Saakaşvilinin partiyası parçalandı Dünya

Saakaşvilinin partiyası parçalandı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" Partiyasının aparıcı üzvləri partiyadan çıxdıqlarını elan ediblər.
AzadlıqRadiosunun gürcü xidməti yanvarın 12-də parlamentdə Vahid Milli Hərəkatı təmsil edən 27 deputatdan 21-nin üzvlükdən imtina etdiyini yazır. Deputatlar yeni cəbhə yaradacaqlarını və bu cəbhənin hakim partiyaya qarşı daha əzmlə mübarizə aparacağını bildiriblər. Yeni qurumun adı hələ açıqlanmayıb.

Keçmiş spiker, ötən parlament seçkilərində partiyanın "üzü" hesab edilən David Bakradze hakim "Gürcü Arzusu" Partiyasıyla mübarizənin yeni mərhələsinin başladığını söyləyib. Paytaxt Tbilisinin keçmiş meri Gigi Ugulava isə partiyanın dağılmasına görə onun başçısı M.Saakaşvilini günahlandırıb, M.Saakaşvilinin daha liderlik edə bilmədiyini deyib: "Bunu söyləmək mənə ağırdır, amma M.Saakaşvili artıq əvvəlki şəxs deyil, xalqı 2002-ci ildə birləşdirmiş Saakashvili deyil… Biz gələcəyə baxmalıyıq".
Vahid Milli Hərəkatı tərk edənlər arasında Gürcüstanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Giga Bokeria, keçmiş xarici işlər naziri Davit Bokeria da var. "Eurasianet" saytı partiyanın başı ilə bədəni arasında parçalanma yarandığını yazır.
D.Bakradze ayrılığın ondan ötrü də çox ağır olduğunu etiraf edib, partiyanı tərk edənlər haqda danışarkən, "bu şəxslər Vahid Milli Hərəkatınəsas simalarıdır, onun əsasını qoyanlar, onun onurğası rolunu oynayanlardır" deyib.
Hazırda Ukraynada müxalif siyasətçi kimi fəaliyyət göstərən M.Saakaşvili olanlara Facebook səhifəsində cavab verib. O, partiyasını tərk edənlərin çox şey itirdiyini və onlardan ötrü darıxmayacaqlarını deyib. M.Saakaşvili partiyasının dağılmasında rəqibini, hakim partiyanın təsisçisi Bidzina Ivanishvili-ni günahlandırıb. Yanvarın 12-ni "Vahid Milli Hərəkat" Partiyasının "azadlığa və xalqa qayıdış" günü adlandırıb.
Onlayn müzakirələrdə Vahid Mili Hərəkat tərəfdarları da baş verənlərdə B.İvanişvilinin barmağı olduğunu deyirlər. B.Ivanishvili özü məsələyə münasibətini, hələ ki, bildirməyib.
"Eurasianet" saytı ictimai rəyin də haçalandığını qeyd edir. Bəziləri Vahid Milli Hərəkatı tərk edənlərin heç nəyə nail olmayacaqlarını, onların M.Saakaşvilinin sayəsində yüksəklərə qalxdığını deyirlər. Bəzilərinin fikrincə, parçalanma Gürcüstanda yeni siyasi başlanğıca səbəb olacaq.
M.Saakashvili "Məxməri inqilab"dan sonra – 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2012-ci il parlament seçkilərində onun partiyası "Gürcü arzusu"na məğlub oldu. 2015-ci ildə – M.Saakaşhvili Ukraynanın Odessa vilayətinə qubernator təyin olunandan sonra Gürcüstan vətəndaşlığından məhrum edildi.
Hazırda o, Gürcüstanda prezidentliyi dövründə törədilmiş bəzi cinayətlərdə ittiham olunur və həbs təhlükəsi üzündən ölkəsinə gələ bilmir.
2016-cı ilin parlament seçkilərində M.Saakaşvilinin partiyası hakim "Gürcü arzusu" Partiyasının əsas rəqibi idi, amma müxalifət parlamentdə istədiyi qədər yer qazana bilmədi. Elə bu da müxalifətçiləri liderlərindən narazı salan əsas səbəblərdəndir.
Yanvarın 20-də "Vahid Milli Hərəkat" Partiyasının konqresi keçirilməlidir.