TDT-yə üzv dövlətlərin televiziya kanallarının biri-birinin ərazisində yayımlanması təklif edilir Hadisə

TDT-yə üzv dövlətlərin televiziya kanallarının biri-birinin ərazisində yayımlanması təklif edilir

"Bu gün real nəticələr verən müştərək təşəbbüslərə fokuslanmaq vacibdir".

APA xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantında çıxışı zamanı deyib.

Kanat İskakov müştərək təşəbbüslərə misal olaraq TDT-yə üzv dövlətlərin televiziya kanallarının biri-birinin ərazisində yayımlanmasını, dövlətlərin tarixini, mədəniyyətini, turizm və investisiya potensialını təbliğ edən bədii, sənədli filmlərin istehsalını, uşaqlar üçün kontentləri, süni intellektin istifadə etikası, məlumatların qorunması və manipulyasiyaya qarşı mübarizə üzrə birgə tövsiyələr hazırlanmasını göstərib.

"Bütün təşəbbüsləri həyata keçirsək, əməkdaşlığımızı və fəaliyyətimizi yeni səviyyəyə qaldıracağıq və düşünürəm ki, bunun üçün böyük potensialımız var", - nazir müavini qeyd edib.