Rusiya və Türkiyəyə təhlükə eyni yerdən gəlir Dünya

Rusiya və Türkiyəyə təhlükə eyni yerdən gəlir

Suriya müxalifəti ilə hökuməti arasında danışıqlar Astanada keçiriləcək

Rusiya, İran və Türkiyə Suriya ilə bağlı müəyyən razılığa gəlsələr də, Amerika və Qərbin iştirakı olmadan bu konsensusu uzun müddət təmin etmək mümkün olmayacaq.
Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Moskva görüşünün ardınca Suriya ilə bağlı Astana sammitini keçirməklə Rusiya hadisələrə bir növ sərəncam verir:
"ABŞ və ərəb ölkələri bu prosesdən uzaq tutulur, xüsusilə də Səudiyyə, Qətər, Əlcəzair Suriya məsələsinə yaxın buraxılmır. Üstəlik, ABŞ və onun təşkil etdiyi 45 koalisiya dövləti də bu gün prosesdə iştirak etmir. Rusiya Suriya məsələsini Türkiyə və İranın iştirakı ilə həll etməyə çalışır. Bu həll variantının yekun nəticə kimi dünya tərəfindən qəbul ediləcəyi birmənalı deyil. Çünki ABŞ və Qərb olmadan qəbul edilən qərarların təsir gücü o qədər də yüksək olmayacaq. Bu nöqteyi-nəzərdən Rusiya, İran və Türkiyə Suriyada müəyyən konsensusa gəlsə də, bu, uzunmüddətli olmayacaq".
Politoloqun fikrincə, Astana sammitində hansı qərar qəbul edilirsə-edilsin, bu, Suriya məsələsinin həllində son konsensus sayıla bilməz:
"Bu məsələyə beynəlxalq təşkilatlar, BMT-nin də müdaxiləsi lazımdır, böhranın həllinə Amerika və onun NATO üzrə müttəfiqləri "hə" deməlidirlər. Yəni Suriyada müəyyən bir mərhələ başa çatsa və Əsəd rejimi Suriyanın böyük bir hissəsində öz suverenliyini təmin etsə də, İdlib, Əl Bab və başqa bölgələr İŞİD və digər terrorçu qüvvələrin təsiri altındadır. Ona görə də Astana sammiti hələ problemin tam həlli anlamına gəlmir. Suriya ətrafında mübahisələr, hətta ola bilsin, hərbi toqquşmalar davam edəcək".
Rəsmi Astana isə tərəflərin bu təklifini dəstəkləyib.
Politoloq İlqar Vəlizadə isə deyib ki, Astana sammiti Suriya problemi ilə bağlı Moskvada baş tutan görüşün davamıdır.
Ekspertin sözlərinə görə, Astana sammiti Suriya ilə bağlı Rusiya və Türkiyə arasında fikir ayrılığına gətirib çıxaran səbəbləri aradan qaldırmaq və yeni bir situasiya yaratmaq baxımından mühüm rol oynaya bilər:
"Rusiya və Türkiyənin Suriya ilə bağlı maraqları toqquşur. Bundan öncə Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə baş tutan Moskva görüşü də məhz buna hesablanmışdı. Astana sammiti də Suriya problemi ilə bağlı Moskvada baş tutan görüşün davamıdır. Əsas məqsəd tərəflərin bu vəziyyətdən maksimum itkisiz çıxmasından ibarətdir. Əsas ziddiyyətlərdən biri PYD ilə bağlıdır. Çox güman ki, Astanada tərəflər əsas danışıqları məhz PYD ətrafında aparacaqlar. İŞİD-lə bağlı fikirlər tam üst-üstə düşsə də, PYD məsələsində problemlər yaşanır.
Tərəflər təhlükəsizliklə bağlı da hansısa bir düstur tapmağa çalışacaqlar. Çünki son təyyarə hadisəsi göstərir ki, həm Rusiya, həm də Türkiyə üçün təhlükə eyni yerdən gəlir. Bununla bağlı hansısa mexanizm haqqında fikir mübadiləsi istisna edilmir".
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya böhranının həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul ediblər. Həmçinin Rusiya və Türkiyə prezidentləri Suriya müxalifəti ilə hökuməti arasında danışıqların Astanada keçirilməsi barədə razılaşıblar.