Rusiya Krımı Ukraynaya qaytaracaqmı? Dünya

Rusiya Krımı Ukraynaya qaytaracaqmı?

Köhnə dünyanı bərpa etməyə çalışan Rusiyanın niyyətləri Timoşenkonun ümidlərini alt-üst edir

Cavid

Ukraynanın sabiq baş naziri Timoşenko mətbuata verdiyi açıqlamasında bildirib ki, Rusiya Qərbin sanksiyaları qarşısında duruş gətirə bilməyərək Krımı Ukraynaya qaytaracaq. Onun fikrincə, bundan sonra Ukrayna ilə Rusiya arasında hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilər.
Qərb isə hələ də Ukraynanın müdafiəsində qətiyyətli mövqe nümayiş etdirə bilmir, sadəcə rəsmi Moskvanı iqtisadi sanksiyalarla hədələyir. Bu hədələr isə Putin hakimiyyətini qorxutmur. Bu halda Rusiya Krımı Ukraynaya necə qaytara bilər?
Politoloq Ərəstun Baxşəliyev hesab etmir ki, Rusiya Krım məsələsində əks istiqamətdə addım atsın: "Hətta olsa belə bu tamam başqa bir formada - Avrasiya İttifaqı adlı bir blokda müəyyən şərtlər və çıxarışlar daxilində yer ala bilər. Rusiya nəinki geri çəkilməyi düşünmür, hətta Gürcüstanı tam işğal etmək niyyətindədir. Çünki Azərbaycanın Qərbə yeganə çıxış qapısı Gürcüstandır. Məhz bunun üçün Qərb durmadan addımlar atmağa başlayıb. Rusiyaya qarşı sanksiyalar, ardınca Ukraynaya verilən vədlərin yerinə yetirilməsi və NATO-nun sözün əsl mənasında hərəkətə keçməsi bu narahatlıqlardan qaynaqlanır. Yaxın gələcəkdə Ukrayna ərazisinə HATO hərbi birləşmələrinin daxil olması ehtimalı da bu qəbildəndir. Bütün bunlar isə bir daha onu göstərir ki, bu xəmir hələ çox su aparacaq. Bu bir faktdır ki, Rusiya öz addımlarında iddialıdır. Və qarşıya qoyduğu planlarından bir addım belə olsun geri çəkilməyi düşünmür. Çünki rəsmi Moskva Krımı ilhaq etməsəydi belə, regionda söz sahibliyini itirə biləcəyinin fərqində idi. Əslində bununla Putin bir daha Qərbə nümayiş etdirdi ki, o dünyada birqütblü deyil, o, ikiqütblülüyün tərəfdarıdır və o heç vəchlə Rusiyanın heçə alınmasına izn verməyəcək".
Politoloqun sözlərinə görə, Rusiyanın bu addımı təbii olaraq digər postsovet ölkələrinə də təşviş yaradıb: "Təsadüfi deyil ki, təkcə Azərbaycan mediasında gündəmi tutan məlumatlar bu təşvişin hansı səviyyədə olmasından xəbər verir. Krımın yenidən Ukraynaya qaytarılacağına inam olduqca azdır və heç düşünməyə də dəyməz ki, bu addım nə zamansa atılsın. Bu yalnız Putinsiz Rusiyada hakimiyyətə Yeltsin kimi bir səriştəsizin gəlişindən sonra mümkün ola bilər. Hərçənd ki, Yeltsinin özünü də səriştəsiz adlandırmaq çətindir. Mövcud durum Qərbin özünü belə təşviş içində saxlamaqdadır. Ən azından ona görə ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsəslədə hələ də yekdil bir qərara imza atılmayıb və bu sual indi Qərb rəsmilərini daha çox düşündürməkdədir".
Ərəstun Baxşəliyevin fikiincə, Qərb indi ona çalışır ki, Rusiyanın daha aqressiv addımlar atmasının qarşısı alınsın.
Məncə, Qərbin bundan sonra müəyyən bir zaman çərçivəsi daxilində assossiativ saziş təşəbbüsü ilə çıxış etməsi gözlənilmir. Çünki Rusiyanın kifayət dərəcədə neytrallaşdırmadan ikinci belə bir bu addımın atılması, yeni Krım hadisələrinin təkrarlanma ehtimalını artırır".
Politoloqun fikrincə, Qərbin ardıcıl xəbərdarlıqları, Rusiyaya qarşı sanksiyalar, ardınca Ukraynaya verilən vədlərin yerinə yetirilməsi və NATO-nun Şərqi Avropada hərəkətə keçməsi yaxın gələcəkdə Ukrayna ərazisinə Qərb hərbi kontingentinin yerləşdirilməsi ehtimalını da artırır.
Ekspert Tərlan Həsənovun da fikrincə, Rusiya heç vaxt Krımı geri qaytarmayacaq: "Ukrayna ixtilafı ortaya çıxandan, daha dəqiqi, Krım Rusiyaya birləşdirildikdən sonra Qərb rəsmi Kiyevi meydanda tək qoydu. Bir ara ABŞ başda olmaqla bir sıra Qərb dövlətləri Rusiya ilə əlaqələrini dayandırdı. HATO da belə bir addım atdı, rəsmi Moskvanı sanksiyalarla hədələdi. Amma bu hədələr Rusiyanı imperialist siyasətindən çəkindirmir. Ukrayna daxilində separatçı qüvvələr Moskvanın göstərişilə qarşıdurmanı gücləndirirlər. Putin özü bu yaxınlarda etiraf edib ki, onun layihələri həyata vəsiqə alacaq və hətta düşündüyündən də artıq geniş sferanı əhatələyəcək. Bu Ukraynanı müdafiə etməyə cəhd göstərən Qərbə bir mesajdır. Putin heç vaxt Qərbin sanksiyalarından qorxub Krımı geri qaytarmaz, bu prosesin baş verməsi Putinin Qərb qarşısından geri çəkilməsi demək oalacaq. Əksinə Putin Ukraynanın digər şəhərlərini də özünə birləşdirmək niyyətindədir. Putin Ukraynadan qisas alır, bu qisas həm də ABŞ və hətta HATO-ya meydan oxumaqdır. Düzdür, indi məlumat gəzir ki, ABŞ Qara dəniz hövzəsinə öz gəmilərini göndərir. Hə olsun? ABŞ Rusiya ilə açıqca müharibə etmək niyyətində deyil. Bu onun maraqlarına ziddir. Amma sadəcə hədə-qorxu gəlir".
Ekspert Hail Cəlil isə bildirib ki, Putin Gömrük İttifaqı və Avrasiya Birliyi layihələrini həyata keçirmək üçün MDB-nin istənilən müstəqil respublikasında qarşıdurma yarada bilər: "Təki Putin öz imperialist maraqlarını ödəsin. Ukrayna ilk qurban oldu. Kreml Ukraynanı parçalamaqla MDB-nin digər müstəqil respublikalarına mesaj verdi ki, onun maraqlarına qarşı çıxılarsa aqibətləri belə ola bilər. Artıq Orta və Mərkəzi Asiya ölkələri təşviş içindədirlər. Cənubi Qafqazda isə Putinin imperialist siyasəti davam etdiyindən bizim üçün artıq təhlükə adi haldır. Qərb 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzünün qarşını almadı, susdu. Ukrayna məsələsində də belə olacaq. Ona görə də, heç kim ümid etməsin ki, Rusiya nə vaxtsa və hansısa maraqlar naminə Krımı geri qaytaracaq. Putin bir şərtlə Krımı geri qaytara bilər ki, Ukrayna bütünlüklə de-fakto Rusiyanın nəzarətinə keçsin. Rusiyanın gücü onun subyektlərindədir. Bu subyektlər öz haqlarını tələb etsələr, Krım kimi referendum keçirib Rusiyadan ayrılsalar, heç olmasa biri, onda Putinini imperiyasına son qoyula bilər. Bunun üçün isə həmin subyektlərdə əhalini Putinin hakimiyyətinə qarşı qaldırmaq lazımdır. Hecə ki, Putin bu prosesi Ukraynada həyata keçirdi. Yoxsa Qərbin hansısa hədəsi Putini geri addım atmağa məcbur etməyəcək".
Politoloq Elşən Həsənov isə bildirib ki, Rusiya Ukraynanı həm işğal edəcək, həm də işğal etmədiyi ərazilərdə ona iqtisadi sanksiyalar tətbiq edəcək: "Qərb isə Ukraynanı iqtisadi sanksiyalardan qoruya bilməyəcək. Ukraynaya müəyyən qədər maliyyə yardımı ayıracaq, amma bu sona qədər davam etməyəcək. Ukrayna hazırda prezident seçkiləri ərəfəsindədir. Hələ bilinmir ki, bu dövlətin başında kim olacaq. Bəlkə də elə prezident olacaq şəxs Rusiyanın adamıdır. Hələ bilmək olmaz. Parçalanmış Ukrayna isə Qərbin özünə də lazım olmayacaq. Ona görə də Putini susdurmaq, onun işğalçılıq siyasətindən çəkindirmək üçün HATO BMT-dən mandat alaraq qoşunlarını Ukraynaya daxil etməlidir. Rusiya HATO ilə üz-üzə qalarsa bəlkə Putin Ukrayna məsələsində yumşaldı. Əks təqdirdə nəinki Krım geri qaytarılacaq, əksinə ölkənin qalan ərazilərinin bir hissəsi də müstəqilliklərini elan edəcəklər".
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri deyib ki, Rusiya Ukraynaya müdaxiləsindən əl çəkməsə, ona qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq olunacaq.
ABŞ Senatında çıxış edən baş katib, Rusiya tərəfdarı olan nümayişçilərin Ukraynanın Xarkov və Donetskdəki yerli idarəetmə binalarına hərbi müdaxiləsinin zorakı bir vasitə olduğunu söyləyib: "Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməsə, o zaman Rusiyanın enerji, bank və mədənçilik sektorlarını hədəf alan yeni, sərt sanksiyalar tətbiq ediləcək".
ABŞ-ın dövlət katibi həmçinin qeyd edib ki, gələn həftə Avropada rus həmkarı Sergey Lavrov və ukraynalı səlahiyyətlilərlə görüşəcək: "Rusiya beynəlxalq aləmin fikirləri ilə razılaşmalıdır".
"Avropa Birliyi Rusiya Federasiyası ilə münasibətləri barədə yenidən düşünməlidir". Bu sözləri isə Avropa Birliyi Şurasının sədri Herman Van Rompey deyib.
Onun sözlərinə görə, Krımdakı hadisələrdən sonra Avropa Rusiyadan qaz asılılığını azaltmalı, azad ticarət və investisiyalara dair transatlantik müqavilə (ABŞ-la) imzalamalıdır.
Rusiyanın qazdan siyasi alət kimi istifadə etdiyini dilə gətirən Rompey vurğulayıb ki, Avropa Birliyi son onillikdə Rusiya ilə münasibətlərin inkişafına çoxlu sərmayə qoyub: "Biz onunla yeni müqavilə imzalamağa hazır idik. Təəssüf ki, Rusiyanın başqa məqsədləri var imiş və o, köhnə dünyanı bərpa etməyə çalışır. Lakin keçmiş heç vaxt qayıtmır".