“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” Dünya

“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi”

Sənəd iyunun 27-də AŞPA Bürosunda müzakirə olunacaq

Dünən Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk günündə qurumun Bürosunun iclası keçirilib.
APA-nın Avropa müxbirinin xəbərinə görə, iclasda ənənəvi olaraq bu həftə ərzində keçiriləcək plenar iclasın gündəliyi müzakirə edilib və "Ukraynadakı müharibənin humanitar nəticələri" ilə bağlı mövzu fövqəladə müzakirələr kimi Assambleyanın gündəliyinə salınıb. Bu mövzu ətrafında müzakirələr sessiyanın dördüncü günündə keçiriləcək.
Toplantıda Azərbaycanla da bağlı bir neçə məsələ müzakirə edilib. Müzakirələrdə iştirak etmiş avropalı deputatların dediyinə görə, iclasda AŞPA sədri, xanım Ann Brassör Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeye Azərbaycan tərəfindən viza verilməməsi məsələsini yenidən qaldırıb.
Bundan başqa, azərbaycanlı millət vəkili Elxan Süleymanovun qətnamə üçün təklif etdiyi "Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi" sənədinin AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında müzakirə edilməsi qərara alınıb.
İrlandiyalı deputat Mikael McNamaranın isə qətnamə üçün təklif etdiyi "Azərbaycanda siyasi məhbuslar"la bağlı sənədin qurumun Monitorinq Komitəsində saxlanılması və bu məsələ ilə Azərbaycan üzrə həmməruzəçilərin məşğul olması qərara alınıb.