“ABŞ-n hava zərbələrindən 300 Rusiya muzdlusu həlak olub” Dünya

“ABŞ-n hava zərbələrindən 300 Rusiya muzdlusu həlak olub”

"Reuters" agentliyi üç ayrı mənbəyə istinadən xəbər verir ki, ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində ABŞ aviasiyasının endirdiyi zərbələr zamanı 300-dən çox Rusiya muzdlusunun öldüyünü və yaralandığını təsdiq edir.
Virtualaz.org xəbər verir ki, agentlik onların hamısının "Kremlə bağlı özəl hərbi şirkətdə işlədiyini" bildirir. Adının açıqlanmasını istəməyən hərbi həkim agentliyə 100-dən çox ölü və 200-ə qədər yaralı haqda danışıb. Həkimin sözlərinə görə, bu məlumatı o ötən həftə yaralıların dalınca Suriyaya göndərilən reanimotoloqdan öyrənib.
"Reuters"in istinad etdiyi və "Vagnerin ordusuna" yaxın digər mənbə isə deyib ki, ona Rusiyadan olan azı 80 muzdlunun həlak olması barədə məlumdur. Mənbə bu məlumatı fevralın 7-də olmuş döyüşlərin iştirakçısı ilə söhbətdən eşitdiyini deyib. Məndə deyib ki, ümumiyyətlə 300-dən çox ölən və yaralanan olduğu haqda deyilənlər doğrudur.
Agentlik "Vagner özəl hərbi şirkəti" ilə əlaqə yarada bilməyib. Rusiya Müdafiə Nazirliyi isə Suriyadakı itkilər haqda danışmayıb.
Xatırladaq ki, fevralın 7-də axşam saatlarında Deyr əz-Zor əyalətində, Fərat çayı sahilindəki Hişam rayonunda Bəşər Əsədi dəstəkləyən qüvvələr, o cümlədən "Vagnerin ordusu" kürdlərin nəzarətində olan neft-qaz yataqlarını və qaz emalı zavodunu ələ keçirmək üçün cəmi 1000-ə yaxın döyüşçü olmaqla üç qruplaşma halında hücum edib. Lakin kürdlərdən ibarət "Suriya Demokratik Qüvvələri" ABŞ-ın başçılıq etdiyi koalisiyadan hava dəstəyi istəyib.
Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri F-22 "Raptor" qırıcısı, MQ-9 pilotsuz döyüş təyyarəsi, B-52 strateji bombardmançısı, F-15E hücum təyyarəsi və "Apache" vertolyotlarını tətbiq edərək 3 saat ərzində həm hücuma keçən qüvvələrə, həm ehtiyat bölmələrə və hərbi texnikaya sarsıdıcı zərbələr endirib. Bu zaman yüzlərlə muzdlu həlak olub. İndiyə qədər o cümlədən həmin döyüşlərin iştirakçılarına istinadən "Vagnerin ordusu"nun 215-dən 600-ə qədər muzdlu itirdiyi haqda xəbərlər yayılıb. Yüzlərlə ağır yaralı var və onlar Rusiyanın üç hərbi hospitallarında yerləşdirilib.
Qeyd edək ki, rəsmi Moskvanın təkzib etdiyi xəbəri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təsdiqləyib.
O, Rusiyada əmək qabiliyyəti olan kişilərin işi olmadığına görə döyüşmək məcburiyyətində qaldığını bildirib: "Suriyada böyük qism qrup ölüb. Onların rəsmi hərbi qulluqçular olmasının fərqi yoxdur. Onlar bizimdir, rus kişiləridir. 300 ailə atasız, başsız qaldı".