Qüds düyünü regionu təhlükəyə atıb Dünya

Qüds düyünü regionu təhlükəyə atıb

Qüdsdə ABŞ səfirliyinin açılması dünya dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İsrailin silahsız fələstinli etirazçıları qətlə yetirməsi isə böyük etirazlara səbəb oldu. ABŞ Qulf Analitik Mərkəzinin politoloqu doktor Teodor Karasik bildirib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi, fələstinli gənclərin etirazları ilə birlikdə, Fələstinin vətən torpaqları məsələsinin həlli yolunu tapmaq üçün yeni bir fəsil açdı. Şiddət vasitəsilə Fələstin problemi öz həlli yolunu tapa bilməyəcək. Körfəzdə, eləcə də Vaşinqtonda belə bir fikir inkişaf etməkdədir ki, Fələstin sualı yalnız Ağ Ev vasitəsilə öz həllini tapa bilər: "Türkiyə – İsrail münasibətləri sürətlə məhv olur. Bundan sonra baş veərəcəklər çox önəmlidir. İordaniya ilə Türkiyə İsrail mövzusunda yaxınlaşma nümayiş etdirirlər. Onların Qüds problemi ilə bağlı atacaqları addım ərəb ölkələrinin cavabını istiqamətləndirəcək. Səudiyyə və Birləşmiş Ərəb Əmirliyi isə Məhəmməd Dahlanı rəhbər təyin edərək Fələstinin dövlət məsələlərini həllini pərdələməyə çalışır".
Politoloq onu da qeyd edib ki, ərəb ölkələri aksiya iştirakçılarının öldürülməsi ilə bağlı açıq şəkildə bir bəyanat verir, amma pərdə arxasında ərəb ölkələrinin əksəriyyəti İrana qarşı mübarizədə İsraillə birləşməyə çalışır. İsrail üsyançıların Feysbuk vasitəsilə HƏMAS tərəfindən maliyyələşdirildiyini iddia edir. Bu da öz növbəsində şiddət yaradır. Nəticədə hər iki tərəf günahlandırılır.
Analitik Vüqar Zifəroğlu isə deyib ki, İsrailin paytaxtın Qüdsə köçürülməsi ilə bağlı qərar verməsindən və ABŞ-ın bunu dəstəkləməsindən sonra Qüds ətrafında proseslərin kəskinləşəcəyi bəlli idi. Bütün bunların kifayət qədər ciddi toqquşmalara, qarşıdurmalara səbəb olacağı və yeni geosiyasi münaqişə ocağının alovlanacağı da gözlənilirdi. Hazırda biz bunun şahidi olmaqdayıq. O bildirib ki, ərəb ölkələri, Türkiyə və İranın Qüds məsələsində nə dərəcədə bir araya gəlib, vahid mövqe sərgiləyəcəyi hələ müəmmalıdır: "Ələlxüsus ərəb ölkələrinin öz aralarında bu məsələ ilə bağlı nə dərəcədə konkret, vahid bir mövqe ortaya qoyacaqları maraqlıdır. Çünki Qətər böhranından sonrakı dönəmdə ərəb ölkələrinin öz daxilində də müəyyən fikir ayrılıqları olduğu ortaya çıxdı. Bu fikir ayrılıqları İsrailə münasibətdən tutmuş ABŞ-ın Yaxın Şərq siyasətinə qədər, bir çox məqamlarda özünü göstərir. Digər tərəfdən, burada İran faktoru var. Çünki İran Qüds və Fələstin məsələsini hər zaman özü üçün prioritet hesab edib. Ümumiyyətlə, 1979-cu il islam inqilabından sonra İran öz xarici siyasətini iki əsas ideoloji istiqamətdə qurub: şiə inqilabının ixracı və Fələstin problemi".
Analitikin sözlərinə görə, İranın xarici siyasət kursunun bu iki istiqaməti antiisrail və antiqərb mövqeyinin sərgilənməsində birləşir: "Bu mənada baş verən proseslərdə əslində maraq İranı bu hadisələrdən sıxışdırmaqdır. Çünki əksi olsa, İran öz mövqelərini daha da möhkəmlədə bilər. İran hər Ramazanın sonunda "Qüds günləri" keçirir. İran bundan hər zaman maksimum dərəcədə öz təbliğatı, reklamı və ideoloji platformasının möhkəmləndirilməsi istiqamətində istifadə edir. Bu mənada qarşıdakı günlərdə ərəb ölkələri və İranın Qüds məsələsinə görə mövqelərinin yaxınlaşıb-yaxınlaşmayacağı sual altındadır".
Analitik qeyd edib ki, Türkiyə də hər zaman Fələstin məsələsinə həssas yanaşıb: "Mövcud Türkiyə iqtidarı bu problemi dəfələrlə qabardıb. İstər İsrailin Qüdsü paytaxt elan etməsinə, istər ABŞ-ın öz səfirliyini Qüdsə köçürmə qərarına Türkiyə açıq şəkildə təəssüfləndiyini və bunların doğru qərarlar olmadığını bildirmişdi. Bu mənada Türkiyənin də növbəti mərhələlər üçün hansı addımlar atacağı xüsusi əhəmiyyət kəsb edir. Hazırda ərəb ölkələri, ərəb ölkələrinin daxilindəki müəyyən qarışıqlıqlar, ziddiyyətlər, İran və Türkiyə faktoru bütövlükdə islam aləminin Qüdslə bağlı mövqeyinə ciddi təsir edən amillərdir. İslam sivilizasiyasının kifayət qədər həssas olan Fələstin məsələsinə nə dərəcədə münasibət bildirəcəyi qarşıdakı günlərdə məlum olacaq".
Qeyd edək ki, fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etirazlara başlayıblar. Etirazlar nəticəsində 59 fələstinli ölüb, 2700-dən çox insan yaralanıb. Olayla bağlı İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası çağırılıb.