Böhran MDB-ni də vurdu Dünya

Böhran MDB-ni də vurdu

Qurumda struktur islahatlarının aparılması planlaşdırılır

Sentyabrın 16-da Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının yubiley iclası keçiriləcək. BELTA agentliyinin verdiyi xəbərə görə, iclasda MDB-də islahatlar barədə qərar qəbul ediləcək. Bu barədə Minskdə jurnalistlərə Birliyin nizamnamə və digər orqanları yanında Qırğızıstanın səlahiyyətli daimi nümayəndəsi, Qırğızıstanın Belarusdakı səfiri Kubanıçbek Omuraliyev məlumat verib.
Diplomat qeyd edib ki, MDB bir beynəlxalq təşkilat kimi formalaşıb və fəaliyyətini davam etdirəcək. Bununla bərabər, MDB-də müəyyən transformasiyaya ehtiyac yaranıb. "Nizamnamə orqanları və sahəvi qurumlarla bağlı ayrı-ayrı məqamları yenidən nəzərdən keçirmək lazımdır. Bu proses hər bir təşkilatda baş verir – istər ATƏT olsun, istər BMT yaxud Avropa İttifaqı. MDB-nin yaradılmasından 25 il keçir. Onun strukturunun optimallaşdırılması məsələlərini nəzərdən keçirməyə ehtiyac yaranıb. Lakin bu, sadəcə ixtisar olmayacaq. İndi təhlil aparılır. İcraiyyə Komitəsi bu məsələ üzərində işləyir. Sentyabrın 16-da dövlət başçıları Bişkek görüşündə qərar qəbul edəcəklər", - deyən K.Omuraliyev daha sonra bildirib ki, söhbət əsaslı dəyişikliklərdən getmir. Hazırda MDB-də 70-ə yaxın nizamnamə orqanı və sahəvi orqan fəaliyyət göstərir. Optimallaşdırma məhz bu və ya digər funksiyaların icrasında təkrarlanma hallarının aradan qaldırılması üçün lazımdır. Səfir deyib: "Bunun sayəsində maliyyə xərcləri azalacaq, işin səmərəsi artacaq".