İran Avropanı qazlaşdıracaq Dünya

İran Avropanı qazlaşdıracaq

Rəsmi Tehran bununla Qərbin təzyiq və sanksiyalarını neytrallaşdırmağa ümid edir

Cavid

İran dünya qaz bazarında öz rolunu artırmaq niyyətindədir, lakin o, Rusiyaya rəqib olmaq istəmir. İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Reza Nemətzadə bu barədə Almaniyada nəşr olunan "Handelsblatt" qəzetinə müsahibəsində məlumat verib.
"Biz gələcəkdə dünya qaz bazarında daha böyük rol oynamaq istəyirik. Bu gün İran dünyada ən böyük təbii qaz ehtiyatlarına malik ölkədir. Hazırda biz qaz kəməri tikintisi üzrə böyük bir layihə üzərində işləyirik. Həmin kəmər vasitəsilə "mavi yanacaq" İranın cənubundan şimal-qərb istiqamətində Türkiyə sərhədlərinə nəql ediləcəkdir. Oradan enerji daşıyıcısını Qərb ölkələrinə ixrac edə bilərdik", - deyə İran rəsmisi bildirib.
Nazir xatırladıb ki, Tehran İsveçrənin və İspaniyanın müəssisələri ilə, habelə "Shell" şirkəti ilə müqavilələr bağlamış, lakin beynəlxalq sanksiyalar ucbatından həmin müqavilələri reallaşdırmaq mümkün olmayıb.
Reza Nemətzadə deyib: "Biz Rusiyaya rəqib olmaq istəmirik. Bilirik ki, avropalıların qaza tələbatı get-gedə artır, buna görə biz bazarda öz payımızı almaq istəyirik. İran İslam Respublikası Avropanın etibarlı və uzunmüddətli tərəfdaşı ola bilər. Bizim enerji daşıyıcısı ehtiyatlarımız və əməkdaşlıq barədə planlarımız vardır".
Qeyd edək ki, İran təbii qaz hasilatı üzrə dünyanın aparıcı ölkələrindən biridir. 2016-cı ildə bu ölkədə gündəlik neft hasilatının həcmi 1,2 milyard kubmetrə çatdırılacaqdır.
İranda qaz ehtiyatlarının sübut edilmiş ümumi həcmi təxminən 33,6 trilyon kubmetrə bərabərdir. Bu göstərici üzrə ölkə dünyada birinci yeri tutur.
İrana qarşı sanksiyalar ucbatından o, uzun müddət yanacaq üçün satış bazarları tapa bilməyib. Buna görə Tehran qaz anbarları inşa etməyə məcbur olub. Artıq hər birinin tutumu 1,2 milyard kubmetr və 4,6 milyard kubmetr olan obyektlər istifadəyə verilib.
Hələ bu yaxınlarda Rusiya Avropaya qaz təchizatını dayandıranda, İran özünü Qərb üçün potensial alternativ təchizatçı kimi göstərməyə çalışırdı. Və bunula da, Qərb təhlilçilərinə görə, Tehran, öz nüvə fəaliyyətilə bağlı diplomatik danışıqlarda mövqeyini möhkəmlətmək istəyirdi.
İndi həm Vaşinqtonda, həm də Avropa paytaxtlarında sual edirlər ki, dara düşəndə İrandan qaz almağa dəyərmi?
Nüfuzlu "İnternational Herald Tribune" qəzetinin yazarı Əndris Kala "Təcrid olunmuş İran Avropaya təbii qaz təchizatı təklif edir" adlı məqaləsində yazır ki, İran tarixən özünün qaz təchizatçısı kimi potensialından siyasi alət kimi istifadə etməyə çalışıb.
"İranın yerində mən də olsaydım qaz amilindən kart kimi istifadə edərdim" - deyə Avropa ittifaqının enerji məsələləri üzrə komissarının sözçüsü Feran Taradellos bu yaxınlarda bildirib.
Lakin o işarə edib ki, Tehranın nə istəməsi Avropanın mövqeyini dəyişə bilməz, belə ki, İran qazı necə deyərlər, Avropanın dərdinə məlhəm deyil?
Qəzet yazır ki, əgər günlərin bir günü İran ətrafındakı beynəlxalq mübahisələr, məsələn uranın zənginləşdirilməsi məsələsi həll olunarsa, onda əlbəttə ki bu ölkə ilə əməkdaşlıq istisna olunmur. Lakin belə bir gün gələməyə də bilər.
"Beləliklə də, Moskvadan qaz asılılığını azaltmaq Avropa üçün bir nömrəli problem olaraq qalır" - deyə "İnternational Herald Tribune" qeyd edir.
Bu problemin həllində isə dəyəri 10.3 milyard dollar olan Nabukko boru kəmərinin kömək edəcəyi söylənilirdi.
Bir müddət öncə Böyük Britaniyanın BP şirkəti açıqlama yaymışdı ki, Avropada İranın da payı olan yeganə təbii qaz yatağından "mavi yanacaq" hasilatına başlanıla bilər.
Bununla bağlı Şirkətdən "Ram" qaz yatağından "mavi yanacaq" hasilatına 6-9 ay sonra başlanmasının planlaşdırıldığı bildirilib.
Böyük Britaniyanın Energetika Nazirliyi Şimal dənizində, Şotlandiyanın şimal sahilindən 370 kilometr məsafədə yerləşən və BP şirkəti ilə İran Milli Neft Şirkətinin hər birinin 50%-lik paya malik olduğu "Ram" qaz yatağından "mavi yanacaq" hasilatına qoyulmuş qadağanı aradan qaldırdığını açıqlayıb. Ancaq rəsmi London İranın enerji sektoruna tətbiq edilmiş sanksiyalar öz qüvvəsində qaldığından, həmin yataqdan təbii qaz hasilatı nəticəsində hər hansı gəlir əldə olunacağı təqdirdə, İran Milli Neft Şirkətinin Böyük Britaniyadakı bank hesabına köçürüləcəyini, lakin bu hesabdan istifadə edilməsinin mümkün olmayacağını bildirib.
Onu da qeyd edək ki, Avropa Birliyi 2010-cu ilin oktyabrında İran şirkətlərinə, xüsusilə İran Milli Neft Şirkətinə qarşı sanksiya tətbiq etməsi səbəbindən böyük qaz yatağı qapadılıb. Yataqdan təbii qaz hasilatına isə 2005-ci ilin dekabrında başlanılıb. Bu yataqdan hasil olunan "mavi yanacaq" Böyük Britaniya ərazisində çıxarılan təbii qazın təxminən 4%-ni təşkil edib.
Onu da vurğulayaq ki, İran təbii qazını Avropa bazarlarına çıxarmaq üçün Türkiyədən tranzit ölkə kimi istifadə edəcək.
Artıq Türkiyə tərəfi buna razılıq verib. Türkiyə bunun müqabilində isə başqa ölkəyə satmamaq şərtilə İrandan Türkmənistan qazı alacaq. İran qazını Türkiyə vasitəsilə Avropaya nəql edəcək qaz boru xəttinin çəkilməsi isə "Turanq" şirkətinə həvalə olunub. Eyni zamanda sözügedən qaz boru xəttinin inşaat işinin sürətləndirilməsi məqsədilə "Turanq"a 11,5 milyard lirə ödənilib. Bundan başqa, "Turanq" bütün növ vergilərdən azad edilib. Onun sığortası da dövlət vəsaiti hesabına həyata keçirilib. "Turanq" şirkəti artıq ona həvalə olunan işin icrasına başlayıb. İran həmçinin "Turanq"ın əsas ortağı SOM Neft şirkəti ilə də razılıq əldə edib. Mütəxəssislər isə hesab edirlər ki, həm İran qazını Avropaya nəql edəcək boru xəttinin, həm də Türkmənistan qazını Türkiyəyə nəql edəcək boru xəttinin çəkilməsi işinə eyni vaxtda başlanılmalıdır. Onlar hesab edirlər ki, əks halda, bu işdən İran tərəfi daha çox qazanclı çıxacaq.
Ümumilikdə uzunluğu 5 min km olması nəzərdə tutulan boru xətti İranın Bazargan şəhərindən başlayıb, Türkiyədən keçərək Yunanıstan və Almaniyaya qədər uzanacaq. Bu boru xəttinin 1720 km-i Türkiyə ərazisindən keçəcək. Sözügedən qaz boru xəttinin Türkiyədən keçəcək hissəsi Ağrı vilayətinin Doğubəyaz rayonundan başlayıb, Ərzurum, Ərzincan, Ankara, Bursa, Ədirnədən keçərək, Yunanıstana uzanacaq. Bu qaz boru xəttinin ötürücülük gücü isə ildə 35 milyard kubmetr olacaq.
Məlumat üçün bildirək ki, Türkiyəni İran təbii qazının Avropaya nəql edilməsində tranzit ölkə olmasına təsir edən əsas amil Türkmənistan qazından istifadə etmək istəyidir. Bununla bağlı hər iki ölkə arasında bağlanan müqavilədə bildirilir ki, İran tərəfi Türkmənistan təbii qazının İran vasitəsilə Türkiyəyə nəql olunmasına icazə verilməsi barədə Türkiyəyə rəsmi sənəd təqdim etmədiyi təqdirdə, bu boru xətti çəkilə bilməz. Onu da qeyd edək ki, Türkiyə ilə İran arasında bağlanan bu müqavilədə Türkiyənin tranzit ölkə olaraq İrandan nə qədər pul alacağı göstərilməyib. Müqavilədə sadəcə bildirilir ki, Türkiyə sözügedən qaz boru xəttinin inşaatı işinə mane olmayacaq. Bu qaz boru xətti işə başlayandan sonra isə Türkiyə tranzit ölkə kimi İrandan pul alacaq. Mütəxəssislər isə hesab edirlər ki, Türkiyənin bu məsələ ilə bağlı İrana etdiyi güzəştin eynisini İran tərəfi də Türkiyə üçün etməlidir. Onlar qeyd edirlər ki, İranın Türkmənistan qazını Türkiyəyə çatdırılmasındakı vasitəçiliyi İran qazının Avropaya çatdırılmasına Türkiyənin vasitəçiliyi ilə eyni əhəmiyyət kəsb etmir. Bu məsələ ilə bağlı Türkiyənin Enerji Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, İran Dövlət Şirkəti - OİL İndustry İnvestment Company (OİİC) tərəfindən satın alınan Türkmənistan təbii qazı onların İranla birlikdə müəyyən edəcəyi İran - Türkmənistan sərhədindən alınıb və Türkiyə - İran sərhədindən keçərək, Türkiyəyə ötürüləcək. Bununla bağlı İran Neft Nazirliyinin nümayəndəsi J.Ovji 2012-ci il yanvarın 2-də sənəd imzalayıb. Bu sənədlə yanaşı, "Turanq" şirkətinin əsas ortağı SOM Neft Şirkəti ilə imzalanan qarşılıqlı razılıq müqaviləsi də 16 yanvar 2012-ci ildə Türkiyə tərəfə təqdim edilib.
Politoloq Elşən Həsənovun fikrincə, Qərblə İran arasında qarşıdurma, Avropanın rəsmi Tehrana sanksiyaları onun nüvə silahına yiyələnmək cəhdlərilə bağlıdırsa, o zaman çətin ki, Avropa Birliyi İranın qaz təklifini qəbul etsin: "Əgər İran nüvə silahını əldə etmək niyyətindən geri çəkilməyibsə Qərblə necə əməkdaşlıq edəcək? İran prezidenti rəsmi Tehranın "altılıq"la danışıqlarını müsbət dəyərləndirərək bu niyyətindən əl çəkəcəyini bildirmişdi. İranın ali dini ruhani lideri isə Qərbə və ABŞ-a meydan oxudu. Güman etmirəm ki, Avropa İranın qaz təklifini qəbul etsin. Bu təklifi qəbul edərsə deməli, rəsmi Tehranın ayaq üstü dayanmasına təkan verəcək".