“Avropa Trampa təzyiq göstərir” Dünya

“Avropa Trampa təzyiq göstərir”

"Avropa artıq çoxdan öz ordusunu yaratmağa hazırlaşdığını bəyan edir. Bunu etmək istəyən danışmır, həyata keçirir. Avropada orduyla bağlı danışıqların hədəfi Vaşinqtonu uşaqcasına qorxutmaq və şantaj etmək cəhdidir. Yəni Avropa bununla Trampın AB üzvlərindən NATO üçün xərcləri artırmasıyla bağlı təzyiqlərini azaltmaq istəyir".
Bunu tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.
Onun sözlərinə görə, əgər bu gün Tramp AB-nin öz hərbi xərclərini ÜDM-lərinin 2%-i miqdarında artırması fikrindən imtina etsə, o zaman Avropa ordusuyla bağlı bütün danışıqların hamısı yox olacaq. Qərb demokratiyasının olduğu dünyada yekun tariflər və qiymətlər olmur. Ona görə də Paris, Berlin və onların bütün qonşuları anlayır ki, onlar NATO büdcəsinə ÜDM-lərinin 2%-i miqdarında ödəniş etdikləri təqdirdə Vaşinqton bununla kifayətlənməyəcək və daha 4% tələb edəcək. Avropa ABŞ-ın öz ərazisinə təsirini bitirmək iqtidarında deyil, çünki bunun üçün müharibə lazımdır. Məhz müharibə vasitəsilə ABŞ Avropanın öz ərazisindəki təsirinə son qoyub. Lakin indiki vəziyyətdə ABŞ asan şəkildə avronu dəstəkləməyi dayandırıb, AB-ni maliyyə baxımdan məhv edə bilər. AB-nin aparıcı ölkələrinin rəhbərləri bunu yaxşı anlayırlar, ona görə də ABŞ-ın ünvanına uşaqcasına təhdidlərə cəhd etməkdən başqa heç bir addım atmırlar. Makron Napoleon və ya Hitler olmadığına görə onu Ağ Evdə ciddi qəbul etmirlər. Üstəlik, orada Yunker kimi siyasətçiləri də ciddi qəbul etmirlər. Böyük ehtimalla, onların hamısı Amerikanın özünün dəstəklədiyi şəxslərdir, əks halda onların hakimiyyətə belə asan şəkildə gəlmələri mümkün deyildi. Amerika özünün icazəsi olmadan Avropada hakimiyyətə gələcək siyasətçilərdən qorxmalıdır.
Politoloq Avropa ordusunun formalaşmasının NATO-nun parçalanması prosesini başlada biləcək ehtimallara da toxunub. Bildirib ki, Amerika artıq əksər hallarda NATO-dan yan keçməklə özü təkbaşına hərəkət edir: "Buna misal olaraq Gürcüstan və digər ölkələrlə əməkdaşlığı göstərə bilərik. Üstəlik, ABŞ-ın Avropa paytaxtları ilə hərbi-texniki məsələləri daimi olaraq razılaşdırılmasının özü Vaşinqtona yalnız mane olur. Birləşmiş Avropa ABŞ-a sadəcə postsovet məkanının tam yekunlaşdırılması üçün köməkçi kimi lazımdır. Belə müvəqqəti məcburiyyət haqqında bir zamanlar Bjezinski də danışırdı. ABŞ bundan sonra Avropanın özünü də atacaq, ona görə ki, o, artıq Amerikanı özünün "arvadyana" tələbləri və kaprizləri ilə çoxdan bezdirib. Tarix göstərir ki, Avropa ölkələri daimi olaraq öz aralarında vuruşublar. Məhz buna görə Vaşinqton bu klassik vəziyyətə onları yenidən buraxmağı arzu edir. Əlbəttə, hansısa Avropa dövləti ayrı-ayrılıqda daha təvazökar büdcə ilə dəstəklənəcək. Buna misal kimi Polşanı göstərmək olar".
Politoloq onu da qeyd edib ki, Fransa prezidenti Makron Almaniyanın Avropa Birliyindəki liderlik mövqeyini yavaş-yavaş tərk etdiyi zamanda aktivləşməyə başlayıb. Bu aktivlik ən azından Berlində yeni kansler peyda olana qədər davam edəcək. Bu, Makrona imkan verir ki, demək olar ki, boş olan meydanda AB-nin qeyri-rəsmi lideri olsun. Belə ki, onun bu iş üçün xüsusi səy göstərməsinə ehtiyac yoxdur. ABŞ bundan sonra Marin Le Pen kimi fransız xadimləri ilə işləməyəcək: "Onlar sadəcə olaraq belə şəxslərdən özlərinə sərf etdikləri halda taktiki planda istifadə etməyə çalışacaqlar. Makron əslində tam olaraq amerikayönlü siyasətçidir. Bunu Fransa Prezidentinin ABŞ Prezidenti Donald Trampla görüşündəki davranışları da göstərir. O, ABŞ-a qarşı getməyə cəhd etmir, əks təqdirdə heç kimə bəlli olmayan Makron ABŞ-ın yardımı olmadan Fransa prezidenti ola bilməzdi. Ona görə də Vaşinqtona indiki halda Rusiya ilə layihələrdən imtina etməyən Merkelin yerinə Makronun AB-nin qeyri-rəsmi lideri olması sərfəlidir".
Avropa Birliyi hələlik süqut etmədiyi üçün onun müdafiəsinə ehtiyac yoxdur. Əlbəttə, çoxları istəyir ki, Avropa Birliyi süqut etsin, amma bu yalnız bir halda - ABŞ-ın onu öz taleyi ilə baş-başa buraxacağı təqdirdə - baş tuta bilər: "Belə olan halda AB-nin daxilində dərhal özünün blokları və maraqlar qrupu yaranacaq. Bu fonda hansısa güclü liderlər peyda olacaq. AB-nin ABŞ-a tabe olduğu zaman çərçivəsində belə liderlər peyda olmurlar. AB-nin daxilində fikir ayrılıqları Avropanın bundan sonra avtomatik olaraq Rusiya ilə dostlaşacağı anlamına da gəlmir. Əgər Avropa daha müstəqil olsa, o, Rusiyaya öz təzyiqlərini gücləndirə bilər. Belə vəziyyət bizim tariximizdə artıq bir neçə dəfə təkrarlanıb. Lakin Makron Olland və Sarkozi kimi elə bir miqyaslı fiqur deyil ki, üzərinə çox şey götürsün. AB daxilindəki millətçi cərəyanlara gəldikdə isə bu, daha çox miqrantlardan olan yorulma ilə əlaqədardır. Avropada yenidən, ikinci dəfə, yüz il əvvəl olduğu kimi, millətçi partiyalar ortaya çıxmayacaq. Heç nə və heç vaxt eyni formada təkrarlanmır".