Pakistan digər ölkələrin Məkkə sazişinə qoşulmasını istisna etməyib Gündəm

Pakistan digər ölkələrin Məkkə sazişinə qoşulmasını istisna etməyib

Asiya regionunda sülh dəyərlərinə inanan, müdaxilə etməmək və çəkindirmə prinsiplərini bölüşən digər ölkələr Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin tərəfdaş olduğu Məkkə sazişinə qoşula bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İdarələrarası İctimaiyyətlə Əlaqələr Xidmətinin baş direktoru Əhməd Şərif Çoudri bildirib.

"Bu saziş, bu alyans regionda sülhə, sabitliyə və təhlükəsizliyə inanan, habelə hücum etməmək, müdaxilə etməmək və kollektiv çəkindirmə üzrə ümumi baxışı bölüşən yeni və əməkdaşlığa maraqlı tərəfdaşları özünə daxil edə bilər", — deyə pakistanlı general "Al Arabiya" telekanalına müsahibəsində deyib.

Çoudri qeyd edib ki, bu formatı "müstəsna olaraq müsəlman ölkələrindən ibarət klub" hesab etmək olmaz. O əlavə edib ki, onun genişlənməsi barədə qərarı iştirakçı ölkələr qəbul etməlidir. General paktın müdafiə xarakteri daşıdığını və "kollektiv çəkindirməyə" yönəldiyini vurğulayıb, həmçinin "onda heç bir təcavüzkar tərəfin və regional iddianın olmadığını" qeyd edib. "Beləliklə, bu qarşılıqlı müdafiə sazişi tamamlayıcı xarakter daşıyır. O, iştirakçı ölkələrin digər münasibətlərinə mane olmur", — deyə Çoudri qeyd edib.

Məryəm Quliyeva