Müxalifətlə hakimiyyət arasında razılıq pozuldu Dünya

Müxalifətlə hakimiyyət arasında razılıq pozuldu

Ukrayna müxalifəti Kiyev Meriyasının binasını yenidən ələ keçirib

Cavid

Ukraynanın paytaxtı Kiyevdə 3 aya yaxındır şəhər administrasiyasının binasını zəbt edən anti-hökumət etirazçıları bu səhər binanı tərk ediblər. Binanın yenidən Kiyev meriyasına təhvil verilməsi Ukrayna prezidenti Viktor Yanukoviçin imzaladığı əfv fərmanının bir hissəsi olaraq baş tutub. Ukrayna müxalifətinin liderləri bildiriblər ki, nümayişçilərə qarşı irəli sürülmüş bütün ittihamların geri götürüləcəyi təqdirdə, etirazçılar tutduqları bütün hökumət binalarını tərk etməyə hazırdırlar.
Etirazçıların əksəriyyəti isə bu addımı atmalarını məğlubiyyət kimi qəbul edirlər. "Biz inqilabda məğlub olduq. Kiyev şəhər administrasiyasının binasını tərk etdiyimizə görə məğlub olmuş sayılırıq" - deyə, etirazçılardan biri bildirib.
Kiyev şəhər administrasiyası binasının təhvil verilməsi prosesi Ukraynadakı İsveçrə səfiri Kristian Şöenenberqerin vasitəçiliyi ilə baş tutub. Müxalifətçilər tərəfindən razılaşmanı "Svoboda" partiyasının mətbuat katibi Ruslan Andriyko, şəhər administrasiyasından isə mer Vladimir Makeenko imzalayıb.
"Təhvil vermə 16 fevral tarixində, saat 10:20-də baş tutdu. Beynəlxlaq müşahidəçilərdən İsveçrə səfirliyini və ATƏT-i təmsil edən Kristian Şöenenberqer iştirak edirdi. Mən də Kiyev şəhər administrasiyasının adından imza atdım" - deyə, Kiyev meri Vladimir Makeenko bildirib.
Bu addım aksiyalar zamanı saxlanmış 234 müxalifətçinin hamısının azad edilməsinə cavab olaraq atılıb. Ali Radada qəbul edilmiş "Amnistiya haqqında" qanuna əsasən, müxalifətçilər ələ keçirdikləri inzibati binaları fevralın 17-dək azad etməlidirlər.
Müxalifət qüvvələri Ternopol, İvano-Frankovsk, Lvov və Poltava vilayətlərinin administrasiya binalarının mühasirəsini də aradan qaldırıb.
Müxalifətçilər Kiyev Administrasiyasının binasında təmizlik işləri aparıb, əşyalarını "Oktyabr" sarayına və "Ukrayna Evi"nə yerləşdiriblər. Bununla belə, fəallar etirazlarını Kiyev Administrasiyası qarşısında davam etdirəcəklər.
Bundan başqa, "Amnistiya haqqında" qanuna uyğun olaraq, müxalifət qüvvələri Ternopol, İvano-Frankovsk, Lvov və Poltava vilayətlərinin Administrasiya binalarının mühasirəsini də aradan qaldırıb.
Xatırladaq ki, Kiyevdə və Ukraynanın daha bir neçə şəhərində anti-hökumət nümayişləri ötən ilin noyabrında başlayıb. Müxalifət tərəfdarları Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaq əvəzinə, Gömrük İttifaqına qoşulmaq niyyətinə qarşı etiraz edirlər.
Bu arada Ukraynada müxalif partiya "Batkivşçina"nın lideri Arseniy Yatsenyuk hökumət əleyhdarı aksiyaların davam etdiyi paytaxt Kiyevdə meydanların boşalmayacağını bildirib. Türkiyə mətbuatının məlumatına görə, A.Yatsenyuk bildirib ki, əsas olan məhbusların sərbəst buraxılması idi.
O, Həmkarlar İttifaqı binasını, "Sentyabr Evi"ni, "Ukrayna Evi"ni və meydanları boşaltmayacaqlarını vurğulayıb.
"UDAR" partiyasının lideri, ölkə parlamentinin deputatı Vitaliy Kliçko isə ona qarşı irəli sürülən Almaniyada daimi yaşamaq hüququna malik olması ittihamlarını rədd edib: "Mən YUNESKO-nun səfiriyəm və hər hansı ittihamlar qarşısında özümə haqq qazandıracağımı gözləyənlər əbəs yerə belə düşünürlər. Bəli, mənim Avropada yaşamaq hüququm var idi. Hazırkı gündə isə bu hüququm yoxdur. Ölkədə müstəqillik elan edildikdən sonra mən Ukrayna vətəndaşıyam və bu gün də həmin statusu daşıyıram. Aımaniyada yaşamaq hüququm da yoxdur".
Dnepropetrovskda düzənlənən mətbuat konfransında çıxış edən müxalifət lideri onu da qeyd edib ki, "Almaniya Federativ Respublikasına xidmətinə görə" ordenini o, ictimai fəaliyyətinə görə alıb: "Bundan əlavə, mən Ukraynada da eyni adlı mükafata layiq görülmüşəm. Ukraynada da məni ictimai fəaliyyətim qiymətləndirilib. Bu səbəbdən, mənim hər hansı bir ittiham qarşısında özümü təmizə çıxarmağıma ehtiyac da yoxdur."
Qeyd edək ki, KİV-lər Kliçkonun xarici ölkələrdə yaşamaq hüququnun araşdırılması istiqamətində məhkəmə istintaqının getdiyi informasiyasını yayıblar. Poltava şəhərinin administrativ məhkəməsi müxalifət liderindən bu barədə izahat tələb edib və iqtidara yaxın olan deputatlar onun hansı xidmətlərinə görə xarici dövlət tərəfindən mükafatlandırılması barədə fikirlərini bildirməyi tövsiyə ediblər.
Bundan əvvəl Ukrayna Ali Məhkəməsi "UDAR" lideri Kliçkonun prezidentliyini qadağan edən qanunu qüvvədə saxlayıb. Həmin qanuna görə daimi olaraq başqa bir ölkədə yaşayan şəxs Ukrayna vətəndaşı sayılmır. Müxalif lider Vitali Kliçko uzun müddət Almaniyada yaşadığı və orda vergi ödəyicisi olduğu üçün bu qanun onun Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini qadağan edə bilər. Keçmiş boksçu, müxalif liderin özü isə Ukrayna prezidentliyinə namizədlikdə iddialıdır.
Məlum olduğu kimi Ukrayna müxalifətinin liderlərindən olan Arseni Yatsenyuk isə baş nazir postunu tutmaqdan imtina edib. Fevralın 16-da paytaxt Kiyevdə keçirilən xalq yığıncağında söz alan Yatsenyuk deyib: "Prezident Viktor Yanukoviç mənə baş nazir olmağı təklif edib. Yanukoviçə cavabım belədir: vəzifəyə görə satılmıram, cənab prezident. Hakimiyyət bizə barter anlaşmasına getməyi və ölkədə köklü dəyişikliyə ehtiyac olmadığını deyir. Bunun əvəzində bizə yüksək vəzifələr vəd edir. Lakin mən deyirəm, biz möhkəm dayanmışıq və mövqeyimiz də dəyişməyəcək. Biz Ukraynanın gələcəyi üçün məsuliyyət daşıyırıq. Buna görə də Nazirlər Kabinetini özümüz qurmalıyıq".
Ali Rada isə Yanukoviçin Ukrayna naminə müxalifətə etdiyi bu təklifi humanist addım kimi dəyərləndirib. Ali Rada müxalifət liderlərinin bəyanatını ölkədə qarmaqarışıqlığı davam etdirmək niyyəti və ultimatum kimi qəbul edib.
Onu da bildirək ki, hazırda Ukraynada müxalifətin nəzarətində olan zəbt olunmuş altı hökumət binası qalır.
Dünən bütün inzibati binaların və yolların boşaldılmasına ayrılan müddət başa çatıb.
Hazırda həbsdə olan keçmiş baş nazir Yulia Timoşenko isə Qərbi Viktor Yanukoviç hökumətinə hər hansı maliyyə yardımı ayırmamağa çağırıb. O, ayrılacaq pulun diktaturanın möhkəmlənməsinə sərf olunacağını deyib.
Amerika Birləşmiş Ştatları Ukraynada həbs olunan nümayişçilərin azad olunmasını və müxalifətin tutduğu hökumət binalarını tərk etməsini alqışlayır. ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Ukrayna hakimiyyətinə inanın yaranması üçün hakimiyyət "Avromaydan" iştirakçılarına, nümayişçilərə və fəallara qarşı izləmə, həbs və cinayət işi açılmasını dayandırmalıdır: "Ukraynada gərginliyin azaldılması üçün ölkədə real səlahiyyətləri olan, baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürə və Ukrayna xalqının rəğbətini qazana biləcək çoxpartiyalı hökumət formalaşdırılmalıdır".
Lakin son məlumata görə, dünən Ukrayna müxalifəti Kiyev Meriyasının binasını yenidən ələ keçirib. Müxalifət üzvləri bildirib ki, hakimiyyətlə gəlinən razılığa baxmayaraq, onlar binanı əldən verməyəcəklər. Hadisəyə görə məsuliyyəti "Narıncı inqilabın koalisiya iştirakçıları"nın lideri Sergey Melniçenko üzərinə götürüb. O bildirib ki, onu və tərəfdarlarını müxalifətlə iqtidarın anlaşmalarının məqsədi maraqlandırır. Melniçenko meriyanın binasının "Ukrayna patriotları"nın əlində olduğunu bildirib. O iddia edir ki, hakimiyyət "Avromaydan"ın saxlanılan tərəfdarlarının hamısını azad etməyib və buna görə də meriya binası boşaldılmayacaq.
Binada Melniçenko tərəfdarları ilə bərabər ,"Qara komitə", "Sosialist-Milli Assambleya", "Vikinq" və "Narniya" kimi tanınan qrupların nümayəndələri də var. İnternetdə bu barədə videogörüntülər də yayılıb. Həmin şəxslər xüsusi maskalar taxaraq, təhlükəsizliklərinə tam təminat verilməyənə qədər meriya binasında yaşayacaqlarını bildiriblər. Bununla belə onlar meriya əməkdaşlarının işə gəlib-getmələrinə və işləmələrinə mane olmayacaqlarına zəmanət verirlər. Maraqlısı budur ki, digər bir müxalifət partiyası olan "Azadlıq"ın tərəfdarları binaya gələrək onları ordan çıxarmağa cəhd ediblər. Müxalifət nümayəndələrinin arasında dava da düşüb. "Azadlıq" Partiyasının tərəfdarları içəridəkilərə müraciət edərək, onların hakimiyyət tərəfindən heç bir təzyiqə məruz qalmayacaqlarına zəmanət verərək binanı tərk etməyə çağırıblar. "Azadlıq" Partiyasının üzvləri sonunda binaya daxil ola biliblər. Lakin onlar da içəridə qalıblar. Danışıqlara gedən şəxslərdən biri "Azadlıq"dan Radaya deputat seçilən Eduard Leonovdur. O bildirib ki, hələ bir müddət bina milliyətçilərin nəzarətində qalmalıdır. Buna səbəb kimi o, hakimiyyətin burda "Berkut"un ştabını qurmaq niyyətini göstərib.