlb edirdi, ancaq maliyyə böhranından sonra bu düşüncə tədricən yoxa çıxdı.
Avropanın gücünün dəyərləndirilməsi üçün verilə biləcək əsas sual isə belədir: Aİ beynəlxalq məsələlərdə vahid səslə çıxış edə biləcəkmi, yoxsa üzv ölkələrinin fərqli-fərqli milli kimlikləri, siyasi mədəniyyətləri və xarici siyasətləri ilə müəyyənləşən məhdud bir qurum olaraqmı qalacaq?
Bu sualların cavabı qoyulan məsələyə görə dəyişir. Məsələn, ticarət məsələlərində Avropa ABŞ-la eyni səviyyədədir. Beynəlxalq Valyuta Fondunda oynadığı rola görə isə Avropa ABŞ-dan sonra ikinci yerdə gəlir. Antiinhisarçılıq məsələlərinə gəldikdə, Avropa bazarlarının miqyası o demək idi ki, birləşmək istəyən Amerika şirkətləri ABŞ Ədliyyə Departamenti ilə yanaşı Avropa Komissiyasından da razılıq almalı idilər. Kiber dünyada isə gizliliyin qorunması üçün qlobal standartları Aİ müəyyənləşdirir və ABŞ bu standartları saymaya bilməz.
Bütün bunlara baxmayaraq, Avropa birliyi ciddi məhdudiyylərlə üzləşir. Milli kimliklər vahid Avropa kimiliyindən daha güclü olaraq qalır. Aİ qurumları sağçı populist partiyaların ksenofobiya hədəfləri arasındadır. Aİ daxilində hüquqi inteqrasiya artmaqda olsa da, müdafiə və xarici siyasətin inteqrasiyası məhdud olaraq qalır. Uzunmüddətli perspektivdə isə doğum səviyyəsinin aşağı olması və kütləvi immiqrasiyanı qəbul etmək istəməməsi nəticəsində Avropa ciddi demoqrafik problemlərlə üzləşir. 1900-cü ildə dünya əhalisinin dörddə biri Avropanın payına düşürdü. Bu əsrin ortasına qədər isə bu göstərici 6 faiz ola bilər. Həmin vaxta qədər Avropa əhalisinin, demək olar, üçdə birinin yaşı 65-dən yuxarı olacaq.
Hazırkı immiqrasiya dalğası Avropanın uzunmüddətli demoqrafik probleminin həll yolu ola bilər, ancaq eyni zamanda bu, Almaniya Kansleri Angela Merkelin müstəsna liderliyinə baxmayaraq, Avropanın birliyi üçün də təhlükədir. Əksər Avropa ölkələrində qaçqın axınına sərt siyasi reaksiya göstərilib.
Avropanın ABŞ üçün təhlükəyə çevrilməsi ehtimalı aşağıdır. Bunun tək səbəbi isə hərbi xərclərinin çox olmaması deyil. Avropa dünyanın ən böyük bazarına malik olsa da, birliyi yoxdur. ABŞ diplomatları isə hədsiz güclənən bir Avropanı yox, hədsiz zəif bir Avropanı təhlükə hesab edirlər. Avropa və Amerika müttəfiq qaldıqları zaman onların resursları qarşılıqlı güc gətirir.
Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı üzrə danışıqları zəiflədən qaçılmaz çəkişmələr olsa da, iqtisadi parçalanma ehtimalı olduqca aşağıdır. Barak Obamanın Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının təşviqi üçün aprel ayında Avropaya səfər etməsi gözlənilir. Hər iki istiqamətdə qoyulan birbaşa investisiya iqtisadiyyatları bir arada tutmağa kömək edir. Amerika və Avropa əsrlərlə bir-birlərinə qarşı mübarizə aparmış olsalar da, onlar dünyanın başqa heç bir regionu ilə olmadığı qədər bir-birlərilə demokratiya və insan hüquqları kimi dəyərləri bölüşürlər. Nə güclü ABŞ, nə də güclü Avropa digərinin maraqlarına qarşı təhlükə təşkil edir. 2016-cı ildə zəifləyən Avropa isə hər iki tərəfə zərər verə bilər.