Ankara-Vaşinqton xəttində “kürd” gərginliyi Dünya

Ankara-Vaşinqton xəttində “kürd” gərginliyi

ABŞ-a qarşı Türkiyə-İran-Rusiya ittifaqı

Türkiyənin İraqın şimalında Sincar Dağı bölgəsində və Suriyanın şimal-şərqində Qaraçoxda PKK və onun Suriya qanadı PYD-yə qarşı təşkil etdiyi hava hərəkatı ABŞ-da birmənalı qarşılanmayıb. Verilən məlumata görə, Ağ ev rəhbərliyi bununla bağlı bir neçə kanal vasitəsilə öz nigarançılığını dilə gətirib. İlk reaksiya ABŞ Dövlət Departamentindən gəlib. Departamentin gündəlik mətbuat brifinqində qurumun sözçüsü Mark Toner Türkiyənin hava hücumundan "dərin nigarançılıq" duyduqlarını etiraf edib. Onun fikrincə, "Türkiyənin Şimali İraqda və Şimali Suriyada həyata keçirdiyi hava hücumları ilə əlaqədar ABŞ və ya İŞİD-ə qarşı koalisiyayla kifayət qədər koordinasiya qurulmayıb".
Toner bu nigarançılıqlarını Türkiyəyə "birbaşa" çatdırdıqlarını da deyib. Politoloq Heydər Oğuz yazır ki, ikinci bənzər reaksiya isə Pentaqondan gəlib. Pentaqon yetkililəri də koordinasıya yetərsizliyindən şikayətləniblər. Nazirliyin sözçülərindən mayor Adrian Rankine Gallovay mövzuyla bağlı yazılı açıqlamasında bildirib ki, həmin hava hərəkatı İŞİD əleyhdarı koalisiya tərəfindən təsdiqlənməyib və İŞİD-ə qarşı ittifaq halında olduqları güclərin vurulmasına səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Reuters agentliyinə verdiyi müsahibədə dilə gətirdiyi bəzi faktlar isə tamamilə başqa mətləblərdən xəbər verir və ABŞ-ın nigarançılığının səbəblərinə aydınlıq gətirir. Ərdoğan müsahibəsində Sincar dağına və Suriyanın Qaraçox bölgəsinə hava hücumları ilə bağlı ABŞ və digər müttəfiqlərini məlumatlandırdıqlarını bildirib. Onun fikrincə, hava hücumlarının hədəfi PKK terror təşkilatı olub. Şimali İraq Kürd Muxtariyyəti də məlumatlandırılan tərəflərdən biri olmasına baxmayaraq, hava hücumları nəticəsində "5-6 peşmərgə"nin ölməsini də etiraf edən Türkiyə prezidenti bunun məsuliyyətini öz qüvvələrini bölgədən geri çəkməyən Ərbildə görüb.
Türkiyə ordusunun yaydığı məlumatda ABŞ-la Türkiyə arasında mübahisələrə səbəb olan hava hücumu zamanı 70-dən artıq PKK və PYD silahlısının öldürüldüyü qeyd olunub. Öldürülən terrorçuların 40-i İraqın Sincar dağında, 30-u isə Suriyanın Qaraçox bölgəsində zərərsizləşdirilib. Rəsmi Ankaranın fikrincə, PYD-nin əslində PKK-nın Suriya qanadının başqa bir adı olduğunu nəzərə alsaq, ortaya belə bir nəticə çıxır – Türkiyə ordusu son hava əməliyyatında ən əzı 30 PYD-çini sıradan çıxarıb.
PYD isə İŞİD-ə qarşı mübarizədə ABŞ-ın gücündən istifadə etdiyi təşkilatdır. Məsələyə bu aspektdən nəzər salsaq, Vaşinqtonun nigarançılığının hardan qaynaqlandığını anlaya bilərik. Deyəsən, Türkiyə referendumdan sonra bütün riskləri gözə alaraq ABŞ-ın regiondakı siyasətinə "Dur!" demək qərarına gəlib. Bəs, Ankara bu mövqeyini sona qədər davam etdirə biləcəkmi?
Zənnimizcə, bu sualın cavabı regionun digər aktyorları - Rusiya və İranın bu məsələdə Türkiyənin yanında dayanıb-dayanmayacağından asılıdır. Zira, Ankara regionda təklənməmək üçün yeni müttəfiqləriylə müəyyən razılıqlar əldə etməyə çalışmalıdır. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın "Reuters"ə açıqlamasında Rusiyanı da bu əməliyyatla bağlı məlumatlandırdığı etiraf etməsi və Moskvanın indiyədək əməliyyata münasibətini bildirməməsi ruslarla anlaşma əldə olunduğundan xəbər verir.
İrana gəlincə, Türkiyə Xarici İşlər Nazirliyinin son zamanlar bu ölkəylə bağlı tutduğu mövqe hər iki tərəfin yaxınlaşmasına xidmət edir. Türk diplomatik qaynaqlardan bu yaxınlarda "Əl-Cəzirə"yə ötürülən məlumatlar da sözügedən ehtimalı təsdiqləyir. Məlumata görə, Türkiyə ABŞ-ın İranı bölgədən sıxışdırıb çıxarılması siyasətini dəstəkləmir, İransız Suriya məsələsinin həllini mümkün görmür. Sərhədlərində "düşmən İran" faktoruyla qarşılaşmaqdansa, masada "müttəfiq İran"la müzakirələrə üstünlük verən Türkiyənin bu mövqeyi hər iki tərəfin strateji maraqlarına uyğundur. Hər halda İran da ən yaxın müttəfiqi hesab etdiyi, uğrunda Suriyadan sonra ən çox qurbanlar verdiyi ölkənin parçalanmasını istəməz və bu da elə Türkiyənin ən böyük hədəfidir. Regiondakı bütün aktyorların eyni hədəfdə birləşməsi ABŞ-in kürd kartından imtinasını şərtləndirə bilər və yəqin ki, yaxın günlərdə bu faktla qarşılaşacağıq.