Ermənistan yenə də çıxılmaz vəziyyətdədir Dünya

Ermənistan yenə də çıxılmaz vəziyyətdədir

İrəvanın Qarabağa görə Gömrük İttifaqına üzv olmasında problem yaranıb

Cavid

Ermənistanın MDB Gömrük İttifaqına üzvlüyü ilə bağlı prosedur yubanır. Minskdə Gömrük İttifaqına daxil olan ölkələrin ali orqanı olan Avrasiya İqtisadi Şurasının toplantısında Ermənistanın quruma daxil olmaq barədə sənədin imzalanacağı gözlənilsə də bu baş vermədi.
Ermənistanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən (bu ölkədə yeni hökumətin üzvləri hələ parlamentdə təsdiqlənməyib) Vaqram Avanesyan bildirib ki, onun günahı üzündən "doğru olmayan informasiya yayılıb". O deyib ki, ola bilsin, Ermənistan Gömrük İttifaqına daxil olmaq barədə sənədi imzalamayacaq və birbaşa Avrasiya İttifaqına daxil olmaq barədə müqaviləni imzalayacaq.
Qeyd edək ki, Minskdəki sammitdə Avrasiya İttifaqının təsis edilməsi barədə müzakirələr aparılıb. Hazırda Rusiya, Belarus və Qazaxıstan Avrasiya İttifaqının əsasını təşkil edəcək Avrasiya İqtisadi Birliyinin üzvləridir. Beləliklə, "yeni SSRİ" adlandırılan ittifaqın təsisçiləri də Rusiya, Belarus və Qazaxıstan olacaq. İttifaq rəsmən may ayında təsis olunmalıdır.
Əslində Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı sənədləri vaxtında razılaşdırmadığı üçün yeni ittifaqın təsisçisi ola bilməzdi. Belə ki, Ermənistan əvvəlcə Gömrük İttifaqının üzvü olmalıdır. Gözlənildiyi kimi Ermənistanın Gömrük İttifaqı ilə bağlı "yol xəritəsi"ində nə qədər irəli getdiyi araşdırılmadı, hansı sənədin hazırlanmalı olduğuna qərar verilmədi və onun imzalanması müddəti də müəyyən edilmədi.
Rusiya, Qazaxıstan və Belarus Avrasiya İttifaqını mayın sonlarında təsis etməyə hazırlaşır. Əgər həmin vaxta qədər Ermənistanın Gömrük İttifaqına üzvlüyü rəsmiləşməsə, o zaman Sərkisyan "yeni SSRİ"nin təsis sənədinə də imza ata bilməyəcək. Hansı ki, Ermənistanın Avrasiya İttifaqına təsisçi statusu ilə üzvlüyü ona gələcəkdə bu təşkilatda daha çox söz imkanı verə bilərdi.
V.Avanesyan demişdi ki, Ermənistanın əvvəlcə Gömrük İttifaqına üzv olub sonra Avrasiya İttifaqına qoşulması, yaxud birbaşa ikinci ittifaqa girməsi məsələsi Minsk toplantısında qərarlaşdırılacaq. Ancaq indi məlum olur ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı ciddi problem var və bu problem ölkənin Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması ilə bağlıdır.
Ekspert Fərhad Məmmədovun qənaətincə, Türkdilli dövlətlər ittifaqında Azərbaycanın müttəfiqi və strateji tərəfdaşı olan Qazaxıstan Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı bir çox məsələlər qaldırıb: "Məsələn, Qazaxıstan bilmək istəyir ki, Ermənistan Gömrük İttifaqına üzv olandan sonra bu ölkənin işğalı altında olan Dağlıq Qarabağ da faktiki olaraq bu ittifaqa qoşulmuş olacaqmı? Axı Dağlıq Qarabağ faktiki olaraq işğal yoluyla Ermənistana birləşdirilib. Ermənistan bu suala hələ aydın cavab verə bilməyib".
Digər tərəfdən, Azərbaycanla yaxşı münasibətləri olan Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl demişdi ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır.
Bundan əlavə, Belarus prezidentinin Avrasiya İttifaqı ilə bağlı da ciddi etirazları var. Lukaşenko aprelin 22-də xalqa və parlamentə müraciətində deyib ki, Avrasiya İttifaqı haqda müqaviləni bir şərtlə imzalamağa hazırdır: qarşılıqlı ticarətdə bütün məhdudiyyətlər götürülsün. Yəni Lukaşenko daha çox Rusiyanın Belarusa satdığı neftdən gömrük rüsumlarının ləğvini istəyir.
"Bu sənədin imzalanması zamanı mən deyəcəm: əgər ədalətli prinsiplər əsasında ittifaq yaratmaq istəyiriksə, gəlin bütün məhdudiyyətləri götürək. Yox, əgər siz deyirsinizsə ki iqtisadi ittifaq barədə müqaviləni bağlayıb məhdudiyyətləri 15 il sonra götürəcəksiniz,- necə ki, bunu Putin də deyir,- o zaman biz də müqaviləni o vaxt imzalayacağıq" - deyə Lukaşenko bildirib.
Digər tərəfdən, Putin istəyir ki, Gömrük İttifaqındakı ortaqları onun Ukrayna ilə bağlı siyasətini şərtsiz dəstəkləsinlər. Ancaq Lukaşenko bunu etmək istəmir, eləcə də Nazarbayev Kremlin Ukraynaya qarşı siyasətinə açıq dəstək vermir. Bu isə Putini qane edə bilməz.
Lukaşenko deyir ki, əgər Putin Belarusun Rusiyaya sadiqliyini və Avrasiya İttifaqına üzvlüyünü görmək istəyirsə, bunun əvəzini ödəməlidir. Yəni neft və neft məhsullarına qoyulan rüsumları götürməlidir.
Amma sual yaranır: Rusiyanın Belarusa güclü təsir rıçaqlarının olduğu bir vaxtda Lukaşenkonun öz şərtlərini Putinə diqtə etməsi baş tutacaqmı?
Ermənistanın Gömrük İttifaqı (Gİ) və Vahid İqtisadi Məkana birləşməsi haqqında müqavilə layihəsi 1 iyun 2014-cü il tarixinə qədər hazırlanacaq. Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Viktor Xristenko bu barədə qərarın Avrasiya Ali İqtisadi Şurasının dünən Minskdə keçirilən iclasında qəbul edildiyini deyib.
Onun sözlərinə görə, sənəd Avrasiya Ali İqtisadi Şurasının 29 mayda Astanada keçiriləcək iclası üçün hazır olmalıdır.
Ermənistan iqtisadiyyat nazirinin müavini, Gİ-yə üzvlüyə hazırlıq üzrə işçi qrupunun rəhbəri Karine Minansyan da bildirmişdi ki, Ermənistanın quruma üzvlüyü ilə bağlı "Yol xəritəsi"ndə nəzərdə tutulan məsələlərin əksəriyyəti artıq həyata keçirilib. Nazir müavini qalan məsələlərin prezidentlərin görüşündə razılaşdırılacağını demişdi.
Gİ-yə üzv ölkələr Ermənistanın bu quruma üzvlüyü ilə bağlı "yol xəritəsi"ni ötən ilin dekabr ayında Avrasiya Ali İqtisadi Şurasının iclasında imzalayıblar. "Yol xəritəsi"ndə mübahisə doğuran və Ermənistanı da narahat edən əsas məsələ Gömrük Şurasının sərhədləridir. Bu, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqları arasında gömrük məntəqələrinin olub-olmaması ilə bağlıdır. Ekspertlər də hesab edir ki, "Yol xəritəsi"nin razlaşdırılmayan 15 bəndindən biri böyük ehtimalla Dağlıq Qarabağ məsələsidir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev sözügedən "Yol xəritəsi"nin imzalandığı iclasda sənədi xüsusi rəylə imzalayacaqlarını bildirmişdi: "Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük Şurasının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük Şurasının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə "yol xəritəsi"ni xüsusi rəylə imzalayacağıq".
Xatırladaq ki, Ermənistan Gömrük Şurasına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib.
Yeri gəlmişkən, Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov jurnalistlərə bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan Gömrük İttifaqına daxil olan ölkələrin prezidentlərindən xahiş edib ki, ölkəsinin bu ittifaqa qoşulmasına dair bütün sənədləri ratifikasiya üçün mümkün qədər tez təqdim etsinlər.
Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına girməsinə dair "yol xəritəsi" dekabrda təqdim olunacaq.
"Sərkisyan dövlət başçılarına müraciət edib ki, zəruri sənədlərin imzalanmasını ləngitməsinlər. Ermənistanla danışıqlar rahat gedir və Qırğızıstanla danışıqlardan fərqlənir. Ermənistan deyir ki, o, bütün razılaşmaları ratifikasiya etməyə hazırdır. Ermənistan ona bütün sənədləri ratifikasiya edib üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə başlamaq üçün cəmi bir neçə ay vaxt lazım olduğunu deyir" - deyə Şuvalov bildirib.
Sərkisyanın bu tələskənliyinin səbəbi Azərbaycanla bağlıdır. Belə fikirlər var ki, Azərbaycan Gömrük İttifaqına daxil olan Belarus və Qazaxıstan prezidentləri ilə Ermənistanın bu ittifaqa qoşulmasını ən azından ləngitmək üçün iş aparır.
Belarus prezidenti Aleksandr Lukaşenko Gömrük İttifaqının sammiti ərəfəsində demişdi ki, Azərbaycanın mövqeyi nəzərə alınmadan Ermənistan nə bu gün, nə sabah, nə o biri il ittifaqa üzv ola bilməyəcək.
Millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistan Rusiyanın əlaltısıdır və Gömrük İttifaqına qoşulmaqla bu "mövqeyi" bir qədər də möhkəmlənir.
Onun sözlərinə görə, burada faktiki olaraq İrəvanın Gömrük İttifaqına inteqrasiyasından söhbət getmir: "Bu sənədi imzalamaq o deməkdir ki, Ermənistan Avropaya yaxınlaşmağı yadından çıxartmalıdır".
Politoloq qeyd edib ki, Gömrük İttifaqı olmadan da Ermənistan Rusiya ilə, dünya ilə əlaqələrini saxlayır və ona "Qarabağla Gömrük İttifaqında sərhəd yarat" deyən yoxdur.
"Digər tərəfdən, Rusiyanın özünün də Abxaziya, Osetiya ilə belə problem var. Hec bir dövlət Qarabağı müstəqil dövlət kimi tanımır. Mahiyyətcə hamı gözəl anlayır ki, Ermənistan Gömrük İttifaqına daxil oldu olmadı, Qazaxıstanın, Belarusun bu ölkə ilə münasibətləri genişləndirməkdə nə marağı var, nə də buna zərurət var".
Ermənistan Gömrük İttifaqına daxil olarkən Dağlıq Qarabağın hansı şəkildə nəzərə alınmasına gəlincə, R.Musabəyov deyib ki, Qarabağ kiçik bir ərazidir və əhalisi heç 80 min nəfər deyil. Dünya ilə əlaqələri təkcə Ermənistan vasitəsilə həyata keçirilir: "Kimsə gəlib Dağlıq Qarabağda nə firma açacaq, nə də ordan Gömrük İttifaqına daxil olan ölkələrin ərazisinə nəsə daşınacaq. Yəni formal hansısa qaydalar müəyyənləşdirib görüntü üçün təqdim edə bilərlər, ancaq təkrar edirəm ki, reallıqda o amili sadəcə deməklə üstündən keçəcəklər".
Millət vəkili Ermənistanın Gömrük İttifaqı dövlətləri ilə sərhədinin olmadığını xatırladıb: "İmzalanma sadəcə olaraq Ermənistanın boynuna kəndiri bağlayıb, onun ucunu Rusiyanın əlinə verməkdir. Bundan artıq heç nə demək olmaz. Bu çərçivədə Qarabağ adı ilə nəsə istehsal olunub satışa çıxarılması qeyri-mümkündür. Çünki Qarabağı heç kim qəbul etmir. Dağlıq Qarabağın Gömrük İttifaqına heç bir aidiyyatı yoxdur. Ancaq qeyri-rəsmi olaraq Qarabağdakı ermənilərin hamısının cibində bir erməni pasportu da var. O erməni pasportu ilə dünyanı gəzirlərsə, Rusiyaya, Qazaxıstana da gələ bilərlər. Gömrük İttifaqı yaranandan sonra o baxımdan heç nə dəyişilmir. Rəsmən heç kim Qarabağı tanıyıb, ordakı qərarları nəzərə alası deyil".