İran Suriyada Rusiya-İsrail basqısı qarşısındadır Dünya

İran Suriyada Rusiya-İsrail basqısı qarşısındadır

"Tehran 100 milyard dollardan çox yatırım qoyduğu Suriyanı tərk etməyəcək"

Tehran Suriya prezidenti Bəşər Əsəd rejiminin müdafiəsinin təminatı üçün çox böyük resurslar göndərib. Şübhəlidir ki, çıxıb getməyə hazırlaşır. İsrail israr edir ki, Rusiya – Əsədin əsas müttəfiqi – və başqa beynəlxalq oyunçular İranı Suriya ərazisini tərk etməyə məcbur qoysunlar və əks halda, Suriyada İran mövqelərinə aviazərbələrin sayını artırmaq hədəsi gəlir.
The Foreign Policy (ABŞ) yazır ki, ABŞ dövlət katibi Mayk Pompeo İranın Suriyadan çıxmasını Vaşinqton nüvə sazişindən çıxandan sonra Amerika sanksiyalarının tətbiqindən yayınmaq üçün irəli sürülən və Tehranın yerinə yetirməli olduğu 12 şərt siyahısına daxil edib. Lakin İranın rəsmi şəxsləri və bir sıra ekspertlər qeyd ediblər ki, Tehran Suriyaya hədsiz dərəcədə çox vəsait yollayıb və İsrail zərbələrinə və hətta Moskva tərəfdən basqıya baxmayaraq öz mövqeyindən imtina etməyəcək. İran bu qədər əhatəli yatırımlar edərək Suriyanın təklif edə biləcəyi uzunmüddətli strateji üstünlüklərdən faydalanmaq niyyətindədir.
İran təkid edir ki, Dəməşqin dəvətilə Suriyadadır və yalnız onun xahişiylə qalır. İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Bəhram Qasimi bildirib: "Bu gərəkdirsə və nə qədər ki terror təhlükəsi var, habelə Suriya hökuməti istəyirsə, İran Suriyada öz iştirakını saxlayacaq və Suriya hökumətinə dəstəyə öz töhfəsini verəcək".
Əsəd bu həftə Rusiya televiziyasına müsahibədə bildirib ki, Suriyada heç vaxt İran qoşunları olmayıb. O deyib: "Bizdə Suriya ordusuna yardım etməklə onunla işləyən İran zabitləri var".
İran bütün Yaxın Şərq və Cənubi Asiyadan könllü yığmalar toplayır və təlim keçir və həlak olanların ailələrinə maliyyə dəstəyi göstərir. Amerika alimi və İranın keçmiş diplomatı Mənsur Fərhəngin hesablamalarına əsasən, İran hərbi və iqtisadi yardım çərçivəsində Suriyaya 30 milyard $-dan az olmayan yardım edib. Tafts universiteti yanında Hüquq və Diplomatiya Məktəbindən Yaxın Şərq üzrə mütəxəssis Nədim Şəhadinin dəyərləndirməsi daha yüksəkdir. Şəhadinin sözlərinə görə, İran Suriyaya, təxminən, 15 milyad $ göndərib, yardımın ümumi tutumu isə 105 milyard $-a başa gəlib.
İstanbul "Omran" Strateji Araşdırmalar Mərkəzinin eksperti Navar Oliver hesab edir ki, İran hazırda Suriyanın bütün ərazisində yerləşən 11 bazaya sahibdir, həmçinin şiələrin Hələb, Xoms və Deyr-əz-Zorda yerləşən 9 bazasına, habelə Livanın "Hizbullah" hərəkatının əsasən Livan sərhədi boyunca və Hələbdə yerləşən 15-ə yaxın müşahidə məntəqəsi və bazasına nəzarət edir.
Qeyd etməyinə dəyər ki, İranın Suriyaya marağı adi hərbi iştirak çərçivəsindən kənara çıxır. Tehran artıq Suriya ərazisində maliyyə və ideologiya qurumları qurmağa girişib. İrana bağlı xeyriyyə fondları və onlarla başqa təşkilat Suriya şəhərlərində məktəb, yol və digər infrastrukturların bərpası üzrə böyük layihələr üzərində işləyir.
İran şirkətləri son bir neçə ayda traktor tədarükü, fosfat hasilatı, elektrik şəbəkələrinin təmiri və şəkər emalı üçün Suriya ilə sazişlər bağlayıb. İran rəsmilərinin verdiyi dəyərləndirmələrə əsasən, İran əvvəlkitək Suriyaya hər il ümumi dəyəri 150 milyion dollardan az olmayan mal ixrac edir. Tehran 2013-cü ildən Suriyaya həmçinin həcmi 4,5 milyard $-dan az olmayan kredit verib.
İran və suriyalı, iraqlı müttəfiqləri habelə İraq-Suriya sərhədinin böyük hissəsinə – inşaat materialları və enerji daşıyıcılarının idxalı üçün tranzit zonaya nəzarət edirlər. Bu şərait İrana gələcəkdə Suriyada önəmli rol oynamağa və ora qoyulmuş yatırımları qaytarmağa imkan verəcək.
Oliver hesab edir: "Onlar Suriya səhrasındakı yola və önəmli boru kəmərinə nəzarət edirlər. Belə çıxır ki, kimsə İranın xəbəri olmadan bu ərazidə hər hansı layihəni gerçəkləşdirə bilməz".
Bir sıra ekspertlərin fikrincə, yalnız Suriya hökumətinin hərbi məğlubiyyəti İranı Suriyanı tərk etməyə məcbur edər.
Şəhadi bildirib: "İranlılar getməyəcəklər. Onlar ruslar tərəfdən basqı üzündən, sadəcə, durumu yumşaltmaq üçün taktiki güzəştlərə razılaşa bilərlər. Lakin əsasən strateji bölgəsəl problemləri həll etmək üçün Suriya ərazisindədirlər".