Rusiya Şimali Koreyaya yeni sanksiyalar qoyulmasına qarşı çıxıb Dünya

Rusiya Şimali Koreyaya yeni sanksiyalar qoyulmasına qarşı çıxıb

Birləşmiş Ştatlar bəyan edib ki, tezliklə BMT Təhlükəsizlik Şurasına Şimali Koreya üzərinə yeni sanksiyalar qoyulmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edəcək. ABŞ bu sanksiyaların Pxenyanın qitələrarası ballistik raket sınağına görə qoyulmasını istəyir.
İyulun 5-də ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasının 15 üzvünə müraciətlə deyib ki, Şimali Koreyanın qitələrarası raket atması "aydın və kəskin hərbi eskalasiya" deməkdir. Səfir deyib ki, əgər bu eskalasiyaya diplomatik çözüm tapılmasa, onda Birləşmiş Ştatlar özününün "əhəmiyyətli hərbi qüvvəsinə" əl atacaq. Lakin Rusiya Şimali Koreyanın hərəkətini pisləsə də, Pxenyana qarşı hər hansı sanksiyaların və ya hərbi qüvvənin tətbiqinə qarşı çıxıb.
Haley Təhlükəsizik Şurasında Rusiyanın BMT-dəki səfiri Vladimir Safronkova üz tutaraq deyib ki, "Şimali Koreyanın hərəkətləri diplomatik həll yolunun qapısını sürətlə bağlamaqdadır". O deyib ki, "bizim qabiliyyətlərimizin biri də bizim əhəmiyyətli hərbi qüvvələrimizlə bağlıdır". Haley bildirib ki, "lazım gələrsə, bu qüvvələrdən istifadə edəcəyik, lakin biz bu istiqamətdə getmək istəmirik".
ABŞ səfiri həmçinin bəyan edib ki, ABŞ BMT qətnamələrini pozaraq Pxenyanla ticarət edən istənilən ölkə ilə öz ticarətini dayandıracaq. O izah edib ki, burada söhbət təkcə Şimali Koreyadan getmir. Səfir deyib ki, o "bu qanunsuz rejimlə biznes yolunu seçən bütün ölkələri" nəzərdə tutur. Fransa və Britaniya səfirləri bildiriblər ki, onlar Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsini dəstəkləyəcəklər.
Təhlükəsizlik Şurasının təcili iclası Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreyanın təşəbbüsü ilə çağırılmışdı. Lakin Rusiya səfiri Safronkov deyib ki, Şimali Koreyaya qarşı hərbi qüvvədən istifadə, ümumiyyətlə istisna edilməlidir. Səfir həmçinin Birləşmiş Ştatları Cənubi Koreyada antiraket sisteminin yaradılmasını dayandırmağa çağırıb. Safronkov bildirib ki, onun ölkəsi Cənubi və Şimali Koreya arasında danışıqlar ideyasını dəstəkləyir.
Çinin BMT-dəki səfiri Liu Jieyi də öz növbəsində Şimali Koreyanın Təhlükəsizlik Şurasının qətnaməsini "kobud surətdə pozmasını" pisləyib, lakin əlavə edib ki, Pekin də Pxenyana qarşı hərbi güc tətbiq edilməsinin əleyhinədir. Bundan əvvəl Moskvada çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya və Çin Şimali Koreyanın nüvə və raket proqramı ilə mübarizə nəticəsində Pxenyanda rejim dəyişikliyinin həyata keçirilməsinə qarşı çıxır.
Beləliklə də, Moskva Şimali Koreyada hakimiyyət dəyişikliyi istəmədiyini açıq bildirib. Bu arada ABŞ prezidenti Donald Tramp Çini Şimali Koreya üzərinə təzyiq tətbiq etməyə çağırıb. O növbəti tvitində Çin və Şimali Koreya arasında bu ilin birinci rübündə ticarətin 40 faiz artmasını tənqid edib. Birləşmiş Ştatlar və onun müttəfiqi Cənubi Koreya Yapon dənizində birgə ballistik raket manevrləri keçiriblər. Pentaqonun sözçüsü Jeff Davis deyib ki, Birləşmiş Ştatların silahlı qüvvələri Şimali Koreyadan gələn hər hansı hərbi təhlükəni dəf etmək qüdrətindədir.