Qazaxıstan Rusiya təhlükəsinə qarşı tədbirlər görür Dünya

Qazaxıstan Rusiya təhlükəsinə qarşı tədbirlər görür

Hökumət ölkədə separatçı fəaliyyətə görə cəzaları sərtləşdirməyə hazırlaşır

Gömrük Birliyinin təsisçilərindən və Avrasiya Birliyi ideyasının dəstəkçilərindən olan Qazaxıstan da artıq Rusiyanın təcavüzkar planlarından narahat olmağa başlayıb. Qazaxıstan hökuməti ölkədə separatçı fəaliyyətə görə cəzaları sərtləşdirməyə hazırlaşır.
Qazaxıstanın Baş Prokurorluğu açıqladığı məlumata görə, hazırda yeni Cinayət Məcəlləsi üzərində iş gedir və bu məsələ yeni məcəllədə öz əksini tapacaq. Xüsusilə, "Qazaxıstan Respublikasının ərazi bütövlüyünün qanunsuz və qeyri-konstitusion yolla dəyişdirilməsinə" çağırışlara görə 7 ilədək həbs cəzası nəzərdə tutulur. Əgər bu kimi təbliğat vəzifəli şəxslər tərəfindən aparılarsa, o zaman 10 il azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, separatçılıq fəaliyyəti yalnız cərimə və ya 5 ilədək həbslə cəzalandırılır.
Məlumat üçün bildirək ki, bu yaxınlarda Ukrayna Ali Radası da separatçılığa görə cinayət məsuliyyətini sərtləşdirib. Yeni qanuna görə, ölkənin konstitusion quruluşunu zor gücünə dəyişdirməyə yönəlmiş fəaliyyətlər, eləcə də dövlət hakimiyyəti orqanlarını ələ keçirmək əmlakı müsadirə olunmaqla 15 ilədək həbs cəzası nəzərdə tutur.
Xatırladaq ki, srağagün Rusiya Federasiyasına daxil olan Xakasiya Respublikasının Ali Sovetinin sədri Vladimir Ştıqaşev Ali Sovetin Rəyasət Heyətinin iclasında Qazaxıstanın beş vilayətinin Rusiyaya məxsus olduğunu demişdi. Vladimir Ştıqaşev iclasda söyləyib: "Şərqi Qazaxıstan vilayəti və filizli Altay həmişə Rusiyanın tərkibində olub. Qazaxıstanın ərazisi kiçik olub, İşim vilayətinin (Omsk vilayətinin) bir hissəsini ona vermək qərara alınıb. Verdilər və Karaqanda şəhərini saldılar. Bütünlükdə, biz Qazaxıstana beş vilayət verdik və bundan sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası muxtariyyətdən çıxarılaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi. Bu ərazini xırda pul kimi verdilər".
Bu açıqlama Qazaxıstan ictimaiyyətində ciddi narahatlıq və haqlı etiraz doğurub. Qazax ictimai xadim Muxtar Şaxanov bəyan edib ki, "Qazaxıstan Ukrayna deyil və lazım olsa, xalq qalxacaq".

TURQUT