Trampın impiçmenti realdırmı? Dünya

Trampın impiçmenti realdırmı?

"The Guardian" qəzetinin siyasət məsələləri üzrə müxbiri Jill Abramson yazır ki, senator Bob Casey prezident Trampın FTB-nin direktoru Ceyms Komeyni işdən azad etməsini "niksonvari hərəkət" adlandırıb. Casey və onun demokrat partiyadaşları olan senatorlar bunu dedikdə prezident Richard Niksonun vaxtilə baş prokuroru işdən azad etməsini nəzərdə tuturlar. Həmin baş prokuror ki, Vatergate qalmaqalını araşdırırdı. Niksonun bu addımını o vaxt jurnalistlər "şənbə qətliamı" adlandırmışdılar, çünki prokuror şənbə gecəsi işdən qovulmuşdu.
Abramson yazır ki, bu qətliam Niksonu o vaxt impiçmentdən xilas edə bilməyib. "Amma biz bilirik ki, prezident Trampın tarixdən bixəbərliyi heyrətamizdir" - yazır jurnalist. Jurnalsitin fikrincə, tarixi pis bildiyindəndir ki, Tramp Vatergate qalmaqalından dərs almayıb. "Onun ala biləcəyi ən əsas dərs isə bu olmalıydı ki, istənilən ört-basdır həmişə cinayətdən pisdir" - deyilir məqalədə.
Abramson yazır ki, Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsinin təfərrüatları hələlik aydın deyil, amma bu müdaxiləyə dair təhqiqat aparan şəxsin işdən qovulması ört-basdırı xatırladır. "İşdən qovmalar Riçard Niksonu impiçmentdən xilas etmədiyi kimi, Trampı da Rusiya qalmaqalının atəşindən qurtara bilməyəcək" - yazır Abramson. Müəllifin fikrincə, Komeynin qəfil işdən çıxarılması yalnız və yalnız müstəqil prokurorun təyin edilməsinə çağırışları gücləndirib.
Respublikaçılar Komeynin işdən atılmasını onun Klinton e-mailləri ilə bağlı düzgün hərəkət etməməsi ilə bağlamaq istəyirlər. Bu, əslində absurd iddiadır. Kaliforniya konqresmeni, Konqresin Kəşfiyyat Komitəsinin Mərkəzi Kəşfiyyat İdarəsinə baxan alt komitəsinin üzvü Eric Svalvell FTB rəhbərinin işdən qovulmasını "Trampın çərşənbə axşamı günorta qətliamı" adlandırıb. Yeri gəlmişkən, bu komitə də Rusiya ilə bağlı iddiaları araşdırır.
Komey Klintonun e-mailləri ilə bağlı təhqiqatın elanını verəndə bundan sevinən namizəd Tramp demişdi ki, FTB rəhbəri nəhayət ki, öz reputasiyasını xilas etdi. O bundan əvvəl Komeyni Klintonun e-mail insidentini araşdırmadığına görə kəskin tənqid etmişdi. Bir çox demokrat və respublikaçı hüquqşünaslar deyirlər ki, Klintona qarşı heç bir rəsmi ittihamın irəli sürülmədiyi bir vaxtda onu "son dərəcə səhlənkar" adlandırmaqla Komey mühakimə olunacaq peşə pozuntusuna yol vermişdi.
Məqalədə deyilir ki, bütün bunlar izahat sayıla bilməz. Komey niyə 9 ay bundan əvvəl baş vermiş hadisələrə görə məhz indi işdən qovulub? Əgər Komey belə pozuntulara yol vermişdisə, prezident onu daha əvvəllər vəzifəsindən azad etməli idi. Komey Senat qarşısında ifadə verərkən demişdi ki, o, özünün seçkinin nəticəsinə təsir etdiyini düşünəndə ürəyi bulanır. Abramson yazır ki, Trampı da görünür onun məhz bu sözləri özündən çıxarıb. Tramp seçkinin legitimliyinə dair hər hansı şübhəni çox həssaslıqla qarşılayır.
Burası da var ki, FTB direktoru Rusiya qalmaqalının yenidən qızışdığı bir vaxtda işdən çıxarılıb. Buna səbəb daha əvvəl işdən qovulmuş Sally Yates-in Senatdakı ifadəsi olub. Məqalədə deyilir ki, Senat və Konqresin Rusiya təhqiqatlarının yerindən tərpənmədiyi bir vaxtda Komeynin vəzifədən kənarlaşdırılması bu təhqiqatı da əngəlləyə bilər. Lakin hadisəyə ilkin reaksiyalar göstərir ki, FTB direktorunun işdən qovulması Trampın istədiyindən tam fərqli nəticəyə səbəb olub. İndi bu işlə əlaqədar müstəqil prokurorun təyin edilməsi tələbləri daha ucadan səslənir.
Nixon hadisəsi zamanı da belə olmuşdu. Lakin Abramson yazır ki, o vaxt həm demokratlar, həm də respublikaçılar bir araya gərərək ölkəni korrupsiyalı Ağ Evdən xilas etmişdilər. Belə bir partiyalararası müdriklik bu gün mümkün deyil. "Demək, ümid müstəqil prokurora qalır" - yazır Abramson.