Amerikada işsizlik müavinəti üçün müraciət edənlərin sayı - 26 milyon Dünya

Amerikada işsizlik müavinəti üçün müraciət edənlərin sayı - 26 milyon

ABŞ-da son beş həftədə rekord sayda - 26 milyon insan işsizlik müavinəti üçün müraciət edib. Amerika tarixindəki ən uzun müddətli məşğulluq bumu zamanı yaradılımış iş imkanları koronavirus səbəbi ilə cəmi bir ay ərzində yoxa çıxıb.
Əmək Departamenti cümə axşamı xəbər verib ki, keçən həftə əlavə 4.4 milyon insan işsizlik müavinəti üçün müraciət edib.
Son məlumatlar göstərir ki, martın 21-dən bu günə kimi ümumi olaraq azı 26 milyon insan işsizlik müavinəti üçün müraciət edib. Bu isə ümumi işçi qüvvəsinin 16 faizi deməkdir.
2010-cu ilin sentyabrdan başlayaraq bu ilin fevralına qədər olan məşğulluq bumu zamanı 22 milyon iş yeri açılmışdı.
Bir həftə ərzində işsizlik üçün müraciət edənlərin sayı çox yüksək olsa da, keçən həftənin rəqəmləri müraciətlərin artıq üç həftədir azaldığını göstərir ki, bu da ən pis göstəricilərin artıq geridə qaldığına dair ümidləri artırıb.
Belə ki, 28 mart tarixində ABŞ-da bir həftə ərzində rekord sayda - 6,8 milyon insan - işsizlik müavinəti üçün müraciət etmişdi.
Ən çox iş itkiləri otel və restoran sənayesində qeydə alkınıb. Bu sahədə işləyən 4 milyondan çox adam iş yerini itirib. Bu rəqəm otel-restoran sənayesində çalışanların üçdə birini təşkil edir.
İnşaat sənayesində işini itirənlərin sayı 9 faiz təşkil edir. Pərakəndə satış sahəsindəki itkilər də oxşar mənzərəni əks etdirir.