ABŞ Konqresində Xocalı soyqırımının anım mərasimi Dünya

ABŞ Konqresində Xocalı soyqırımının anım mərasimi

ABŞ Konqresinin binasında Azərbaycanın Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan) təşkilatçılığı ilə Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Geniş marağa səbəb olmuş anım tədbirində çoxsaylı konqresmenlər, o cümlədən müxtəlif dövlət strukturlarının nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, Vaşinqtonda fəaliyyət göstərən analitik mərkəzlərin mütəxəssisləri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat vermiş və Xocalı kəndində baş vermiş dəhşətli qətliamın heç bir humanizm prinsipinə sığmadığını, insanlıq əleyhinə ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Faciənin günahsız qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğu və bu kimi faciələrin yaşanmaması üçün tezliklə münaqişənin nizamlanmasının labüd olduğunu vurğulayıb.
Daha sonra söz alan ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Pensilvaniya ştatını təmsil edən konqresmen Bil Şuster Azərbaycan xalqının kədərini bölüşdüyünü və bütün hallarda insanlıq əleyhinə cinayətlərin demokratik və humanist dəyərlərlə uzlaşmadığını qeyd edib. Amerika xalqının Azərbaycan xalqının kədərini dərindən hiss etdiyini, oxşar faciə ilə 11 sentyabr 2001-ci ildə üzləşdiklərini əlavə edib.
Florida ştatını təmsil edən xanım İlena Ros-Lehtinen 22 il əvvəl Xocalıda baş vermiş dəhşətli faciənin qurbanlarını dərin hüzn hissi ilə andığını və faciədə yaxınlarını itirmiş ailələrin yanında olduğunu bildirib və faciəni törədənləri kəskin qınadığını vurğulayıb.