Rusiya Minsk qrupunun ləğvinə çalışır? Dünya

Rusiya Minsk qrupunun ləğvinə çalışır?

Tərlan Həsənov: "Minsk qrupu yarandığı gündən elə Rusiyanın təsiri altında olub"
Mütəllim Rəhimli: "Moskva Azərbaycanın Avrasiya İttifaqına qoşulması üçün zəmin hazırlayır"

Cavid

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən narazılıqların artdığı bir vaxtda erməni politoloq, Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin kordinatoru Artur Sakunç bu qurumun gələcəyinin təhlükə altına düşdüyünü bildirib.
A.Sakunç tipik erməni hiyləgərliyilə Nazarbayevin Astanada Ermənistanla bağlı səsləndirdiyi fikirlərin guya Rusiya prezidentinə aid olduğunu iddia edib. Onun fikrincə, Rusiya sadəcə bununla bölgədə Minsk qrupunun bütün rıçaqlarının onun əlinə keçməsini istəyir. Erməni ekspert bununla həm Rusiyanı Ermənistana "istənilən dəstəyi" vermədiyi üçün şantaj etməyə çalışıb, həm də Qazaxıstanın Azərbaycanla münasibətlərinin önəmini öz cılız yanaşması ilə heçə endirməyə çalışıb. Erməni politloq Rusiyanın regionu günü-gündən hərbiləşdirməsini xüsusi vurğulamaqla diqqəti Azərbaycanın bu ölkədən hərbi texnika almasına yönəltməyə çalışıb. Amma bu məsələni qabardarkən, nədənsə Sakunç Rusiyanın Ermənistana hədiyyə etdiyi hərbi texnika və silahlardan, eləcə də Rusiyanın bu ölkədəki hərbi bazalarından danışmağı "unudub".
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə gəlincə isə, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin aciz olması artıq ötən zaman müddətində öz təsdiqini tapıb. Bu səbəbdən Azərbaycan mütəmadi olaraq Minsk qrupu ilə bağlı narazılıqlarını ifadə etməkdədir. Azərbaycan mövcud formatda ATƏT-in Minsk qrupunun fəaliyyətinin hər hansı nəticə verməməsindən olduqca narazıdır və bunu açıq bəyan edir.
Rəsmi Bakının mövqeyinə görə, 22 ildən çoxdur ki, münaqişə həllini tapa bilmir və bir qurum ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə nə dərəcədə inanmaq olar? Bu inam üçün insanda yüksək optimizm olmalıdır. Azərbaycan xalqında isə artıq əsassız optimizim yoxdur. Bu baxımdan ədalətli bir vasitə tapılmalıdır ki, münaqişə həll olunsun, yüz minlərlə insanın əziyyətinə son qoyulsun.
Onu da bildirək ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir. İşğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ekspertlərin əksəriyyəti hesab edir ki, qrupun tərkibinə ya Türkiyə daxil olmalı, ya da bu format ümumiyyətlə, ləğv edilməlidir. İndiki şəraitdə belə fikirlər də səslənir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsinə ehtiyac yoxdur.
Bir çox ekspertlər də hesab edirlər ki, Minsk qrupunun fəaliyyətsizlik böhranından xilası və missiyasını davam etdirməsi üçün Türkiyə həmsədrliyə gətirilməli və ya bitərəf ölkələrdən biri tərkibə daxil edilməlidir.
Azərbaycanda belə çağırışlar da var ki, rəsmi Bakı münaqişənin ədalətli həllinə nail olmaq üçün danışıqlar prosesini BMT müstəvisinə keçirməlidir.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Lord Kilkluney da bildirib ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bir maneədir: "Çünki Minsk qrupuna ABŞ, Rusiya və Fransa nəzarət edir. Bu üç ölkə Azərbaycana opponentlik edən ölkədir. Çünki 21 ildir ki, münaqişə öz həllini tapa bilmir".
Münaqişənin həlli ilə bağlı hansı yeni formatın zəruriliyinə gəlincə, Lord Kilkluney bildirib ki, hələlik bu barədə konkret fikir bildirmək çətindir: "Bu sahədə konkret fikir bildirmək üçün zamana ehtiyac var".
Bəs Rusiyanın Minsk qrupunu vasitəçilik missiyasından kənarda qoymaq niyyəti barədə iddialar nə dərəcədə doğurudur?
Politoloq Adıgözəl Məmmədov bildirib ki, erməni politoloq Artur Sakunçun dediyi cəfəngiyyatdır və Rusiyanın Minsk qrupunu ləğvini istəməsi mümkünsüzdür: "Tutalım ki, ləğv olundu. Bəs sülh qarantı kimi hansı qrup və ya ölkə danışıqlar imitasiyası ilə məşğul olacaq? Minsk qrupunun bu vaxta qədər həyata keçirdiyi danışıqlar imitasiyası ən azı görüntü xarakteri daşısa da müharibə təhlükəsinin qarşısını almaqda vasitələrdən biridir".
Ekspert Tərlan Həsənovun fikrincə isə Minsk qrupu yarandığı gündən elə Rusiyanın təsiri altında olub: "Erməni politoloqunun fikrində müəyyən o mənada həqiqətlər var ki, Rusiya regionu əldə saxlamağa çalışır, bu faktdır. Amma Minsk qrupu da Moskvanın təsirindən çıxa bilmir. Onun ləğv edilməsi və yaxud da edilməməsi Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək. Münaqişəni bu qrup yaratmayıb ki, həllində də maraqlı olsun. Münaqişəni bu qrupda təmsil olunan rəsmi Moskva yaradıb. Ona görə də bu formatın ləğvinin Moskva üçün xüsusi əhəmiyyəti yoxdur. Bu qrup Moskvanın təsiri altında olmasaydı münaqişə çoxdan həll olunardı. Mənə elə gəlir ki, rəsmi Moskva region və region ətrafı bölgələri, həmçinin Orta Asiya, eləcə də Yaxın və Orta Şərq bölgəsini nəzarətdə saxlamaq üçün müxtəlif adlar altında hərbi, siyasi birliklər yaradacaq. Onun üçün fərqi yoxdur, bu birliklər aktif fəaliyyət göstərəcək, ya yox. Moskvanın əsas məqsədi belə birlkiləri yaratmaqla təsiri altında olan respublikaları ora dəvət etmək və üzərlərinə hüquqi öhdəliklər qoymaqdır. Bu öhdəlikləri əsas tutan Rusiya öz imperialist maraqlarını həyata keçirə biləcək".
Politoloq Mütəllim Rəhimli isə bildirib ki, proseslərin təhlili göstərir ki, son illərdə regionda baş verən hadisələrdən Azərbaycan öz xeyirinə daha çox bəhrələnə bilib. Qafqazlarda müttəfiqlər axtaran super güclər Ermənistanla əlaqələrdənsə Azərbaycana daha çox üstünlük verirlər: "Birincisi, bu Azərbaycanın yerləşdiyi coğrafi ərazinin əhəmiyyəti ilə bağlıdır. İkincisi, iqtisadi potensialla. Çünki Azərbaycan özünün maddi və maliyyə imkanlarına görə digər ölkələrə sərmayə qoymaq imkanlarına malikdirsə, Ermənistan özü boyda yükdən başqa bir şey deyil. Üçüncüsü, Azərbaycan zəngin enerji resurslarına malikdir. İndiki məqamda bu olduqca əhəmiyyətli və vacib amildir. Hazırda Rusiya Ermənistana tamamilə nəzarət etmək mexanizmlərinə malikdir. Ermənistanın da Rusiyadan başqa kimsənin yanına getmək imkanları yoxdur. Rusiya rəhbərliyi bunu yaxşı bildiyindən Ermənistanı hələ ki, Avrasiya İttifaqına maneəsiz buraxmır. Bunun müqabilində Azərbaycanın bu birliyə qoşulmasına zəmin hazırlayır. Ona görə də işğal olunmuş torpaqlar məsələsini gündəmə gətirib və bunu işğalçı dövlətin diqqətinə çatdırır. Belə münasibət artıq Ermənistanın ictimai, siyasi dairələrində ciddi narahatlıq yaratmaqdadır. Əgər Avrasiya İttifaqı layihəsi uğurlu alınarsa, şübhəsiz Rusiya Qafqazlara nəzarəti əlinə ala biləcək. O zaman ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasına ehtiyac qalmayacaq. Mövcud situasiya göstərir ki, Azərbaycan ən azından Dağlıq Qarabağ ətrafında olan rayonların müharibəsiz geri qaytarılmasına nail ola bilər. Bunun üçün Avrasiya İttifaqı çərçivəsində Ermənistana təzyiq siyasəti davam etdirilməlidir".