Atəşkəs ərəfəsində qanlı döyüşlər Dünya

Atəşkəs ərəfəsində qanlı döyüşlər

Rusiyadan dəstək alan separatçılar Mariupola hücuma keçiblər yüzlərlə itki barədə məlumatlar yayılıb

Cavid

Ukraynada atəşkəs barədə çağırışlara baxmayaraq, Rusiyadan dəstək alan separatçıların ölkənin şərqində hökumət qüvvələrinə qarşı hücumları ara vermir. Ötən gecə Donetsk şəhər aeroportu uğrunda Ukrayna antiterror qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedib.
Separatçılar Ukrayna desantlarının nəzarətində olan Donetsk aeroportuna növbəti hücum həyata keçiriblər. Məlumata görə, hər gün artilleriya qurğularından və minaatanlardan atəşə tutulmalarına və mühasirədə qalmaqlarına baxmayaraq Ukrayna ordusu Donetsk aeraportunu əllərində saxlamağa çalışır. Mühasirədə qalan Ukrayna hərbçiləri Rusiya ordusunun 7 hərbçisini də əsir götürməyə nail olublar. Onlardan biri artileriyaçı zabitdir.
Ordu qüvvələrindən verilən məlumatda deyilir ki, Donetskin yerli əhalisi də onlara kömək olur, və özünü elan edən müqavimət qüvvələrinə qarşı döyüşlərdə iştrak edirlər. Döyüş əməliyyatları zonasından cəmi bir neçə kilometr aralıda yaşayan insanlar evlərini tərk etmir və torpaqların qorumağa çalışırlar.
Kəşfiyyatçıların bildirdiyinə görə son günlər cənub-şərqdən Donetskə Rusiya tərəfdən 2 ədəd "Uraqan" reaktiv atəş sistemi keçib. Qurğular artıq Budenni rayonu ərazisində görülüb.
Ukraynalı ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində bildirib edib ki, Rusiya özünün bir neçə hərbi hissəsini Krımın şimalında yerləşdirib. O, Krımda Cankoy hərbi aerodromunda Rusiya vertolyotlarının yerləşdirildiyini bildirib. Ekspert məhz bu ərazilərdən Ukraynanın şərq vilayətlərinə hərb qüvvələrin yönləndirildiyini də deyib.
Bu arada Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" separatçı qurumları sülh planını açıqlayıb.
Plana görə, 5 sentyabr tarixində yerli vaxtla saat 15:00-da atəşkəs rejimi tətbiq olunur və qondarma qurumların hava məkanı döyüş aviasiyasının uçuşları üçün bağlanır. Separatçı qurumlar atəşkəs şərtlərinə nəzarət funksiyasını ATƏT-in nümayəndələrinə verməyi təklif edir. Planda həmçinin yaradılacaq təhlükəsizlik zonasının 5 sektora bölünməsi, sektorların hər birində 3-4 postun qurulması, hər postda isə 40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Plana görə, 7 sentyabr saat 10:00-dan qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizləri açılmalıdır.
Müşahidəçilər qeyd edirlər ki, sözügedən təkliflər 3 sentyabr tarixində Rusiya prezidenti Vladimir Putinin elan etdiyi plana uyğun gəlir.
Bundan əvvəl isə belə xəbərlər yayılıb ki, Ukrayna prezidenti Pyotr Poroşenko da atəşin dayandırılması ilə bağlı əmr verəcək.
Donetsk aeroportu uğrunda gedən döyüşlər isə onu deməyə əsas verir ki, separatçılar atəşkəs öncəsi Ukraynanın şərqində yerləşən əsas strateji obyektlərdən birini ələ keçirmək istəyir.
Dünən o da bildirilib ki, separatçılar və Rusiyadan gələn döyüşçülər Donbasın strateji Mariupol şəhərinə genişmiqyaslı hücuma keçib. Şəhər ağır silahlardan, artilleriya qurğuları və zirehli maşınlardan atəşə tutulub. Döyüşlərin şəhərin Vostoçni adlanan mikrorayonunda getdiyi deyilib.
Həmçinin Rusiya dəniz kreyserlərindən Mariupol şəhərinin sahil rayonlarına şiddətli zərbələrin endirildiyi bildirilir.
Ukrayna Müdafiə Hazirliyi bu istiqamətdə separatçıların 100-dən artıq Rusiya hərbçisinin məhv edildiyini açıqlayıb. Ukrayna ordusu da Mariupoun müdafiəsi uğrunda döyüşlərdə xeyli itki verib.
Xatırladaq ki, Donbasın cənubunda yerləşən Mariupol həm dəniz sualarına, həm də önəmli nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşdiyindən, bu şəhər xüsusi önəm daşıyır.
Mariupola hücumların davam etdiyi bir vaxtda Rusiya ərazisindən Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərinə daha 120 ədəd zirehli texnika daxil olub. Bu haqda Kiyevdə kecirilən brifinqdə Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, 1000-ə yaxın hərbi texnika Rusiya Federasiyasının Rostov vilayətinin Kamensk-Şaxtinski şəhəri ərazisində qeydə alınıb. Luqansk ərazisinin Novopskovski rayonu ilə həmsərhəddə Rusiyanın Belqorod ərazisindəki Rovenki yaşayış məskənində ruslara məxsus böyük sayda hərbi texnika cəmləşib.
Lısenkonun sözlərinə görə, Krasnodon şəhərinə tərəf Rusiya Federasiyası tərəfindən ən azı 120 zirehli texnikanın hərəkəti müşahidə edilib.
Onu da bildirək ki, Vladimir Putinin Ukrayna ətrafında baş verən konfliktlərin sülh yolu ilə həll edilməsi planını bu ərəfədə irəli sürməsi, bu gün Qərbdə çox aktiv şəkildə müzakirə edilir və hərtərəfli analiz olunur.
"The New York Times" belə hesab edir ki, Rusiya prezidentinin planı, hər şeydən əvvəl yorulub əldən düşmüş ukraynalı döyüşçülər üçün əhəmiyyətlidir. O ki, qaldı Avropa üçün xeyrinə, dərginin yazdığına görə,"Putinin planı həm də öz iqtisadiyyatına külli miqdarda ziyan vuran sanksiyalardan Aİ-nin canını qurtaracaq.
Bu konteksdə sülh təklifinə "The Washington Post" da münasibət bildirib. Qəzet yazır ki,"Planın həyata keçirilməsi Kiyevdə problemlər yarada bilər. Bildirilir ki, prezident Poroşenkonun Moskvanın təşəbbüsü ilə razılaşacağına inanmaq çətindir, çünki o milli qvardiyanı və digər hərbi birləşmələri nəzarətdə saxlaya bilməyəcək, onlar sona qədər döyüşmək əzmində olacaqlar.
Gürcüstanın eks prezidenti Mixail Saakaşvili isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar təsirini göstərir, ancaq Qərbin Rusiyada dəyişikliyə zəmin yaratmaq üçün digər sanksiyalar da qəbul etməsi lazımdır. O, Qərbin Rusiyaya qarşı təzyiq vasitələrindən danışaraq qeyd edib ki, sanksiyalar sonda böyük dəyişikliklər üçün zəmin yaradacaq. Bundan əlavə, Saakaşvili Gürcüstanla paralellər apararaq bəyan edib ki, Putin hər iki ölkənin müstəqilliyinə son qoymaq istəyib: "Rusiya Ukraynada demokratiya ideyasını və ölkənin istənilən uğurunu öldürmək istəyir. Onun Gürcüstandakı uğurlar və islahatlarla da bağlı bənzər istəyi olub. Biz bir tərəfdən Qərbin dəstəyini görürük, digər tərəfdən Qərbin hələ çox təsir imkanları var".