Lavrov Qərbi hədələdi Dünya

Lavrov Qərbi hədələdi

"Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb əziyyət çəkəcək"

"ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin inkişafının hansısa mərhələsində Rusiyanın buna adekvat cavab verməsi lazım gələcək"

"Əgər Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb bundan əziyyət çəkəcək". APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
"Biz almaniyalı həmkarlarımızın davranışından necə narahat olduğumuzu ifadə edə bilmirik. Almaniya həmişə Avropa İttifaqı- Rusiya münasibətlərində çox konstruktiv bir mövqe nümayiş etdirib. Əgər Almaniya sifarişlərə uyğun hərəkət etməyə qərar verərsə, bundan nə Avropa, nə Almaniya qazanmayacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Almaniya ilə Rusiya arasındakı münasibətlər gərginləşib. Almaniya kansleri Angela Merkel Rusiyanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edən ölkələrin daxili işlərinə qarışmaqda günahlandırıb.
Rusiya XİN rəhbəri eyni zamanda bəyan edib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin inkişafının hansısa mərhələsində Rusiyanın buna adekvat cavab verməsi lazım gələcək.
Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putin Federal Şuraya son müraciətində ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin yaradılması (o cümlədən Avropada) istiqamətində israrlı səylərinin qüvvələr nisbətini pozduğunu və təkcə Rusiyaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib . S. Lavrov qeyd edib ki, Rusiya məhz öz təhlükəsizliyi naminə hansısa mərhələdə adekvat cavab tədbirləri görməli olacaq: "Xəbərdarlıq edirik, öz təhlükəsizliyimiz naminə cavab tədbirləri görməli olacağıq. Bahalı silahlanma yarışına qoşulmaq niyyətində deyilik, amma ölkəmizin müdafiə qabiliyyətini etibarlı şəkildə möhkəmləndirəcəyik".