Moskva sərhədə texnika toplayır Dünya

Moskva sərhədə texnika toplayır

Cavid

Rusiya Krımla Ukrayna sərhədinə ağır texnika yeridib.
Unian.net xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə və Milli Təhlükəsizlik Şurasının İnformasiya Analitika Mərkəzinin sözçüsü Andrey Lısenko çıxış edib.
O, Çenqar yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın hərbi düşərgə saldığını deyib. Lısenko düşərgədə 300 hərbçinin olduğunu bildirib. Bundan əlavə isə Cankoy dəmir yol stansiyasına Kerçdən içi PDM(BMP), BMD və yük maşınlarının olduğu 30 platformadan ibarət hərbi qatarın gəldiyini söyləyib.
Ukrayna hökuməti isə Konqoya satmağı planlaşdırdığı 10 ədəd T-64 B tipli tankı ölkənin şərqində terrorla mübarizə əməliyyatlarını icra edən Milli Müdafiə Birliyinə göndərməyi qərara alıb.
Ukrayna Milli Müdafiə Birliyinin komandiri Stefan Poltarak Xarkov şəhərinə səfəri zamanı verdiyi açıqlamada daha öncə imzalanan müqavilə çərçivəsində Konqoya göndərilməli olan tankların ölkənin şərqinə gətiriləcəyini açıqlayıb. Poltarak tankların hərbi hazırlığı yoxlanıldıqdan sonra Donetskə göndəriləcəyini bildirərək terrorla mübarizənin genişləndiriləcəyini qeyd edib: "Düzdür, razılaşmaya əsasən bu tanklar Konqoya getməli idi. Amma ölkədə buna ehtiyac olduğu təqdirdə burada istifadə olunmalıdır. Buna görə qərara alındı ki, bu tanklar şərqə göndərilsin".
Ukraynanın Donetsk şəhərində aktiv hərbi əməliyyatlar başlayıb. 62.ua saytı xəbər verir ki, yerli sakinlər şəhərin hər yerində eşidilən güclü partlayış səslərindən narahatdır. Ən gərgin vəziyyət isə Donetskin aeroporta yaxın Kievsk və Kuybışev rayonlarında müşahidə olunub.
Şəhərə "Qrad" qurğularından atəş açıldığı bildirilir. Hərbi əməliyyatlar zamanı "Tomçaş" zavodunun yandığı bildirilir. Eyni zamanda separatçılar Kiyevsk rayon sovetinin binasını, yaşayış evləri və mebel fabrikini atəşə tutublar.
ABŞ prezidenti Barak Obama isə Ukrayna məsələsində HATO ilə Rusiya arasındakı gərginliyə münasibət bildirib. O, NATO və Rusiya arasındakı son prosesləri müzakirə edib: "Mən inanmıram ki, Rusiya və NATO arasında qarşıdurma olacaq".
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton böyük səylə Şərqi Avropada müttəfiqlər arasında münasibətlərin nizama salınması üzərində işləyir.
Obama, Rusiyanın Ukrayna böhranı çərçivəsində lazımi tərəfə addım atacağını da istisna etməyib. ABŞ prezidenti bununla yanaşı, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini kəskin tənqid edib.
Barak Obama həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar artıq onun iqtisadiyyatına təsir edir: "Bu vəziyyət Rusiyanın gələcəyi üçün çox pisdir. Moskva beynəlxalq normalara riayət etməlidir. Biz qarşıdurmalar yaratmaq niyyətində deyilik. Amma söhbət prinsiplərdən gedəndə biz çox sərt addımlar atırıq".
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə Rusiyanın özünütəcrid vəziyyətinə keçmək istəmədiyini bildirərək, ABŞ-la münasibətlərin "yenilənməsi" çağırışı edib.
Lavrov bu münasibətlərin pozulmasının təşəbbüskarı olmadıqlarını bildirib. "Biz bu münasibətlərin normallaşdırılmasında maraqlıyıq və həmin münasibətlərin pozulmasının təşəbbüskarı olmamışıq. Ola bilsin ki indi bu münasibətlərin "yenilənməsinə" ehtiyac yaranıb" - deyə Sergey Lavrov Rusiya televiziyasına müsahibəsində bildirib.
Rusiya XİN baçısının sözlərinə görə Moskva ABŞ-la münasibətlərdə bu cür vəziyyətin "qeyri-müəyyən vaxtadək uzanmasında maraqlı deyil".
Eyni zamanda, Sergey Lavrov Rusiyada nüvə silahı da daxil silah arsenallarının təzələnməsi vaxtının yetişdiyini qeyd edib.
Onun təbirincə, arsenalların təzələnməsi Rusiyanın silah yarışına başlamaq niyyəti kimi yozulmamalıdır.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer da Rusiyanın Ukraynada törətdiyi əməllərini beynəlxalq qanunların pozulması kimi dəyərləndirib. BMT-nin Baş Assambleyasında çıxışı zamanı nazir qeyd edib ki, Krımın Rusiyaya birləşdirilməsi Şərq və Qərb arasındakı keçmiş gərginliyi yenidən alovlandırır.
"Hər hansı bir ölkə yox, BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvlərindən biri olan Rusiya Krımı birləşdirməklə Avropa sərhədlərini dəyişdirdi. Bu təhlükəli bir siqnaldır. Buna qarşı çıxmalıyıq. Çünki beynəlxalq hüququn daxildən aşınmasına icazə vermək olmaz", - deyə Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer qeyd edib.
Senzor.net. saytının baş redaktoru Yuri Butusov məlumatlı mənbəyə istinadən "facebook" səhifəsində yazıb ki, Kreml Azov dənizinə çıxışı Donets və Luqanskın bandit rejimlərinə vermək istəmir.
"Mənbənin məlumatına görə, Ukrayna hər halda Mariupolu verməyəcək. Bu məsələ hətta müzakirə edilmir. Rusiya istəmir ki, dəniz sərhədindəki qaçaqmalçı deşik sonradan onların özləri üçün problemlər yaratsın. Yəni, Putin əla anlayır ki, özünün təşkil etdiyi rejimlərin başında əclaflar hakimiyyətdə olacaqlar. O, buna görə də dənizə çıxışı və sərbəst qaçaqmalçılıq marşrutları bandit rejimlərə vermək istəmir", - deyə baş redaktor bildirib.