Ermənilər İranda Türkiyə əleyhinə aksiya keçiriblər Dünya

Ermənilər İranda Türkiyə əleyhinə aksiya keçiriblər

İranda Türkiyə əleyhinə daha bir etiraz aksiya keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, aprelin 16-da İran vətəndaşı olan ermənilər BMT-nın Tehrandakı ofisinin binasının qarşısına toplaşıb.
Aksiyada Türkiyə hökumətinin Suriya siyasəti pislənilib, rəsmi Ankaradan bu məsələ ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi istənilib.
Onlar Türkiyə-Suriya sərhədində yerləşən Kəsəb bölgəsində "ən-Nüsra" üzvlərinin erməni kəndinə həyata keçirdikləri hücumu da qınayıb, rəsmi Ankaradan terrorçuları silah-sursatla təmin etməyi dayandırmağı tələb ediblər.
Nümayişçilər BMT və digər beynəlxalq təşkilatlardan Türkiyənin Suriyada müharibə alovunu körükləyən cəhdlərinin qarşısının alınması bu ölkəyə təzyiq göstərməsini istəyiblər.
Aksiya bəyanatın oxunması və qətnamənin BMT-nin Tehrandakı ofisinə təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, bir qrup erməni aprelin 15-də də İranın İsfahan şəhərində Türkiyə əleyhinə aksiya keçirib.
Aprelin 24-də də ermənilər "Erməni soyqırımı-insanlığa qarşı cinayət" şüarı altında Türkiyə əleyhinə mitinq keçirməyə hazırlaşırlar. Amma bu dəfə Moskvada.
Ermənistan mətbuatının məlumatına görə, mitinq iştirakçıları Türkiyədən "erməni soyqırımı"nı tanımağı tələb edəcəklər.
Aksiyada Rusiya Dövlət Duması fraksiyalarının nümayəndələri, politoloqlar və milli diaspor təmsilçiləri çıxış edəcək.
Mitinqin keçirilməsi Moskva meriyası ilə razılaşdırılıb.