İmamoğlu Ərdoğana rəqib olacaq? Dünya

İmamoğlu Ərdoğana rəqib olacaq?

İyunun 23-də İstabulda təkrar bələdiyyə seçkiləri keçirildi. Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında olub və nəticədə Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu 54,03 faiz səs çoxluğu ilə qalib gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və B.Yıldırım Ə.İmamoğlunu təkrar bələdiyyə seçkilərində qələbə çalması münasibətilə təbrik edib.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb. Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.
İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu deyib ki, İstanbulda qanun və ədalət hökmranlıq edəcək.
Ə.İmamoğlunun sözlərinə görə, İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək:
"Mən İstanbul sakinlərinə söz verirəm ki, onları heç kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək".
Ə.İmamoğlunun qələbəsi müxtəlif aspektlərdən çözülür.
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Sezai Təməlli bildirib ki, İstanbul seçkisində nəticələrin müəyyən edilməsində HDP-nin rolu olub. HDP tərəfsiz siyasətini qoruyaraq seçkini bir demokratiya mübarizəsinə çevirməklə, bütün xalqların ümidi olub.
Təməlli PKK-nın keçmiş lideri, hazırda İmralı həbsxanasında cəza çəkən terrorçubaşı Abdulla Öcalanın İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərlə bağlı HDP-yə bitərəf qalması yönündə çağırışına da münasibət bildirib: "Qütbləşmə siyasətindən yana deyilik, seçki strategiyamız və taktikamız dəyişməzdir".
Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkisindən öncə S.Təməlli CHP-nin Ankara və İstanbuldan olan namizədlərinə müraciətində belə bir açıqlama vermişdi: "Mənsur Yavaş və Əkrəm İmamoğlu seçkilərdə qalib gəlsə, bilsinlər ki, 3 milyon kürdün səsi ilə seçiliblər".
Xatırladaq ki, Ankara və İstanbulda bələdiyyə seçkilərində CHP-nin namizədləri qalib gəlib.
Türkiyəli yazar Yusuf Qaplan isə deyib ki, AKP-nin daxilindəki bəzi şəxslər bu partiyaya zərər verirlər.
O, Əkrəm İmamoğlunun İstanbul bələdiyyə başqanı seçilməsini belə şərh edib:
"Bu, PKK-nın çevriliş oyunudur. Əkrəm İmamoğlunu 2023-cü ilə hazırlayırlar. Özü də bunu AKP-dəki bəzi şəxslərin əli ilə edirlər. Görəsən, günahkarlar bundan nəticə çıxaracaqlarmı?"
Qeyd edək ki, 2023-cü ildə Türkiyədə növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Mustafa Qaplanın bu sözlərlə İmamoğlunun sözügedən seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyinə eyham vurduğu bildirilib.
Ekspert Kamran Sultanlı isə “Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında bildirib ki, bu seçkilər Türkiyə demokratiyası, Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıyırdı. 23 iyun seçkiləri 31 mart seçkilərindən bir çox aspektdə fərqlənirdi. Əgər birinci seçkilərdə hər iki namizəd ümumi olaraq mübarizə aparırdısa, ikinci seçkilərdə məzlum mübarizəsi gedirdi: “Türk xalqı üçün məzlum haqqı tapdalanmış insana böyük dəstək olur və hər iki partiya bunun üçün mübarizə aparırdı. Seçkilər İstanbul uğrunda olsa da tərəflər İstanbuldan kənarda kampaniya apardılar. Bunun bir çox səbəbləri var idi. Səbəblərdən biri də yay aylarında bir çox istanbullunun istirahətdə olması idi. Həmçinin 23 iyun seçkilərində kürdlərin səsi uğrunda böyük mübarizə gedirdi. Buna görə tərəflər həm də kürdlərin kompakt yaşadığı bölgələrdə kampaniya apardılar. Qeyd edim ki, AKP daha da irəli gedərək kürdlərin ideoloji bağlılıqlarından istifadə etməyə, hətta İmralıda olan Öcalana və Demirtaş istiqamətində müəyyən yumşalmalara getməyə çalışdı. Zənnimcə MHP lideri Bahçelinin də bu prosesə reaksiya verməməsi milliyətçi türkləri ya CHP-yə səsverməsinə, ya da seçkiyə getməməsinə səbəb oldu . Kürdlər isə öz liderləri sayılan Demirtaşın çağırışına qulaq asaraq CHP-yə səs verdilər. Kürdlərin İstanbulda kompakt yaşadığı Esenyurt, Kucukmecədə məhz İmamoğlu ən çox səs topladı”.
Ekspert qeyd edib ki, bu seçkilər Türkiyə üçün yeni nəticələr formalaşdıracaq. Artıq qəbul edilməsi mühüm olan İmamoğlu fenomeni var. Bu seçkilərin nəticəsi ölkənin ana müxalifəti sayılan CHP-nin də reytinqini arıtracaq. Həmçinin Kılınçdaroğlu bir çox ittihamlardan bu nəticədən qurtulmağa çalışacaq: “İmamoğlu isə növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi ola bilər. Bu seçkilər bundan əvvəlki prezident seçkilərində ulduzu parlayan İncəni kölgədə qoyacaq. Çünki İncədən fərqli olaraq İmamoğlu sağ kəsimdən də səs qopara bildi. Bu seçkilər Türkiyə siyasi səhnəsində sərt dini ritorikanı zəiflədəcək. Türk xalqı demokratiyaya sahib çıxmaqla həm də 31 martda seçkilərin nəticəsini tanımamağı bağışlamadı. İmamoğlunun seçki kampaniyası da böyük təsir göstərdi. Növbəti illər Türkiyədə gərgin rəqabət içərisində keçəcək. Hakim partiya fiaskoya uğramamaq üçün nələrsə etməlidir. Əks halda İmamoğlu Ərdoğanın özü kimi İstanbul tramplinindən Türkiyə siyasi establişmentinin zirvəsinə çıxacaq”.
Siyasi ekspert Kənan Paşayevin fikrincə isə, Əkrəm İmaoğlunun qələbəsi bir neçə əsasa söykənir. Lakin bunlardan ən vacibi İstanbul əhalisinin dəstəyidir.
Ekspert bildirib ki, İmamoğlunun qələbəsində kürdlər də ciddi rol oynadı:
“31 mart seçkisinin nəticələrinin ləğvindən sonra nəinki sadəcə İstanbul əhalisi, eləcə də bütün Türkiyə İmamoğlunun məğlubiyyətini ölkədə demokratiyanın məğlubiyyəti kimi qiymətləndirirdi.
İmamoğlunun qələbəsində əsas faktorlardan biri də kürdlərin ona verdiyi dəstək oldu. Terrorçubaşı Abdullah Öcalan əslində kürd əhaliyə seçkidə bitərəf qalmağı məsləhət görmüşdü. Amma HDP sədri Səlahəddin Dəmirdaş tam əksinə təlimat verərək, kürdlərdən CHP-yə səs istədi. Əslində bu da yaxşı göstəricidir. Artıq HDP-nin PKK terror təşkilatından asılı hərəkət etmədiyinin göstəricisidir”.
K.Paşayev bildirib ki, İmamoğlunun qələbəsi yalnız Binəli Yıldırımın yox, eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın üzərində qazanılıb:
“İstanbulun AKP üçün itirilməsi iqtidar partiyası üçün ağır nəticələr verəcək. Artıq AKP İstanbulla bağlı bütün planlarında CHP ilə uzlaşmalıdır. Türkiyə 2023-cü ilə yenilənmiş bir idarəçiliklə daxil olacaq. Əgər qarşıdakı illərdə İmamoğlu öz vəzifəsini layiqincə yetirinə yetirib, qazandığı sevgini qoruya bilsə, Türkiyə Cümhuriyyətinin yeni prezidenti olacaq”.
Qeyd edək ki, ötən gün İstanbul böyükşəhər bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə CHP-nin namizədi Ə.İmamoğlu 54,03, AKP-nin namizədi Binəli Yıldırım 45,09 faiz səs toplayıb.