Türkiyə və Rusiya tammiqyaslı müharibədən çəkindilər Dünya

Türkiyə və Rusiya tammiqyaslı müharibədən çəkindilər

Lakin bu mərhələdə Türkiyə üstün oldu

Amerikalı jurnalist İdlibdə atəşkəs rejiminin əldə olunmasını, Türkiyənin Rusiyanı geridə qoyduğu ucuz və çoxsaylı dronlardan istifadə etməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, türklər ABŞ-ın tədarük məhdudiyyətləri səbəbindən öz dronlarını inkişaf etdirməyə başlayıblar.
Türkiyə və Rusiya tammiqyaslı müharibədən çəkindilər, baxmayaraq ki, Ankara Moskvanın dəstəklədiyi Suriya rejiminin qoşunlarına qarşı güclü hücumlar edirdi. Rusiyanın Suriyada Türkiyə ilə birbaşa qarşıdurmadan çəkinməsi isə Türkiyənin ucuz və effektiv yeni dronlarının mövcudluğu ilə əlaqələndirilir.
Şübhəsiz ki, Suriyada barışıq müsbət addımdır. Hərbi analitiklər isə Rusiyanın açıq şəkildə iştirak etmək istəmədiyi müharibələrin mövcudluğunu öyrəndikləri üçün təəccüblənirlər.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, ötən aylarda Türkiyə ordusu yüzlərlə tank, artilleriya topu və zirehli texnikanı məhv edərək Suriya qüvvələrinə qarşı mübarizədə sarsıdıcı gücünü nümayiş etdirdi. NATO səlahiyyətlilərinin fikrincə, bunun hamısı, Suriyanın İdlibindəki güc balansını Rusiyanın ziyanına dəyişən ucuz, lakin effektiv pilotsuz proqramları sayəsində mümkün oldu.
Qarşıdurma fevralın sonunda başladı. Suriya rejiminin qoşunları Rusiya aviasiyasının və "xüsusi təyinatlı qüvvələrin məsləhətçilərinin" dəstəyi ilə Bəşər Əsəd əleyhinə döyüşən üsyançıların son əsas dayağı olan İdlibdə hücuma keçdiləır. Suriyadakı vətəndaş müharibəsi təqribən 10 ildir davam edir.
Rejimin qoşunları Sərakibin əhəmiyyətli yollarını ələ keçirdikdə, İdlib üsyançı qovşağı parçalanmağa başladı, yüz minlərlə qaçqın qarlı havada şimala köç edərək Türkiyədə təhlükəsiz həyat axtarışına çıxdı.
Türkiyə cavab olaraq bu müqavimət ocağının dağılmasının qarşısını almaq üçün İdlibə bir neçə min nəfər əsgər göndərdi. Suriya rejimi ilə türk qoşunları arasında döyüşlər başladı. Yüzlərlə Suriya ordusunun şəxsi heyəti məhv edildi. Gecələr türklər Suriya tanklarına, artilleriya və zirehli texnikalara hava hücumları həyata keçirdilər.
Bu münaqişə dramatik dönüş nöqtəsi oldu. Türkiyənin hərəkətləri, sərhədlərarası adi qarşıdurmalar deyildi. Bütün bunlar daha çox əsl müharibəyə bənzəyirdi. Türkiyə hərbi arsenalından müxtəlif qüvvə və vasitələrdən istifadə edərək Suriya ordusuna ağır zərbələr endirirdi.
Nəzəri olaraq, bu mini müharibə təhlükəli bir avantüra idi, çünki bu, NATO-nun Avropadakı tərəfdaşları arasında ən böyük qüvvə olan Türkiyə ordusu ilə Suriyanı dəstəkləyən Rusiya silahlı qüvvələri arasında birbaşa toqquşma təhlükəsi yaradırdı.
Bu qarşıdurmanın məntiqi davamı olsaydı, Türkiyə ilə Rusiya arasında geniş miqyaslı müharibəyə səbəb ola bilərdi.
Nəzəri cəhətdən Rusiya belə bir münaqişədə qalib gəlməli idi. Lakin bu mərhələdə Türkiyə üstün oldu. Necə? Hərbi mənbələrə görə, türklərin əlində Rusiyanı Ərdoğan hökuməti ilə münaqişənin kəskinləşməsinin müdrik qərar olmadığı haqqında düşünməyə məcbur edən yeni bir "kozır" var idi.
Türklərin hücumunda ölümcül effektivliyi ilə seçilən, idarə olunan döyüş sursatlarından istifadə edən 100-dən çox yerli istehsal pilotsuz uçuş aparatları iştirak edirdi.
"Təxminən on ildir ki, türklər dronlar yaratmaq üzrə proqramlar həyata keçirir və İdlib bunun nə qədər uğurlu olduğunu göstərdi", - deyə son illərdə mütəmadi olaraq bölgədə olan NATO hərbi komandanlarından biri bildirir.
"Türklər bazarda mövcud olan texnologiyalar əsasında yerli istehsal quraraq, bu avadanlıqları ABŞ-dan və ya digər müttəfiqlərdən aldıqlarına nisbətən daha az vəsaitlə, çox böyük və səmərəli PUA parkı qura bildilər”, - deyə NATO nümayəndəsi bildirir.
O əlavə olaraq vurğulayır ki, Türkiyənin uzun müddət PKK terrorçuları ilə mübarizədə iştirak etdiyi üçün təcrübə və bacarıqlarını inkişaf etdirməyə kifayət qədər zamanı olub.
Mənbələr ABŞ-ın Türkiyəyə döyüş dronlarının satışına qoyduğu məhdudiyyətlərin, yerli dronların yaradılması üçün vacib bir stimul halına gəldiyini göstərir. Birləşmiş Ştatlar bu texnikanın kürdlərə qarşı istifadə olunacağından qorxurdu. 2007-ci ilə qədər Türkiyə ordusu ABŞ-ın tədarüklərə qoyduğu məhdudiyyətlərdən bezdi. Bazarda mövcud olan İsrail dronlarının xüsusiyyətlərindən məmnun qalmayan Ankara öz proqramını hazırlamağa başladı.
2009-cu ildə türklər prezident Ərdoğanın kürəkəninin nəzarəti altında "Baykar" aerokosmik firmasını yaratdılar. "Baykar" 24 saat ərzində hədəf üzərində uça bilən orta mənzilli "Bayraktar TB2" PUA-sını hazırladı. 2015-ci ilə qədər bu pilotsuz aparatdan yerli raketlərin sınaq buraxılışları həyata keçirildi və bir il sonra ilk dəfə PKK hədəflərinə zərbə endirdi.
"İdlibdə istifadə olunan MAM-L döyüş sursatı parlaq nəticələr göstərdi. Ucuz, istehsalı asan, hədəfə isə dəqiq zərbə endirir", - deyə NATO nümayəndəsi bildirir.
Burada təxminən 10 km məsafədən, yüngül idarə olunan zirehdələn döyüş sursatlarını bir metrə qədər yayınma ilə hədəfə yönəldən, çox dəqiq GPS lazer tuşlama sisteminə malik zərbə dronları haqqında danışırıq.
"Onlar bütün gecə boyu bu kiçik bombaları Suriya tanklarına atırdılar, bu da Putinin diqqətini çəkdi".
Türkiyə dövlət sirri elan edərək "Bayraktar TB2" istehsalının maya dəyərinin dəqiq məbləğini açıqlamır, lakin ötən il 12 belə dronu və üç yerüstü idarəetmə mərkəzini Ukraynaya 69 milyon dollara satdılar. Bir PUA altı milyondan ucuz çıxır. Bu isə TB2-nin ABŞ-ın müttəfiqlərinə 16 milyon dollara satdığı oxşar xüsusiyyətlərə malik "Reaper MQ-9"dan təxminən üç dəfə ucuz deməkdir.
2016-cı ildə Atlantik Şurasının təşkil etdiyi konfransda çıxış edən Müdafiə Sənayesi Başkanlığının rəhbəri İsmayıl Dəmir, Türkiyəni öz PUA istehsalına təkan verən dronların satışını məhdudlaşdırma qərarına görə ABŞ-ı təriflədi.
"Mən sözlərimdə kin-küdurətin səslənməsini istəmirəm, amma ABŞ hökumətinə öz sistemlərimizi yaratmağa məcbur etdiyi üçün, təsdiq etmədiyi layihələrə görə təşəkkür edirəm", - deyə o bildirdi.
O sonra əlavə etdi ki, artıq ABŞ istehsalı olan dronlara onların ehtiyacı yoxdur.
"Onlarla belə dron İdlib üzərində uçdu və bu kiçik bombaları bütün gecə Suriya tanklarına atdı. Bu isə Rusiya Prezidenti Vladimir Putinin diqqətini çəkdi. Əlbəttə Türkiyənin hava hücumundan müdafiə sistemini məhv etmək və pilotsuz idarəetmə sistemini məhv etmək üçün Rusiya bütün aviasiyasını və qanadlı raketlərini istifadə edə bilərdi, lakin İdlibə görə baş verəcək bu qarşıdurmanın xərcləri ağlasığmaz ola bilərdi. Türkiyə bilir ki, Rusiyanı nə qədər istəsə də Suriyadan çıxara bilməyəcək, lakin açıq şəkildə Putin və Əsədə göstərdi ki, Türkiyəni də İdlibdən çıxara bilməzlər. Buna görə də yenidən razılaşmalara və danışıqlara qayıtdılar", - deyə NATO-nun nümayəndəsi bildirirdi.
Bu gün Türkiyə və Rusiya İdlibdə növbəti atəşkəs barədə razılığa gəldilər. Rus qoşunları, Dəməşq və Hələb arasındakı mühüm bir əlaqə qovşağı olan M4/5 magistral yolunun hər iki tərəfində, təxminən altı kilometrə yaxın bir dəhlizdə patrul fəaliyyəti yerinə yetirirlər. Şübhəsiz ki, Suriyada barışıq alqışlanmalıdır.
Hərbi analitiklər isə Rusiyanın açıq şəkildə iştirak etmək istəmədiyi müharibələrin olduğunu öyrənməkdən məmnun qalacaqlar.