Almaniya televiziyası erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb Dünya

Almaniya televiziyası erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb

Almaniyanın MDR ictimai televiziyası bu ölkədə erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb və sənədli film efirə verilib.
Trend-in məlumatına görə, müəllifləri Aksel Hemmerlinq (Axel Hemmerling) və Lüdviq Kendzia (Lüdwig Kendzia) olan məlumatlarda müxtəlif illərdə Türinqen federal torpağının Veymar, Erfurt və Ayxsfeld şəhərlərində erməni mafiyasının iştirakı ilə baş vermiş silahlı qarşıdurmalar, habelə müxtəlif mafiya klanları arasındakı uzunmüddətli münaqişələrdən bəhs olunur. Qeyd olunur ki, Almaniyanın müxtəlif regionlarının yerli hüquq-mühafizə orqanlarının 58 000 səhifəlik sənədlərinin araşdırılması nəticəsində sözügedən silahlı qarşıdurmaların bir-birindən ayrı cinayət hadisələri deyil, mafiya klanları arasında uzun müddətdən bəri davam edən “müharibələrin” təzahürləri olduğu məlum olub.
Sözügedən atışmalarda müxtəlif mafiya başçılarının iştirakının müəyyən edildiyi, Berlin və Şərqi Almaniyada yerləşən erməni mafiya qruplarının Belçika və Fransadakı “qanuni oğrular” tərəfindən idarə olunduğu, post-sovet məkanında (Rusiya, Ermənistan, Gürcüstan, Ukrayna) fəaliyyət göstərən tanınmış “qanuni oğrular”ın vasitəçilik səyləri ilə erməni mafiya qruplarının cəlb olunduğu münaqişələrdə nisbi “sülhə” nail olunduğu qeyd olunur.
Erməni mafiya klanlarının iştirakı ilə 2013 və 2014-cü illərdə müvafiq olaraq Veymar və Erfurt şəhərlərində baş vermiş insidentlərin kökündə milyonlarla avro dəyərində olan avtomobil biznesi, eləcə də Almaniyadan Polşaya daşınan oğurluq avtomobillərin orada hissələrə bölünməsindən sonra yenidən Almaniyaya gətirilərək satılmasına nəzarət uğrunda gedən mübarizənin dayandığı göstərilir.
Ayxsfeld şəhərindəki hadisələr isə 20 ildən artıq bu şəhərdə yaşayan və Almaniya, Fransa, Belçika və Ermənistanda geniş qohumluq əlaqələrinə malik bir erməni sülaləsinin daxilində olan qarşıdurmaların nəticələri kimi təqdim olunur. Ailədaxili çəkişmələrin hələ 2005-ci ildə ölümlə nəticələnən qanlı toqquşmalarla başlandığı, 2017 və 2018-ci illərdə yenidən qanlı toqquşmalarla müşayiət edildiyi, polis tərəfindən bununla bağlı bir neçə əməliyyatın keçirildiyi və həbslərin baş tutduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən bildirilir ki, sözügedən ailə Belçika və Almaniya arasında avtomobil ticarətini həyata keçirir və Almaniyanın Türinqen, Saksoniya və Saksoniya-Anhalt federal torpaqlarına gətirilən avtomobillərin içində qanunsuz olaraq narkotik maddələrin keçirildiyinə dair dəlillər mövcuddur. Klan üzvlərinin spirtli içkilərin qeyri-qanuni ticarəti ilə məşğul olduqları da bildirilir. Ayxsfelddə mövcud olan mafiya klanının 2013-2014-cü illərdə Veymar və Erfurtdakı silahlı qarşıdurmalarda iştirak edən mafiya klanları ilə əlaqəli olmadığı və tam müstəqil fəaliyyət göstərdiyi bildirilir.
27.11.2019 tarixində efirə getmiş “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmdə (https://www.mdr.de/tv/programm/video-359496_zc-12fce4ab_zs-6102e94c.html) mütəşəkkil cinayətkarlığın “qanuni oğru” modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir, Almaniyada və Avropada bu tip mafiya quruluşuna malik olan erməni cinayətkar dəstələrdən bəhs olunur. Filmdə Almaniyada erməni mafiyasına qarşı həyata keçirilmiş FATİL əməliyyatı barədə məlumat verilir, Almaniyadakı erməni mafiyasının İtaliya mafiyası ilə “biznes” (saxta pul əskinazları, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar təqdim olunur, yaxınlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçirildiyi qeyd edilir, erməni mafiya klanlarında güclü iyerarxiyanın olduğu və bu şəbəkələrin qanunsuz miqrasiya yolu ilə daim genişləndirildiyi bildirilir.
Filmdə həmçinin Ermənistanın on illərdən bəri korrupsiya ölkəsi və kleptokratiya olduğu, erməni mafiya başçılarının Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəli olduqları və yeni hakimiyyətin “qanuni oğrulara” qarşı müharibə elan etdiyi bildirilir.
Filmdə həmçinin prof. Avetis Sadoyan kimi təqdim olunan 10 il əvvəl Almaniyada sığınacaq tapmış siyasi qaçqına söz verilir. O, Ermənistan cəmiyyətində cinayətkarlığın geniş vüsət almasından və kleptokratiyanın adi vətəndaşlara mənfi təsirlərindən danışır. Bildirir ki, vətəndaşlar adətən uğurlu insanlardan örnək götürür və Ermənistanda belə uğurlu insanlar məhz cinayətkar ünsürlərdir. Qeyd edir ki, bir araşdırmanın nəticələrinə görə, Ermənistanda kişilərin 95%-i öz nitqlərində cinayətkar jarqondan istifadə edirlər. O, Ermənistanda baş vermiş “inqilabın” sözügedən mentalitetə son qoymasına çağırış edir. A.Sadoyan eyni zamanda mafiya strukturları vasitəsilə Ermənistandan milyardlarla pulun çıxarıldığını iddia edir və Almaniyanın hüquq-mühafizə orqanlarını həmin pulların Ermənistan əhalisinə geri qaytarılması üçün yardım etməyə çağırır.
Filmdə eyni zamanda Ermənistandakı “inqilabın” Almaniyada çox şeyi dəyişmədiyi və bu xüsusda Aşot Smbatyanın 2015-ci ildən bəri Ermənistanın bu ölkədəki səfiri olaraq qaldığı bildirilir. A.Smbatyan “hiyləgər insan” adlandırılır.
Bildirilir ki, Erfurtdakı atışma (2014-cü il) və MDR-in bu barədə məlumat verməsindən dərhal sonra, o, gözlənilmədən Türinqenə səfər etmiş və səfər zamanı bu torpağın baş naziri ilə yanaşı, təkidli sorğusu əsasında daxili işlər naziri ilə də görüş keçirmiş və ona Türinqen torpağı və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təklif etmişdir. Məlumat verilir ki, erməni səfirin bu hərəkətləri Almaniyanın Federal Kriminal İdarəsi (BKA) və Türinqen Torpağının Kriminal İdarəsi (LKA) tərəfindən həyəcanla qarşılanmışdır. Səfirin öz hərəkətlərini ictimaiyyət qarşısında müzakirə etmək istəmədiyi və həmçinin MDR və Der Spiegel KİV-lərini məhkəməyə verdiyi (bax: SBRL/1437/19 saylı, tarixli məktubumuz) və bu məhkəmə prosesinin hələ də davam etdiyi barədə məlumat verilir.
Qeyd edək ki, MDR televiziyası və Der Spiegel jurnalı Almaniyada mövcud olan erməni mafiyasının fəaliyyətini birgə araşdırırlar və ötən ilin noyabrından bəri bu mövzuda məlumatlar dərc edirlər. Məlumatlarda o cümlədən Ermənistanın Almaniyadakı səfiri A.Smbatyanın da mütəşəkkil cinayətkarlıqla əlaqələrinin olduğu qeyd edilib. Eyni adlı sənədli film hələ bir il əvvəl, 07.11.2018 tarixində efirə getməli idi və o zaman Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən filmdə erməni səfiri barədə verilən faktların yoxlanılmasınadək filmin efirə getməsi müvəqqəti olaraq qadağan edilib. Film görünür hazırda erməni səfiri barədə səsləndirilməli olan faktların ixtisar olunduğu formada efirə verilib.
Filmdə həmçinin erməni mafiyasının ictimaiyyətə yaxşı məlum olan üzvləri barədə məlumat verilir. Peşəkar boksçular Murat Karo və Artur Abrahamın adının istintaq sənədlərində hallandığı qeyd edilir, Bundestaqın deputatları Albert Vayler və Manfred Qrundun (Qeyd: hər iki deputat Ermənistanın lobbiçisi və Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısındadırlar), eləcə də Ermənistan səfirinin iştirakı ilə Almaniya-Ermənistan Forumunun yaradılması mərasimində, habelə sözügedən deputatların dəvəti ilə Almaniyanın bölgələrində Ermənistan səfiri ilə birlikdə keçirilən tədbirlərdə yuxarıda sözügedən cinayətkar ünsürlərin iştirak etmələri barədə faktlar təqdim olunur. Hər iki deputatın Bundestaq ofislərində erməni əməkdaşlarının çalışdıqları (Qeyd: A.Vaylerin ofisində Alla Serobyan, M.Qrundun ofisində isə Andronik Aslanyan çalışır), bunlardan birinin daşınmaz əmlak biznesi ilə məşğul olduğu (Qeyd: M.Qrundun əməkdaşı A.Aslanyanın Elase Real Estate adlı daşınmaz əmlak şirkəti mövcuddur) bildirilir.
Filmdə müsahibə verən Bundestaqın deputatı, Almaniya-Ermənistan Forumunun prezidenti A.Vayler Foruma birbaşa toxunmadığı üçün erməni mafiyası mövzusunun Forum daxilində rəsmi olaraq müzakirə olunmadığını, amma sözügedən xəbərlərə dair Ermənistan səfiri ilə söhbət etdiyini və ona Forum üzvlərindən kiminsə cinayət törətdiyi bəlli olarsa, araşdırmalara və həmin şəxsin Almaniyadan deportasiya olunmasına yardım edəcəklərini bildirdiyini qeyd edir.