Böyük müharibənin astanasında Dünya

Böyük müharibənin astanasında

Rusiya Ukrayna ilə müharibəyə əlavə hərbi qüvvə və texnika cəlb edir
Barak Obama: "Biz artıq Rusiyaya zərbə sanksiyalarına əl atmışıq"

Cavid

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçib. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlib. İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi.
Yeni separatçı liderləri elan etdilər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Saur-Moqila ərazilərində separatçıların hərbi uğurları haqda məlumatları Kiyev təkzib etsə də vəziyyətin ağır olduğunu etiraf olunur. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma başlayıblar. Kiyev hücumun dəf olunduğunu bildirsə də separatçılar sərhəd zolağında Ukrayna kəndlərinin ələ keçirildiyini iddia edirlər.
Avqustun 27-də Ukrayna Rusiya qoşunlarının öz ərazisinə soxulmasını bəyan etdi. Prezident Petro Poroşenko bildirdi ki, Donetsk vilayətinin Amvrosievka, Starobeşevo və Novoazovsk yaşayaış məntəqələrinə Rusiya ərazisində hərbi hücumlar həyata keçirilib. Azov dənizi sahilində, Rusiya ilə sərhəddə yerləşən sonuncu şəhər hazırda hərbi əməliyyatlar gedən ərazidən 100 km aralıdadır. Sosial mediada yayılan bu videonun həmin şəhərdə, Novoazovskda çəkildiyi bildirlir. Videonu çəkənin çeçen əsilli olduğu ehtimal edilir. Onun söhbət etdiyi digər əsgərlər də, çeçen dilində danışırlar. İTAR-TASS-ın məlumatına görə, 1200-dən çox adam təkcə Ukraynanın şərq ərazilərində son bir aydakı döyüşlər nəticəsində həyatını itirdi. Qurbanlarının ümumi sayı 2200-ə çatıb. Bu statistika Ukraynada İnsan Hüquqları üzrə BMT Ali Komissarı İdarəsinin müntəzəm hesabatında yer alıb. BMT ekspertləri bu "mafizəkar hesablamalarına" istinad edərək bildirir ki, "Ukraynanın şərqində şiddət və döyüş nəticəsində zərər çəkmiş faktiki sayı, çox güman ki, daha böyükdür", deyə rəsmi cümə günü nəşr olunacaq olan sənəddə deyilir. BMT-nin beşinci hesabatı iyulun 16-dan avqustun 17-nə olan dövrü əhatə edir.
Rusiyanın Ukraynaya açıq hərbi təcavüzü Şimali Atlantika Alyansını ciddi narahat edir. Ukrayna mətbuatının verdiyi xəbərə görə, NATO peykdən əldə olunan görüntülərdə Rusiyanın qonşu Ukraynanı işğal etdiyini ictimailəşdirib. Qurumun mətbuat katibi Ona Lunqesku Tvitter səhifəsində rus tankları və ağır silahlarının Ukrayna ərazisində sərbəst dolaşdığını, hərəkət etdiyini təsdiqləyən materiallar yerləşdirib. Onun sözlərinə görə, Kremlin əsas hədəfi münaqişəni dondurmaqla bu regionda uzun müddətə gərginlik yaşatmaqdır. Dünən verilən məlumata görə isə Donetsk ətrafındakı Snejniy yaşayış məntəqəsində Ukraynaya qarşı döyüşlərdə 100-dən artıq rus əsgəri öldürülüb. Bu barədə "Reuters" döyüşdə iştirak edənlərə və həlak olanların qohumlarına istinadən bildirib. Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının yetkililəri Ella Polyakova və Sergey Krivenko bildiriblər ki, 300 nəfərdən artıq Rusiya əsgəri "Qrad" atəşi nəticəsində yaralanıb.
Putin hakimiyyətinin təcavüzkarlığı təkcə Ukraynaya tankların yeridilməsi ilə məhdudlaşmır. Rusiya Federasiyasının baş nazir müavini Dmitri Roqozin Dövlət Dumasındakı çıxışında deyib ki, Rusiya nüvə silahından istifadə etməyə hazırdır. İTAR-TASS xəbər verir ki, baş nazir müavini çıxışında qeyri-nüvə silahlarını strateji mövqelərdə yerləşdirərək eksperiment aparmağın mümkünlüyünü dilə gətirib: "Ancaq bir məqamı unutmaq olmaz ki, əgər bizə hücum olarsa, qəbul etdiyimiz doktrinalara müvafiq olaraq, şübhəsiz, nüvə silahlarının köməyi ilə ərazilərimizin, ali dövlət maraqlarımızın müdafiəsinə qalxacağıq".
O həmçinin bildirib ki, istənilən təcavüzkar qruplar bunu dərk etməlidir və bu imkan Rusiya Federasiyasına qarşı təxribat və təcavüzün qarşısıını almağın başlıca faktorudur.
Dünən verilən xəbərlərə görə, Rusiya tankları Ukraynanın Mariupol şəhərinə yaxınlaşıb. Ukrayna mətbuatının yazdığına görə, 60-a yaxın Rusiya tankının Mariupol şəhəri yaxınlığında yerləşdirildiyi bildirilir. Tankların üzərində "Novorossii" sözü yazılıb. Hazırda Rusiya hərbi birləşmələrinin Novoazovsk şəhərindən Mariupola doğru irəlilədiyi bildirilir. Onlar Bezımyannoe kəndində Ukrayna ordusunun mövqelərini minomyotlarla atəşə tutub. Ukrayna mətbuatı yazır ki, kəşfiyyat məlumatlarına görə, Rusiya əsgərlərinin əksəriyyəti Mariupol şəhərinin 20 kilometrliyində cəmləşib.
"Bizim Rusiya tanklarına qarşı silahımız yoxdur. Mühasirəyə düşmüşük", deyə Ukrayna əsgərləri bildirir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin separatçılara səslənərək bildirib ki, mühasirəyə düşən Ukrayna əsgərlərinə humanitar yardım üçün dəhliz yaradılsın.
ABŞ prezidenti Barak Obama isə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası ABŞ-nin Moskvaya qarşı yeni sanksiyalarına gətirib çıxaracaq. "Biz artıq Rusiyaya zərbə olan sanksiyalara əl atmışıq: burada investisiya mühiti pisləşib, iqtisadiyyatda eniş görsənir... Rusiya artıq "Soyuq Müharibə? dövründən də artıq kənarlaşdırılıb"- deyə ağ ev başçısı bildirib. Obama qeyd edib ki, amerika kəşfiyyatının məlumatına görə Moskva görülən tədbirlərin pis nəticələrini boynuna alır. Bundan əlavə ABŞ prezidenti yeni sanksiyaların tətbiq olunmasına hazırdır. Onun sözlərinə görə, bu məsələlər onun gələn həftə Estoniyaya səfəri zamanı avropalı həmkarlar və NATO sammitində müzakirə ediləcək. Qeyd edək ki, Barak Obama bundan öncə etdiyi telemüraciətdə bildirmişdi ki, ABŞ Ukrayna böhranının hərbi həllini planlaşdırmır və RF-yə qarşı hərbi müqavimət axtarmır".