Qərb Rusiyanı çökdürməyə çalışır Dünya

Qərb Rusiyanı çökdürməyə çalışır

Moskva isə Avropa Birliyini Vaşinqtonun diqtəsilə hərəkətə etməkdə günahlandırır

Cavid

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı müxtəlif rəylər səslənməkdədir. Bəzi ekspertlər hesab edirlər ki, Qərbin sanksiyaları əks-təsir doğuracaq. Hesablamalarına görə, bu il birlik ölkələrinin Ümumi Daxili Məhsulunda 0.3 faiz azalma müşahidə olunub. Gələn il isə, bu göstəricilərin 0.4 faiz olması ehtimalları yüksəkdir. İndiyə qədər sanksiyalardan ən çox əziyyətdən çəkən ölkə Almaniya olub. İlin əvvəlindən Almaniya ilə Rusiya arasında olan ticarət həcmi 17 faiz aşağı düşüb. Bu isə, Almaniya büdcəsi üçün 4-6 milyardın itirilməsinə bərabərdir.
Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyaların əsas hədəfi Rusiya banklarıdır. Bundan başqa neft sənayesi ilə bağlı avadanlıqların və ikilitəyinatlı, texnika və elektron cihazların Rusiyaya idxalına bir sıra məhdudiyyətlər tətbiq olunub. Rusiyayla yeni hərbi müqavilələrin bağlanmasına qadağa qoyulsa da, ekspertlərin fikrinə görə, bu yasaq Fransaya öncəki müqaviləni yerinə yetiriməsinə və Moskvaya "Mistral" helikopter daşıyıcıları satmasına maneçilik törətməyəcək.
Rusiyanın Ukraynada hökumətə qarşı çıxan separatçılara dəstək verməsi Qərbin rəsmi Moskvaya qarşı qəzəbini artıran əsas amillərdən biri olub.
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın Rusiyaya yönəlmiş yeni sanksiyalarının Vaşinqton üçün "hiss olunacaq itkilərlə yol açacağını" bildirdi. Rusiya XİH-dən verilən yazılı şərhdə qeyd olunur ki, "uzaqgörən olmayan siyasətin yol açacağı itkilər Vaşinqtonda daha çox hiss olacaq".
ABŞ-ın sanksiyalarının qeyri-qanuni olduğunu diqqətə çəkən Rusiya XİN-i Ukraynada yaşananlardan Rusiyanın deyil, Kiyev rəhbərliyinin məsul olduğunu irəli sürür.
Bundan əlavə XİN-nin məruzəsində Avropa Birliyi də (AB) dərəcədə tənqid olunur. AB-nin Vaşinqtonun təlimatı ilə hərəkət etməsi biabırçı hal kimi qiymətləndirilir.
Şərhdə AB-nin yürütdüyü siyasətin birbaşa Vaşinqtondan diktə edildiyi vurğulanır.
"Avropanın uzun zamandır öz təməl dəyərlərini gözardı edərək Vaşinqtonun səsiylə danışması utandırıcıdır. Moskva AB-nin qlobal məsələlərdə müstəqil rəy bildirə bilməməsindən məyusdur", deyə şərhdə deyilir.
Şərhdə Rusiyanın da bundan sonraki əlaqələrdə sanksiyaları nəzərə alacağı bildirilir.
Böyük Britaniyanın nüfuzlu "The Financial Times" qəzeti yazır ki, son sanksiyalar xüsusən Rusiyanın korporativ bank sektoru üçün "dağıdıcı" olacaq.
Xəbər verildiyi kimi, ABŞ Maliyyə Nazirliyi artıq Rusiyanın üç bankına, o cümlədən Azərbaycanda filialı olan "Vneştorqbank"a (VTB) qarşı sanksiyaları rəsmən elan edib.
Avropa İttifaqının Rusiyaya qarşı iqtisadiyyatın bir sıra bütöv sektorlarına, o cümlədən maliyyə sektoruna sanksiyaları nəzərdə tutan paketi də sabahdan qüvvəyə minir. Bu paketə əsasən Rusiya banklarının və şirkətlərinin Qərbin kapital bazarına çıxışı məhdudlaşdırılır.
"The Financial Times"in yazdığına görə, sanksiyalar Rusiya iqtisadiyyatının iri kreditorlarına çevrilən, dövlətin nəzarətində olan "Sberbank"ı və VTB-ni sarsıda bilər. Son illər bu banklar xarici və yerli rəqiblərini bazardan sıxışdıraraq investisiya bankçılığından tutmuş istehlak kreditlərinin verilməsinə qədər bütün sahələrdə faktiki olaraq inhisarçıya çevriliblər.
Xarizmatik keçmiş iqtisadiyyat naziri German Qrefin rəhbərliyi altında "Sberbank" ötən 7 il ərzində Rusiya ilə yanaşı Mərkəzi və Şərqi Avropada, Türkiyədə filialları olan maliyyə təsisatına çevrilib. Bank Rusiyanın parakəndə depozitlərinin 40 faizinə və kredit portfelinin üçdə birinə malikdir.
"Sberbank" kimi VTB də 2008-ci ilin maliyyə böhranından sonra güclənib və orta ölçülü kreditorları bazardan sıxışdıraraq güclü komandası sayəsində Rusiyanın maliyyə sektorunun aparıcı oyunçularından birinə çevrilib.
"Prosperity Capital" fondundan investisiyalar üzrə müşavir Aleksandr Branis isə hesab edir ki, sanksiyalardan "Sberbank" daha az ziyan çəkəcək, çünki güclü depozit bazasına malikdir.
"VTB üçün isə bu daha mürəkkəb olacaq. Onun maliyyəsinin əsas hissəsi topdan kredit verən mənbələrdən daxil olur. Və onun biznesinin çox hissəsi Rusiyanın xaricindədir" - deyə o bildirib.
Qərbin sanksiyalarının əvəzini Çinlə iqtisadi-biznes münasibətlərini inkişaf etdirməklə çıxmağın mümkünlüyü haqda Rusiya tərəfinin səs-küylü bəyanatlarına baxmayaraq, Moskvada çoxları hesab edir ki, Çin bankları Rusiya şirkətlərinə Qərb bankları kimi uzunmüddətli və ucuz kreditlər vermək imkanında deyil. Ona görə də sanksiyalar bank sektorundan başlayaraq iqtisadiyyatın ən müxtəlif sahələrinə öz mənfi təsirini göstərəcək.
Onu da qeyd edək ki, "Böyük yeddilik" (G7) ölkələri - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya da Rusiyanı növbəti sanksiyalarla hədələyib.
Xarici mətbuatın verdiyi məlumata görə, G7 liderlərinin qəbul etdiyi birgə bəyanatda Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyi sərt tənqid olunub.
Birgə bəyanatda bildirilir ki, əgər Moskva Ukrayna məsələsi ilə bağlı mövqeyini dəyişdirməsə, sanksiyalar paketinin növbəti mərhələsi barədə konkret addımlar atılacaq. Rusiyanı Ukraynaya silah-sursat, həmçinin silahlılar göndərməkdə ittiham edən G7 liderləri Moskvanı bundan çəkinməyə çağırıb.
Xatırladaq ki, dünən Avropa İttifaqı Ukrayna hadisələrinə görə Rusiyaya qarşı hazırlanmış "qara siyahı"ya daha 8 nəfər və 3 kampaniyanı daxil edib. Avropa İttifaqının rəsmi saytında yerləşdirilən məlumatda Krım və Sevastopolda nəqliyyat, telekommunikasiya, energetika, eləcə də neft, qaz, mineral ehtiyatlar sahəsində yeni investisiyaların qoyulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunduğu da qeyd edilib.
Ümumilikdə isə, Ukrayna hadisələrinə görə sanksiyaların tətbiq ediləcəyi "qara siyahı"ya 95 nəfər və 23 hüquqi şəxs daxildir.