Trampın Qüds səverməsinə görə başqa ölkələri hədələməsi “boş şeydir“ Dünya

Trampın Qüds səverməsinə görə başqa ölkələri hədələməsi “boş şeydir“

"The Guardian" yazır ki, Donald Trampın onun Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarının əleyhinə səs verən ölkələri cəzalandıracağı barədə hədələri bir çox ekspertlərin rəyinə görə "cəfəngiyyatdan" başqa bir şey deyil.
Dekabrın 21-i BMT-nin Baş Assambleyası özünün fövqəladə sessiyasında 128 leyhinə, 9 əleyhinə nisbəti ilə Trampın qərarını etibarsız elan edən qətnaməyə səs verib. 35 ölkə bitərəf qalıb. Məsələ burasındadır ki, səsə qoyulan qətnamə layihəsinin müəllifi Misirdir. Misir ötən il ABŞ-dan 1,2 milyard dollar yardım alıb. Buna görə də bəzi təhlilçilər Trampın hədəsinin xüsusilə də Misir üçün təhlükəli olduğunu düşünürlər. Lakin əksər ekspertlərin rəyi belədir ki, Tramp administrasiyasının xarici ölkələrə yardımı kəsməsi o qədər də asan olmaya bilər.
Belə ki, ABŞ maliyyə yardımlarının əksər hissəsi Konqres tərəfindən ayrılır. Bu il millət vəkilləri artıq prezidentin "America First" (əvvəlcə Amerika) silsiləsindən olan bir sıra "qənaət" təşəbbüslərini rədd ediblər. Tramp bu təşəbbüslərlə xarici yardımları 30 faiz ixtisar etmək istəyirdi. Beynəlxalq İnkişaf İnstitutunun direktoru Aleks Teir deyib ki, BMT-də siyasi səslərə görə maliyyə yardımının kəsilməsi "fövqəladə" addımdır, lakin onu həyata keçirmək o qədər də asan olmayacaq. Teir deyib: "Ayrı-ayrı ölkələrə yardımı birtərəfli qaydada kəsmək asan deyil. Trqmp deyə bilməz ki, məsələn, "Efiopiyaya daha pul verməyin".
Ekspertin sözlərinə görə, belə hallarda Konqres və administrasiya arasında uzun-uzadı danışıqlar gedir. Tier bunu da əlavə edib ki, yardımların növlərinə də diqqət edilməlidir. Məsələn, hərbi və təhlükəsizlik yardımları hökumətlərə gedir. İnkişaf üçün yardımları verərkən isə siyasətdən çıxış edilmir. Üçüncü yardım növü isə humanitar yardımdır ki, buna xüsusi qanunlarla icazə verilir. Ekspertin sözlərinə görə, məsələn, Ruanda və ya Nepalda aclıq çəkən insanlar üçün ayrılmış yardımı həmin ölkələrdəki hökumətlərin BMT-də necə səs vermələri əsasında dayandırmaq mümkün olmaya bilər.
Vashinqtondakı İqtisadi və Siyasi Araşdırma Mərkəzindən Mark Veisbrot deyir ki, Trampın hədəsi ilk növbədə Səudiyyə Ərəbistanına təsir edə bilər. ABŞ-Səudiyyə münasibətləri Riyadın Yəməni bombardman etməsinə görə hazırda o qədər də yüksək səviyyədə deyil. Bu ayın əvvəllərində ABŞ prezidenti Səudiyyə Ərəbistanına Yəmənə blokada qoyduğuna görə yardımı kəsə biləcəyi ilə xəbərdarlıq etmişdi. Bu blokada Yəmənin 7 milyonluq əhalisini ərzaq, su və yanacaqdan məhrum edib. Ekspertin sözlərinə görə, məhz buna görə də Trampın Qüds qərarı ilə bağlı hədəsi onun ilk növbədə Səudiyyə ilə münasibətlərinin pisləşməsinə səbəb ola bilər.
İnkişaf üzrə ekspertlər isə deyirlər ki, Trampın hədəsi əsasən ABŞ-dan yardım alan Asiya, Afrika və Cənubi Amerika ölkələrinə yönələ bilərdi. Bu ekspertlərin fikrincə, iqtisadiyyatları zəif olan bu ölkələrə yardımın dayandırılması son dərəcə çətin məsələ olacaq. Cubilee Debt kampaniyaçı hərəkatından iqtisadçı Tim Kones isə deyib ki, ABŞ-dan yardım alan ölkələrin bir çoxu onsuz da 2014-cü ildən bəri xammalın qiymətlərinin düşməsindən zərbə alıblar. İnsan haqları müdafiəçilərindən Conatan Ruks isə deyib ki, "siyasi baxımdan bizimlə yaxınlıq etməyən ölkələrə xarici yardımın kəsilməsi uzaqgörən siyasət ola bilməz və son nəticədə ABŞ-ın özünə ziyan vurar".
Sağlamlıq və Gender Bərabərliyi Mərkəzinin prezidenti Serra Sippel deyib ki, Trampın hədəsi ABŞ hökumətinin dünyadakı qüdrətindən sui-istifadə etməsinin parlaq nümunəsidir. Serra Sippel xartırladıb ki, belə bir siyasəti Corc Buşun hökuməti də həyata keçirirdi. "Şükür ki, o vaxt ölkələr belə hədələrin qarşısından qorxub qaçmadılar" - deyib ekspert.