Ukrayna yeni prezidentini seçəcək Dünya

Ukrayna yeni prezidentini seçəcək

Rəy sorğularına əsasən, Poroşenko Timoşenkoya elə seçkilərin ilk turunda qalib gələ bilər

Cavid

Ukraynanın Konstitusiya Məhkəməsi mayın 25-də seçiləcək prezidentin səlahiyyət müddətinə dair dünən qəbul etdiyi qərarı ictimaiyyətə açıqlayıb.
"UNİAN"ın verdiyi xəbərə görə, bu barədə Məhkəmə nümayəndəsi Yuriy Baulin bildirib: "Ukrayna Konstitusiyasının 103-cü maddəsinin 1-ci və 5-ci bəndləri ölkə prezidentinin yerli vətəndaşları tərəfindən növbəli və növbədənkənar seçkilər nəticəsində beş il müddətinə seçilməsini nəzərdə tutur".
Y.Baulin onu da qeyd edib ki, Konstitusiya Məhkəməsinin qərarı Ukrayna ərazisində mütləq şəkildə icra edilməlidir və bununla bağlı hər hansı şikayət edilə bilməz.
Bir neçə gündən sonra baş tutacaq seçkilərdə kimin prezident seçiləcəyi dəqiq bilinməsə də, aparılan rəy sorğuları nəticəsində oliqarx Petro Poroşenko irəlidədir.
Prezidentliyə namizədlərin hazırkı siyahısına bir-birinə bənzəməyən siyasətçilər daxildir: heç kimə qoşulmayan Radikal Partiyasının lideri Oleq Lyaşko, Yanukoviç əleyhinə mitinqlərdə iştirak etmiş dermatoloq və mahnı ifaçısı Olqa Boqomolets, mütəşəkkil cinayətkarlıq və insan haqlarının pozulmasında iştirakı olduğu iddia edildiyinə görə ABŞ-a girişi yasaqlanan baş prokurorun keçmiş 1-ci müavini Renat Kuzmin.
Keçmiş baş nazir Yuliya Timoşenko hazırda reytinqə görə ikinci yerdədir.
Qalanlar arasında keçmiş baş nazir müavini Yuriy Boyko, Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Mykola Malomuj, Ukrayna Yəhudi Konqresinin lideri Vadim Rabinoviç, Vətəndaş Mövqeyi platformasını təmsil edən deputat Anatoliy Xritsenko, Ukrayna Xalq partiyasından Oleksandr Klimenko, Ukrayna Xalq Hərəkatından Vasil Kuybida, Ukrayna Antiinhisarçılıq komitəsinin keçmiş rəhbəri Vasil Tsuşko, keçmiş deputat Valeri Konovalyuk; və az tanınan iş adamları Voladimir Saranov və Andri Qrinenko kimi fiqurlar var.
Son rəy sorğularına əsasən, Poroşenko Timoşenkoya elə seçkilərin ilk turunda qalib gələ bilər.
Səsvermədə iştirak edəcəklərini deyən respondentlərin 55%-i Poroşenkoya səs verəcəklərini bildiriblər, Tmoşenkonu isə yalnız 9.6% dəstəkləyib.
Ukraynalı politoloq Aleksey Bluminovun fikrincə, seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq: "Hazırkı sosiologiya seçkilərin yalnız bir tur keçiriləcəyini proqnozlaşdırmağa imkan verir". Politoloq ölkədə rəhbərliyə ən yaxın olan şəxsin hazırda Avropa tərəfindən dəstəkləndiyini bildirib: "Əgər xarici oyunçuların hansı namizədə yatırım etməsinə gəlincə isə hazırkı situasiyada bunu müəyyən etmək iki ay bundan öncəyə nisbətən daha aydındır. Yadımdadır Kliçko Berlinin favoriti hesab olunurdu. Yaçenyuku isə ABŞ dəstəkləyirdi. Poroşenko Davos, Münhen və Vaşinqtona qeyri-rəsmi görüşlərə gedirdi. Həmçinin o özünün Rusiyada da aktiv reklamı ilə məşğul olurdu. Hazırda alman mətbuatında Timoşenkoya qarşı neqativ məqalələr çap olunmağa başlayır. Özləri də təsdiqləyirlər ki, onun qələbəsi Ukrayna üçün fəlakət olardı. Lakin belə bir şey düşünmək də olar ki, bu tip məqalələrin çap olunmasının arxasında Timoşenkonun Ukraynadakı əleyhdarları dayana bilər".
A.Bluminov Ukraynada kimin qalib gəlməsinin ABŞ üçün heç bir əhəmiyyəti olmadığı söyləyib: "ABŞ-a gəlincə isə hazırkı favoritlərdən kimin qalib gəlməsinin onlar üçün elə də böyük fərqi yoxdur. Çünki siyasi rejimin konstruksiyası bütünlükdə belədir ki, seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq. Nəhayət Ukrayna iqtisadiyyatının defoltdan öncəki vəziyyətini öyrənərək və Vaşinqtonun diqtəsinə uyğun olaraq istənilən Ukrayna prezidenti Beynəlxalq Valyuta Fonduna tabe olacaq.
Eyni situasiya Avropa İttifaqı ilə də yaşanır. Ukrayna Brüssel üçün müştəri ölkəyə çevrilib və bu fakt hökumətin manevr imkanlarını məhdudlaşdıra bilməz".
Onu da vurğulayaq ki, Ukraynanın şərq vilayətləri Donetsk və Luqanskda seçki məntəqələrinə qarşı hücumlar səngimək bilmir. Separatçılar Donetsk şəhərində 44 saylı seçki məntəqəsinə basqın edərək seçki sənədlərini ələ keçiriblər. Bu barədə seçki məntəqəsinin sədr müavini İrina Kondratenko açıqlama verib.
"Bizə qarşı hədələr özlərini Donetsk Xalq Respublikası adlandıran qrupun nümayəndələri tərəfindən gəlir. Onlar silahla bizə hücum ediblər. İndi oğurlanan sənədləri yenidən bərpa etməyə çalışırıq. Düzdür, biz qorxuruq. Lakin mərkəzi seçki komissiyası bizi və seçiciləri təhlükəsizlik xidməti ilə təmin edəcəyini bildirib".
Hərbi qüvvələr isə, regionda terror törətməyə hazırlaşan iki terrorçunu saxlayıblar. Saxlanılan zaman terrorçuların üzərindən çoxlu sayda silah-sursat aşkarlanıb.
Donetsk rəsmiləri prosesin qarşısını almaq üçün çoxsaylı müdaxilələr ola biləcəyini qeyd ediblər. Bununla belə, onların sözlərinə görə, proses qətiyyən yarımçıq dayandırılmayacaq.
Seçki ərəfəsində Rusiyanın öz qoşunlarını geri çəkməsi isə, seçkilərin müsbət ab-havada keçməsinə səbəb olacaq.
Ukrayna sərhəd xidmətinin yaydığı məlumata görə, ölkənin Rusiya ilə sərhəd məntəqəsində vəziyyət gərgin olaraq qalır.
Verilən məlumata görə, Ukrayna ordusu dünən gecədən etibarən ölkə sərhədlərini pozmağa çalışan rusiyameyilli qüvvələrə müqavimət göstərir.
Sərhəd xidmətinin verdiyi xəbərə görə, axşam saatlarında içi silah-sursatla dolu 3 "Kamaz" markalı maşın Rusiya ərazisindən Luqanska daxil olmağa cəhd edib, sərhədçilərin "dur" əmrinə tabe olmayan maşınlar atəş açıldıqdan sonra geri qayıtmaq məcburiyyətində qalıb.
Ekspert Hüseynbala Səlimovun fikrincə, siyasət Ukrayna üçün həlledici həftəyə qədəm qoydu. Artıq üç gündən sonra bu ölkədə prezident seçkisi keçirilməli və legitim icra hakimiyətinin formalaşdırılmasına start verilməlidir: "Prezident seçkisi elə hadisədir ki, onu hər yerdə diqqətlə izləyir və bunun əsasındada siyasət yürüdürlər. Ukraynaya gəldikdə isə o, müstəsna əhəmiyyət kəsb edir. Bu prosesin gedişində aydın olmalıdır ki, maydan hadisələri bəzi yerlərdə, o cümlədən də Bakıda bir sıra rəsmilərin iddia edildiyi kimi heç də "ABŞ-ın oyunu" deyil, cəmiyyətin iradəsinin təzahürüdür və müəyyən mənada avtoritar siyasətin məntiqi yekunudur ki, digər dövlətlərə də ondan dərs və ibrət götürməyi tövsiyyə edir.
Etiraf etmək lazımdır ki, 21 iddiaçı arasında keçiriləcək seçki çox çətin dövrə təsadüf edir - ölkənin bir hissəsi ilhaq olunub, daha 2 vilayət isə mərkəzi hakimiyyətin nəzarətindən çıxıb və özlərini "müstəqil respublika" elan ediblər. Üstəlik, hər an seçkiyə mane olmaq təşəbbüsləri gözlənilir. Sirr deyil ki, belə təşəbbüslər ilk növbədə Rusiya tərəfindən edilə bilər, çünki bu dövlət üçün Ukraynada legitim və demokratik hakimiyyətin olmaması, mövcud hakimiyyətin daim "xunta" kimi qələmə verilməsi daha rahatdır".
Ekspertin qənaətincə, ümid etmək olar ki, seçki ölkənin vəziyyətinə diqqəti artıracaq - ona qarşı ərazi iddiaları daha ciddi təhdidə çevriləcək, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün maliyyə dəstəyi artacaq: "Ən əsası isə Ukraynanın strateji kursuna bir aydınlıq gələcək. Rusiya ilə indiki münasibətlər onun bir daha MDB müstəvisinə dönməsinin ehtimalını azaldır. Amma Avropa ilə bağlı siyasətdə də bir yəqinlik yaranmalıdır. Bu mənada Ukrayna sarıdan elə bir qeyri-müəyyənlik yoxdur. Burada söhbət Qərbdən, onun "Ukraynaya nə təklif etmək olar?" sualına cavabından gedir. Aydın məsələdir ki, indiki vəziyyətdə tək assosiasiya sazişi azlıq edir".
Hadisələrin gərgin vaxtında, Krım hələ ilhaq edilməmişdən bir qədər əvvəl Rusiyanın ekspansiv siyasətini cilovlamaq üçün ABŞ və Avropa rəsmiləri bir daha bəyan etdilər ki, NATO Ukraynanın hesabına genişlənməyəcək.
Amma bu, Rusiyanı dayandıra bilmədi, nəinki Krım ilhaq olundu, hətta cənub-şərq regionları da ölkənin nəzarətindən çıxarıldı. Bu, yeni situasiya deməkdir. Elə bu səbəbdən də situasiyaya adekvat yeni siyasət yürüdülməlidir: "Təbii ki, hər bir halda Qərb dövlətlərinin Ukraynaya görə Rusiya ilə hərbi qaşıdurmaya gedəcəyini təsəvvür etmək yanlışlıq olardı. Amma Krımın geriyə qayıtmasının ehtimalı çox az olsa da hər halda şərq regionlarındakı vəziyyəti normallaşdırmağa cəhd etmək olar. Qərb dövlətləri bu regionlardakı vəziyyətə münasibətdə çox gercək yol tutub. Rusiya həmin bölgələrdəki separatçıları nə qədər federalistlər adlandırsa da heç kim onları bu məzmunda və statusda qəbul etmir. Bunun özü ciddi dəstək hesab edilə bilər".
Dünən NATO-nun keçirdiyi iclasda isə gözlənildiyi kimi Ukrayna Rusiya münasibətləri əsas gündəm təşkil edib. İclasa qatılan generallar Rusiyanın Ukraynaya qarşı təzyiqlərini təndiq ediblər. Danimarkalı general Knud Bartels Rusiyanı NATO-nun şərqi Avropa qolu üçün ciddi təhlükə mənbəyi hesab etdiyini bildirib: "NATO Rusiya ilə Ukrayna arasındakı problemlərin siyasi yolla həllini dəstəkləməyə davam edəcək. Bununla belə, təşkilatımız kütləvi şəkildə müdafiə olunmaq öhdəliklərinə də sadiq qalacaq".
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden də Rusiyaya növbəti dəfə xəbərdarlıq edib. Rumıniyanın paytaxtı Buxarestdə çıxışı zamanı Bayden qeyd edib ki, Rusiya Ukraynada keçiriləcək prezident seçkilərinə müdaxilə etməməlidir.
"Ukrayna hökumətinin ölkənin cənub və şərq regionlarında yürütdüyü siyasəti alqışlayırıq. Bazar günü Ukraynada seçkilər keçiriləcək. Bu, ukraynalıların öz gələcəklərini müəyyən etməsi üçün yaxşı fürsətdir. Hər kəs Ukraynada stabilliyin və davamlılığın bərpa olması üçün əlindən gələni etməlidir. Ukrayna xalqı Rusiyanın seçkilərə müdaxiləsinə icazə verməməlidir. Əks halda isə Rusiya öz hərəkətlərinin nəticələrinə qatlaşmalı olacaq".
Bir qədər əvvəl Amerika hökuməti Rusiyanın regionda yürütdüyü zorakı siyasəti ilə əlaqədar rəsmi Moskvaya qarşı sanksiyaları gücləndirmişdi.