Ərdoğanın təmkinli, ehtiyatlı, güclü və təhlükəli rəqibi Dünya

Ərdoğanın təmkinli, ehtiyatlı, güclü və təhlükəli rəqibi

Abdullah Gül köhnə dostuna qarşı çıxacaqmı?
2017-ci ilin son günlərində Türkiyə hökumətinə qarşı 2016-cı ilin çevriliş təşəbbüsünü boğmağa cəhd göstərən mülki vətəndaşlara toxunulmazlıq verən yeni təcili fərman ("Kanun Hükmünde Kararname" – KHK) Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun təmkinli, amma hələ də nüfuzlu sələfi Abdullah Gül arasında söz savaşı doğurub. "Strateq" "Middle East Eye"lə istinadən yazır ki, Gül, 25 dekabr tarixli "tweet"ində KHK-nın məzmunundakı qeyri-müəyyənlikdən qaynaqlanan problemlərin qarşısını almaq üçün mübahisəli fərmandakı ifadənin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Bu "tweet" yüz ölçülüb-biçilərək yazılmış və səciyyəvi diplomatik tərzdə olsa da, Ərdoğanı güclü şəkildə tənbeh etmək üçün yetərli olub. Ərdoğan Yeni İl ərəfəsində Anadolunun şimal-qərb vilayəti olan Düzcədəki mitinqdə buna təpki verib: "Türkiyə, müsəlman dünyası, bütün bəşər ürəkdağlayan şəkildə ağlayarkən, ağzını açmayan, hərəkət etməyən şəxslər indi birdən-birə dilə gəliblər və hər şeyə münasibət bildirirlər". "Nə baş verir? Bu qəfil təpkinin səbəbi nədir? Narahatlığın var?" – deyə o əlavə edib.
Türk siyasətini yaxından təqib edənlər üçün Ərdoğanla Gül arasındakı gərginlik çoxdan bəri şəffafdır, ancaq bu iki açıqlama müharibə elanı və sürpriz olub. Gül, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) Ərdoğan, Bülent Arınç və Əbdüllətif Şənərlə birlikdə qurub; onun rəqibi 2007-2014 illəri arasında Türkiyənin baş naziri vəzifəsində çalışıb. Siyasi karyeraları boyu bir neçə əsas məsələ ilə bağlı fikir ayrılıqları olduğu bilinirdi (məsələn, Gülün və Ərdoğanın 2013-cü ildəki Gezi aksiyasına münasibətdə fərqli fikirləri vardı), lakin Gül tərəfdaşlıqda çat yaratmaq istəmir və bu, 2014-cü ilə qədər ictimaiyyətə göstərilmirdi.
Prezident vəzifəsindəki müddəti tamamladığı ildən etibarən, Ərdoğan Gülün baş nazir roluna dönməsinin yolunu açmayıb və onu siyasi səhnədən çıxarıb. Gül AKP-dəki üzvlüyünü yeniləməyərək, Ərdoğanla yanaşı ictimai fəaliyyətə qoşulmağa imtina cavabı verib. O vaxtdan bəri Abdullah Gül Ərdoğanın təcrübələrinə qarşı mühüm, lakin ehtiyatlı bəyanatlar verib, prezidentin güclü təpkisinə səbəb olmamaq üçün kifayət qədər təmkinli davranıb.
Ehtiyatı əldən verməyən siyasi oyunçu kimi tanınan Gülün son açıq bəyanatları bu iki şəxs arasında gözlənilməz ictimai gərginlik və şok təəssürat yaradıb. Buna görə də, Ərdoğana qarşı son duruşu keçmiş prezidentin gələcək prezident seçkilərinə qoşulması və hətta köhnə dostuna qarşı çıxa biləcəyinə dair türk müxalifətinin ümidlərini artırıb. Bu perspektiv bir neçə səbəbdən Ərdoğanın Türkiyədəki rəqiblərini həyəcanlandırıb.
İlk növbədə, Türkiyədə, doğru şəraitdə, Gülə səs verəcək kütlə – mərkəz sağ seçicilərdən tutmuş Ərdoğanın sosial demokratlara, liberallara və kürdlərə yönəlik siyasətindən narazılara qədər geniş toplum var. Bu insanlar Gülün səmimi tərəfdarları deyil, əksinə, çox dağınıq olan türk müxalifətinə, xüsusən də AKP və ya Ərdoğana ən az on ildir səs verməyənlərdir. Onlar Abdullah Gülü hələ Ərdoğanın sağ əli kimi xatırlayırlar. Bununla belə, türk cəmiyyətinin müxtəlif fraksiyalarını Ərdoğana qarşı birləşdirmək qabiliyyətinə malik müxalifət namizədi olmadığından, Gülün "iki pisdən ən yaxşısı" olduğunu düşünürlər.
Həmin insanlar üçün, Gül hörmət göstərilməli düşməndir – qaydalara uyğun siyasət oyunu oynayan adam. Onlar üçün Gül – (reytinqlərinin ən yüksək vaxtında) oğul-Buş, hətta Trampa kimi bir şeydir. Onlar Gülün arxasında dayananlarla razılaşa bilməzlər, amma daha əlverişli alternativ olmadığından, ona səs verə bilərlər. Ərdoğanın tərəfdarları Gülün mövcud potensialından, doğura biləcəyi təhdiddən xəbərdardırlar, çünki artıq Gülün hökumətin mübahisəli praktikalarına qarşı çıxmasını, narazılığını görürlər. Bəzi Ərdoğanpərəst analitiklər Gülün "bitərəf siyasi karyerasını qeyri-mümkün" hesab etsə də, digərləri Gülü müxalifət üçün "piyada"dan başqa bir şey olmadığı fikrini müdafiə edir.
Hökumətyönlü gündəlik qəzeti olan "Sabah"ın köşə yazarı Engin Ardıç yanvarın 5-də "Gülün şansı yoxdur" adlı yazısında Türkiyə müxalifətinin ümidsiz olsa da, Gülü Türkiyədə Emmanuel Makrona çevirməyə çalışdığını iddia edib. O əlavə edib ki, Gülün prezident seçkilərində namizədliyi ikinci turda Ərdoğanın qələbə qazanması və müxalifətin ilk turda zəfər qazana bilməməsinə səbəb olacaq. Onilliklər ərzində Fəthullah Gülənin ən görkəmli müttəfiqlərindən biri olan və çevrilişdən sonra Türkiyə hökumətinə yaxınlaşan "Yeni Akit"in köşə yazıçısı Lətif Ərdoğan Gülün "prezidentliyə namizədliyini" siyasi intihar "adlandırıb. "Gül artıq Gezi parkında baş verən hadisələr nəticəsində etibarını itirib, onun KHK-ya dair rəyi bu etibarın qalıqlarını tamamilə dəfn edib".
Türkiyənin ana müxalifət partiyasının – CHP-nin funksionerləri Gülün siyasi arenaya qayıdışı ilə əlaqədar bədbəxt görünürlər. CHP lideri Kamal Kılıçdaroğlu 2019-ci ildə Ərdoğana qarşı əsas namizəd olacağını söyləyib və Gülün bu yarışda güclü, yeni bir iddiaçı kimi görünməsini istəmir. Öz növbəsində, Abdullah Gül hələ prezidentliyə iddiasını təsdiqləməyib, lakin o, söz-söhbətləri inkar etməkdən açıq-aydın çəkinir. Gül hər bir hərəkətini diqqətlə hesablayır və o, qələbə qazanmağa inandıqda, Ərdoğanla yarışmağa etiraz etməyəcək. İndi o, sadəcə gözləyir və Ərdoğanın illər ərzində yığdığı kifayət qədər böyük siyasi kapitalı itirdiyini və seçkini uduzmaq şansının olub-olmadığını qiymətləndirir.
Əlbəttə, Gül köhnə yoldaşına qalib gəlməyi qərara alsa, 2014-cü ilin prezident seçkilərində İslam Əməkdaşlıq Təşkilatının sabiq katibi Ekmələddin İhsanoğlunun yaşadığı biabırçı məğlubiyyət ehtimalı ilə qarşı-qarşıya qala bilər. İhsanoğlu kimi, Gül də Ərdoğan deyil. Bu, onu həm prezidentliyə namizəd hesab edilməsinin səbəbi, həm də prezidentlik ambisiyaları qarşısında ən böyük maneə ola bilər. Yalnız zaman Gülün keçmiş yoldaşına qarşı çıxmağa cəsarət edəcəyi türk müxalifətinin gözlənilməz xilaskarı olub-olmayacağını göstərəcək.