Medvedev İrəvandan kömək istəyəcək Dünya

Medvedev İrəvandan kömək istəyəcək

Ermənilərin özləri pis gündədirlər, ruslara necə dayaq olacaqlar

Cavid

Sentyabrın birinci on günündə Rusiya baş naziri Dmitri Medvedev Ermənistana gəlir. İki ölkənin hökumət başçıları hansı məsələləri müzakirə edəcəklər? Adətən baş nazirlər siyasi məsələləri müzakirə etmirlər, daha çox iqtisadi məsələrlə məşğul olurlar. Ermənistan - Rusiya münasibətlərində, bu, ən əsas məsələdir. ABŞ və Avropa ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı bu məsələnin çaları bir az da tündləşib. İrəvanda dərc olunan "Jamanak" qəzeti yazır ki, bu sanksiyalar hazırda Rusiyanın siyasi əlavəsinə çevrilmiş Ermənistanı da hədəfə götürəcək.
Qəzet yazır ki, Qərbin sanksiyaları onsuz da can üstə olan Ermənistan iqtisadiyyatını tam iflasa apara bilər. Buna görə də, bir çox ekspertlər proqnozlaşdırır ki, görüşdə ikitərəfli münasibətlərin bir sıra məsələləri müzakirə ediləcək, amma diqqət yetiriləcək əsas məsələ maliyyə ilə bağlı olacaq. Ermənistana bu gün Rusiya pulları çox lazımdır. Bu gün bu Cənubi Qafqaz ölkəsinin gələcəyi həmin pullardan asılıdır.
Ermənistanın digər nəşri - "Joxovurd" qəzeti isə yazıb ki, ölkə Avrasiya Gömrük İttifaqına (AGİ) daxil olmasa da, Qərb tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların təsirini artıq öz üzərində hiss edir: "Bu yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyaya qarşı sanksiyalardan və AGİ-yə daxil olmaq perspektivləri barədə danışarkən Ermənistanın bu quruma qatılmaq istəyini ölkənin strateji maraqları ilə izah etmişdi. Lakin bu gün - hələ ittifaqa daxil olmamışdan Ermənistan Qərbin sanksiyalarını öz üzərində hiss etməyə başlayıb. Buna ilk sübut kimi, Rusiyadan Ermənistana olan transfertlərin azalmasını göstərmək olar. Əgər 2013-cü ilin ikinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Ermənistana 369,5 milyon dollar köçürülmüşdüsə, bu göstərici bu ilin analoji dövründə 364,1 milyon dollar olub. 2013-cü ilin təkcə iyun ayında Rusiyadan Ermənistana 141 milyon dollar köçürülmüşdüsə, 2014-cü ilin iyun ayında 134 milyon dollar köçürülüb".
Ermənistan isə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının həcmini artırmaq imkanını nəzərdən keçirir.
Bu məsələ ötən gün Ermənistanın baş naziri Ovik Abramyan ölkənin bir sıra iri şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə geniş müzakirə mövzusu olub.
"Ermənistan məhsullarının Rusiya bazarına ixracının artırılması respublika iqtisadiyyatının inkişafına əhəmiyyətli təkan verəcək. Bu səbəbdən, hökumət, imkan daxilində, müxtəlif ixrac proqramlarının reallaşmasına yardım edəcək", - deyə baş nazir bildirib.
Ermənistan kənd təsərrüfatı naziri Serqo Karapetyan isə öz növbəsində, xatırladıb ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının 70 faizi, ənənəvi olaraq, Rusiyaya ixrac olunur. "Lakin bu gün, Rusiya bir sıra ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etdiyi dövrdə, biz, imkanlarımız daxilində, Rusiya bazarında yaranmış bu boşluğu doldurmalıyıq və ən yaxın zamanda ixracın həcmini artırmalılyıq", - deyə nazir qeyd edib.
S.Karapetyanın fikrincə, bunun üçün Ermənistanda bütün imkanlar var. Onun sözlərinə görə, bura həm təzə meyvə-tərəvəzi, emal edilmiş xammalı, həm də konyak və çaxırı aid etmək olar. Nazir hətta Ermənistanın öz kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac həcmini iki dəfə artırmaq imkanı olduğuna da əminliyini ifadə edib.
Amma erməni ekspertləri isə bildiriblər ki, Ermənistanın özü kənad təsərrüfatı məhsulları ilə təmin oluna bilmir. Ekspertlərin fikrincə, ölkənin kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəyə bilmədiyi bir halda Rusiyaya necə yardım göstərmək olar. Bununla bağlı "Lragir"də təhlil də aparılıb. Ümumi qənaət bu olub ki, Ermənistanın özü iqtisadi cəhətdən tənəzzülə doğru addımlayır. İqtisadi problemlər içində boğulan İrəvan Rusiya kimi nəhəng dövlətə heç bir yardım göstərə bilməz.
Artıq Rusiyaya qarşı Qərbin sanksiyaları ciddi iqtisadi təsirini göstərməyə başlayıb. Rusiya tərəfinin süni şəkildə vəziyyəti dondurmağa çalışmasına baxmayaraq beynəlxalq ekspertlərin fikrincə sanksiyalar davam etdiyi təqdirdə iqtisadi tənəzzül qaçınılmazdır. HSBC Beynəlxalq bankının hesablamalarına əsasən Rusiyada ilin ikinci yarısında ÜDM-in aşağı düşməsi gözlənilir.
Bəs hadisələrin bu cür yaşandığı bir vaxtda Rusiya iqtisadiyyatından asılı olan ölkələr təsirsiz ötüşə biləcəkmi? Hətta məsələn Rusiya öz hayında olmasına baxmayaraq strateji tərəfdarlarına dəstək ola biləcəkmi? Məsələn sırf xarici köçürmələr hesabına yaşayan Ermənistan dövlətinin 81% köçürmələri Rusiyadan gəlir (söhbət fiziki şəxslərin bank hesabından edilən köçürmələrindən gedir). Rusiya Ermənistanının ən böyük sərmayədarıdır. Lakin Rusiyada vəziyyət pisləşdikcə bu ilk növbədə onun strateji saxladığı bölgələrə, əsasən də Ermənistana təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, qonşu ölkələrə torpaq iddiasında olan Ermənistan onsuzda iqtisadi blokadada yaşayır. Ölkə erməni lobbisinin səyi nəticəsində xaricdən gələn kömək və Rusiyada yaşayan miqrantların ailələrinə göndərdiyi pullardan asılıdır.
Millət vəkili Vahid Əhmədov bildirib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya ilə ciddi iqtisadi əlaqələrə malik hər bir ölkəyə, o cümlədən Ermənistana da təsir göstərəcək. V.Əhmədovun sözlərinə görə, Ermənistanın Rusiyadan iqtisadi asılılığı böyük olduğu üçün bu sanksiyalardan da bir o qədər də çox ziyan görəcək:
"Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri güclü deyil. Biz əsas ixrac və idxal əməliyyatlarımızı Qərb dövlətləri ilə aparırıq. Ermənistanda isə vəziyyət fərqlidir. Bu ölkə faktiki olaraq Rusiyanın kaloniyası olduğu üçün Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistana bir o qədər ciddi təsir edəcək. Bundan qaçmaq mümkün olmayacaq".
Onu da xatırladaq ki, bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyan "Armnyus" telekanalına verdiyi müsahibəsində Rusiyaya qarşı sanksiyaların Ermənistan iqtisadiyyatına da təsir göstərəcəyini vurğulayıb. "Rusiya iqtisadiyyatında artım az olacaq, ya olmayacaq və Ermənistan iqtisadiyyatı da Rusiyadan asılı olduğu üçün bizə ciddi təsir göstərəcək. Mən bu versiyanı təkzib edə bilmərəm. Düzdür, bu ancaq versiyadır, amma inandırıcıdır. Bu cür mövzular həmişə ciddi debat və müzakirə predmeti olur. Amma bir tərəfdən də bu, mütləq həqiqət kimi qəbul oluna bilməz", - deyə Sarkisyan bildirib.
Sarkisyanın sözlərinə görə, Rusiyaya qarşı sanksiyalardan danışırlar, amma Moskvanın tədbirlərini unudurlar: "Bu o deməkdir ki, bizim kənd təsərrüfatı istehsalçılarımız üçün Rusiya bazarında əla imkanlar yaranıb. Rica edirəm, kompensasiya edin. Biz insanları həvəsləndirəcəyik ki, onlar daha çox məhsul istehsal etsinlər. Biz bütün imkanlardan yararlanaraq həmin məhsulların Rusiya bazarına çıxmasına şərait yaradacağıq".
Ekspert Hail Cəlilin fikrincə Ermənistanda yaranmış iqtisadi vəziyyət, eyni zamanda Rusiyanın Qərbin sanksiyaları ilə üzləşməsi Moskva hökuməti başçısının İrəvana səfərini peallaşdırıb: "Medvedev İrəvanda bu məsələləri müzakirə edəcək və Ermənistanın olan-qalan iqtisadiyyatını da Rusiyaya verilməsini tələb edəcək. Zatən Ermənistan bütünlüklə Rusiyanın əlindədir. Amma bu gün rəsmi Moskva güclü təzyiqlərlə üzləşdiyindən İrvanın olan-qalanını da əlindən alacaq. Sarksiyan isə bir söz deyə bilməyəcək. Çünki ipi Putinin əlindədir. Amma nə vaxta qədər Rusiya iqtisadi təzyiqlərdən qurtulmaq üçün müttəfiqlərinə ağız açacaq. Rusiya indi meydanda təklənib. Rusiyanın xaricdə güclü diasporu yoxdur. Amma ermənilərin var. Mənə elə gəlir ki, Medvedev İrəvanda bu diasporanın gücündən də yararlanmaq təklifi ilə çıxış edəcək. İş burasındadır ki, xaricdəki erməni disaporası rəsmi Moskvaya əl tutmaqdan boyun qaçıra bilər. Çünki Putin vəd etdiyi Qarabağı onlara verə bilməyib. Həm də erməni diasporası Putin hakimiyyətindən narazıdır. Əgər onlar bu hakimiyyətə dayaq olarlarsa təmsil olunduqları Qərb dövlətləri tərəfindən təzyiqlərlə üzləşə bilərlər".