Türkiyənin NATO ilə münasibətləri qaydasında deyil Dünya

Türkiyənin NATO ilə münasibətləri qaydasında deyil

"Economist" yazır ki, NATO rəsmiləri bu sövdələşməyə bir növ axmaq zarafat kimi baxmalı idilər. Ötən payızın əvvəllərində dövlət agentliklərindən biri prezident Rəcəp Tayyip Ərdoğanın Rusiyadan almaq istədiyi S-400 sisteminin infoqrafikasını dərc etmişdi. Bu sistemin hücum edən raket və qırıcıları 400 kilometrlik məsafədən vura bilməsini yazdıqdan sonra, agentlik sistemin vuracağı təyyarələrin növlərini sadalayırdı. Bunları hamısı Amerika təyyarələri idi.
Məqalədə deyilir ki, Türkiyənin müttəfiqləri iqtidaryönlü mediada belə şeylərin baş verməsinə bir növ adətkərdə olublar. NATO rəsmiləri bildirirlər ki, Ərdoğanın hökuməti istədiyi yerdən silah ala bilər. Amma bu rəsmilər silahın Rusiyadan alınmasına o qədər də rəğbətlə yanaşmadıqlarını büruzə verirlər.
Təhlilçilər bildirirlər ki, S-400 NATO-nun havadan müdafiə sisteminə qətiyyən uyğun gəlmir. NATO hərbi komitəsinin sədri Petr Pavel bu yaxınlarda xəbərdarlıq edib ki, Türkiyə S-400 sistemini almaq qərarında qalsa, bunun "qeyri-müəyyən nəticələri" ola bilər. O, oktyabrın 25-də deyib ki, Rusiya raketlərinin Türkiyə torpağında olması müttəfiqlərin təyyarələri üçün ciddi çətinlik yaradacaq. Buna baxmayaraq Türkiyənin müdafiə naziri noyabrın 11-də S-400 sisteminin alınacağını təkrar edib.
İlk növbədə belə bir alqı-satqı Amerikanın Rusiyaya qarşı sanksiyalarına zidd ola bilər. Oktyabr ayında Dövlət Departamenti bildirib ki, Moskvadan avadanlıq alan hökumətləri cəzalandırmaq hüququnu özündə saxlayır. Burada bəzi ölkələr üçün istisna qaydaları olsa da, Türkiyənin bərbad insan haqları və ABŞ-la pis münasibətlərinə görə belə bir istisnaya layiq görüləcəyinə inam yaratmır. Türkiyənin NATO ilə də münasibətləri qaydasında deyil. Ötən ay Türkiyə Ərdoğanın adı və Atatürkün portreti ilə bağlı yaşanmış insidentə görə hərbi kontingentini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.
NATO bu insidentə görə ən yüksək səviyyədə Ankaradan üzr istəsə də, ultramillətçi media Türkiyəni alyansdan çıxmağa çağırıb. Amerika rəsmiləri çoxdan bu qənaətdə idilər ki, Türkiyənin hava məkanının qorunması üçün ən yaxşı variant Ankaranın Patriot raketlərini alması olardı. Bu raketlər artıq Almaniya, Hollandiya, Yunanıstan və Səudiyyə kimi ölkələrin cəbbəxanasına daxildir. Türkiyədə də başa düşürlər ki, Patriot daha təkmil sistemdir. Amma Ankarada belə güman edirlər ki, ruslar türklərə S-400-ün daha çox texnoloji sirlərini açacaqlar, nəinki amerikalılar Patriotun. Üstəlik Türkiyə S-400-ün daha münasib qiymətə olduğunu bildirir. Türkiyə deyir ki, Rusiya ilə sazişə müvafiq olaraq Ankara Moskvadan 2 milyard dollara 4 raket batareyası alacaq. Lakin bu raketləri NATO-nun radar sisteminə qoşmaq mümkün olmadığından raketlər Türkiyə səmasının yalnız kiçik bir hissəsini müdafiə edə biləcək.
"Ecomonist" məcmuəsi bəzi təhlilçilərə istinadən yazır ki, Ərdoğanın S-400 sistemini almağa belə həvəsli olması ölkənin milli müdafiəsindən daha çox, onun şəxsi müdafiəsi ilə bağlıdır. Türkiyə prezidenti ötən ilin baş tutmamış çevriliş cəhdi zamanı F-16 təyyarəsinin onun Ankaradakı sarayını atəşə tutması kimi halların təkrar oluna biləcəyindən narahatdır. Atlantic Council analitik mərkəzindən Aaron Stein deyir ki, "əgər Türkiyə S-400 sistemini alsa, batareyalardan birini Ankara yaxınlığında yerləşdirmək işə yaraya bilər".
Burası da var ki, Ərdoğan S-400-lə birlikdə Putindən onun sirlərini də alacağına ümid edir. Amma Putinin həssas texnologiyaları özgələrə vermək kimi xasiyyəti yoxdur. "O ki qalmışdı NATO üzvü olan bir ölkəyə",- "Economist" yazır.