Apellyasiya məhkəməsi Trampın səyahət qadağasını bərpa etməkdən imtina edib Dünya

Apellyasiya məhkəməsi Trampın səyahət qadağasını bərpa etməkdən imtina edib

ABŞ-da Apellyasiya Məhkəməsi yeni prezident Donald Trampın əhalisinin çoxu müsəlman olan 7 ölkədən gələn qonaq və qaçqınlara şamil edilən səyahət qadağası barədə sərəncamını bərpa etməkdən imtina edib. Məhkəmə bildirib ki, sərəncamın həyata keçirilməsini dayandırmaq barədə aşağı instansiya məhkəməsinin qərarını bloklamayacaq. Tramp buna qəzəbli tvitlə cavab verib və bildirib ki, milli təhlükəsizlik təhlükədədir. O, həmçinin, qeyd edib ki, yenidən məhkəməyə müraciət edəcək.
Hakimlər bildirib ki, hakimiyyət qadağanın yenidən qüvvəyə minməsini vacib sayacaq terror təhlükəsini sübut edə bilməyib. Bu isə o deməkdir ki, İraq, Suriya, İran, Liviya, Somali, Sudan və Yəməndən olan viza sahibləri ABŞ-a daxil ola biləcəklər. Bundan başqa, müvəqqəti qadağaya məruz qalmış dünyanın istənilən yerindən ola qaçqınlara da ABŞ-a giriş açıqdır.
Məsələnin ABŞ Ali Məhkəməsinə gedəcəyi ehtimal edilir. Hakimlər Ədliyyə Departamentinin ABŞ hakimiyyəti adından ortaya qoyduğu prezidentin miqrasiya qaydalarını təyin etmək təqdiri barədə dəlillərini rədd edib. Məhkəmə onu da bildirib ki, "qadağanın şamil edildiyi ölkələrdən istənilən bir vətəndaşın ABŞ-da terror hücumu həyata keçirməsilə bağlı heç bir sübut yoxdur".
Donald Tramp məhkəmə qərarı ilə bağlı tvit paylaşdıqdan sonra, audio bəyanat yayaraq qərarın "siyasi" olduğunu qeyd edib. Qadağa ilə bağlı məhkəməyə müraciət edən Vaşinqton ştatının prokuroru Bob Ferguson isə deyib ki, bu ştatın tam qələbəsidir. Nyu York şəhərinin meri Bill De Blasio bildirib: "Burada, Nyu Yorkda, Amerikanın ən böyük təhlükəsiz şəhərində, biz həmişə qonşularımızı, onların hardan və nə zaman gəlməsindən asılı olmayaraq müdafiə edəcəyik. Bu bizim dəyərlərimizdir".
Donald Tramp səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb və bundan sonra ABŞ və xarici hava limanlarında qarışıqlıq yaranıb. Geniş şəkildə tənqid edilən sərəncam qüvvəyə minəndən sonra fevralın 4-də qərarın həyata keçirilməsi Seattle-da federal hakim tərəfindən təxirə salınıb. Tramp isə səyahət qadağasını məhdudlaşdıran hakimi tənqid edib və bildirib ki, "əgər nəsə baş verərsə" amerikalılar məhkəmələri günahkar saymalıdırlar.