Koreyaya hücüm kifayət qədər realdır Dünya

Koreyaya hücüm kifayət qədər realdır

ABŞ-ın Şimali Koreyaya hərbi yolla təsir etmək imkanları o qədər böyük deyil.
Politoloq Qabil Hüseynli belə düşünür. Qabil Hüseynli hesab edir ki, hərbi yola üstünlük verilməsinə əsas verə biləcək siyasi vəziyyət hələllik yetişməyib. Politoloq bildirib ki, ABŞ bu məsələdə daha çox Çinin və BMT-nin dəstəyinə arxalanırdı: "Birləşmiş Ştatlar ümid edirdi ki, prosesləri Çin və BMT vasitəsilə legitimləşdirəcək və Şimali Koreyaya müdaxilə üçün bir növ zəmin hazırlayacaq. Çin əvvəllər ABŞ-a yönəlik siyasi reveranslar etsə də, sonradan mövqeyini qəti surətdə dəyişdi. Hətta Çin Xalq Respublikasının sədri ABŞ prezidenti ilə danışıqlarda Vaşinqtonu aşağılaya biləcək bir ifadə işlətdi. Trampa söylədi ki, siz öz bəyanatlarınızda ehtiyatlı olun və müəyyən ifadələr söyləməkdən özünüzü çəkindirin. İndiyədək superdövlətin başçısına belə bir "ağsaqqal məsləhəti"nin verilməsinə praktikada rast gəlinməmişdi".
Qabil Hüseynli bildirib ki, Rusiya da bu məsələ ilə bağlı müəmmalı bəyanat yayıb:
"Kreml bildirdi ki, onlar Şimali Koreyanın nüvə silahı əldə etməsinə qarşıdırlar, amma eyni zamanda bölgədə müharibə vəziyyətinin yaranmasını istəmirlər".
BMT-nin mövqeyinə gəldikdə isə politoloq qeyd edib ki, təşkilat yaydığı bəyanatda tərəflərin diplomatik yolla çözümə can atmalı olduğunu vurğulayıb:
"Göründüyü kimi, ABŞ-ın daha asan və qınanılmayacaq hərəkətləri üçün lazımi hüquqi-siyasi baza yaratmaq hələlik mümkün olmur. Amma eyni zamanda Şimali Koreya liderinin qızışdırıcı və təhdidedici bəyanatlarının ardı-arası da kəsilmir".
Müsahibimiz ABŞ-ın Şimali Koreya məsələsini hərbi yolla çözməsi üçün "A" və "B" variantından ibarət tədbirlər planının tamamilə hazır olduğunu vurğulayıb:
"Bunu Pentoqon rəhbəri Ceyms Mettis öz çıxışında bildirib. "A" planı strateji-bombardımançı təyyarələr, eyni zamanda 14 metr dərinlikdə yerləşən hədəfləri məhv etmək gücünə malik akustik bombalarla Şimali Koreyada strateji hücüm silahlarının hazırlanması ilə məşğul olan 14 obyektin məhv edilməsini nəzərdə tutur. Nüvə silahlarından istifadə edilməsi, əlbəttə, təhlükəlidir. Çünki nüvə silahı tətbiq edilərsə, bu, təkcə Şimali Koreyanın ərazisi ilə məhdudlaşmayacaq, radioaktiv tozlar və buludlar külək vasitəsilə qonşu ölkələrə, o cümlədən ABŞ-ın müttəfiqləri Cənubi Koreya və Yaponiyaya da yayıla, həmçinin Rusiya və Çini təhdid edə bilər. Bu nöqteyi-nəzərdən nüvə silahı olduqca təhlükəlidir. Əgər hərbi əməliyyatlar olacaqsa, bu zaman ABŞ-ın ən modern silahlarından hesab olunan akustik bombalardan istifadə ediləcəyi ehtimalı daha böyükdür. Çünki bu silahlar böyük dağıdıcı gücə, həmçinin yerin altında inşa edilmiş istənilən obyekti məhv etməyə qadirdir. Bunlar qeyd etdiyim "A" planının detallarıdır".
"B" planına gəldikdə isə Qabil Hüseynli qeyd edib ki, bu plan çox çətin situasiya yaranan zaman işə düşəcək:
"Güman edilir ki, bu zaman "Tomaqavk" tipli raketlərə nüvə-döyüş başlıqlarını yerləşdirməklə yenə həmin obyektlər məhv ediləcək. Yəqin ki, münasibətlərin daha da gərginləşəcəyi və ABŞ üçün təhdid obyektlərinin çoxalması nəzərdə tutulub. Bu nöqteyi-nəzərdən demək mümkündür ki, ABŞ-ın silahlı hücum variantı kifayət qədər real olaraq qalır. Amma bunun üçün lazım olan siyasi şərait formalaşdırmaq, hələ ki, mümkün olmayıb".