Rusiya imperializmi dünyaya meydan oxuyur Dünya

Rusiya imperializmi dünyaya meydan oxuyur

ABŞ-dan sərt xəbərdarlıq: "Yaxın saatlarda Krımdan çəkilməyəcəyi təqdirdə Rusiyanı ağır nəticələr gözləyir"

Cavid

Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzünə Qərb sərt diplomatiya ilə cavab verməkdədir. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Rusiyanı hətta ağır iqtisadi sanskiyalarla hədələyib. Onun sözlərinə görə, indiyə qədər baş verənlər təcavüzkarlığın bariz nümunəsi, beynəlxalq qanunların pozulmasıdır.
"Rusiya başqa bir ölkəyə hərbi müdaxilə edir. Hazırda prezident bütün seçimləri müzakirə edir. Biz dərhal Konqresə də bizə kömək etməsi üçün müraciət edəcək. Ukraynada baş verənlər Qərb-Şərq, Amerika Birləşmiş Ştatları-Rusiya və ya Rusiya-Avropa qarşıdurması deyil, burada Ukrayna xalqının taleyi əsas götürülməlidir. Rusiya Krımı işğal edə bilər. Lakin rəsmi Moskva Soçi olimpiadası ilə başqa bir imic qazanmağa çalışdığı bir vaxtda özünü dünya iqtisadiyyatından təcrid edəcək" - deyə Kerri bəyan edib.
BMT-nin Təhlükəsizlik Şurası isə fövqalədə iclas keçirərək Ukraynadakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb. İclasda BMT TŞ-nın sədri, Lüksemburqun daimi nümayəndəsi Silvi Lukas tərəfləri dialoqa çağırıb.
Lukas deyib: "Bütün ukraynalıların gözləntilərinə hesablanmış Ukrayna cəmiyyətinin müxtəlifliyini əsk etdirən, hər şeyi əhatə edən siyasi dialoqun vacibliyi təsdiqləndi. Onun sözlərinə görə, şura üzvləri vəziyyətin pisləşməsi səbəbiylə öz dərin təşvişlərini bildiriblər, onun təcili deeskalisiyasının vacibliyini qeyd ediblər və tərəfləri maksimum təmkinlilik nümayiş etdirməyə, vəziyyəti ağırlaşdıra biləcək hər bir hərəkət və ritorikadan uzaq durmaq çağırışı təsdiqləyiblər".
Təhlükəsizlik şurasının sədri bildirib ki, məsləhətləşmədə Ukraynadakı böhranın nizama salınmasında vasitəçilik etmək və ora nəzarətçilərin göndərilməsi təklifləri səsləndirilib.
Almaniyanın kansleri Angela Merkel Ukraynanın baş naziri Arseniy Yatsenyuka zəng vurub. Almaniya hökumətinin rəsmisi Corc Streyt bildirib ki, Krım üzərində gərginliyin çoxalması kansleri narahat edib.
Məlumata görə, baş verənləri narahatlıqla izlədiyini deyən Merkel münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayıb: "Ukraynanın öz əraziləri üzərində suverenliyini heç kim müzakirəyə çıxara bilməz".
Qeyd edək ki, ötən gün Rusiya hökumətinə bu istiqamətdə xəbərdarlıq edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, heç bir ölkə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zərər verəcək addım ata bilməz.
BMT-nin baş katibi Pan Ki Mun Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmətlə yanaşılmasını tələb edib. Baş katibin məruzəçisi Martin Nesirki keçirdiyi mətbuat konfransında Pan Ki Munun Ukraynada və xüsusilə də Krımda baş verənləri yaxından təqib etdiyini, vəziyyətin daha da pisləşəcəyi ehtimalı ilə narahat olduğunu deyib.
Nesirki bildirib ki, baş katib münaqişənin sülh yoluyla həlli üçün tərəfləri birbaşa dialoq yoluna dəvət edib.
ABŞ prezidenti Barak Obama isə Rusiyanın prezidenti Vladimir Putinə zəng vurub. 90 dəqiqə davam edən telefon danışığı zamanı tərəflər Ukrayna məsələsini müzakirə ediblər.
Ağ Evdən verilən açıqlamaya görə, danışıq zamanı Obama Rusiyanın Ukraynaya istiqamətlənmiş hərbi müdaxiləsini kəskin pisləyib, Putindən əsgərlərini Krımdakı hərbi bazaya çəkərək gərginliyi azaltması üçün çağırış edib: "Ukrayna beynəlxalq öhdəliklərə riayət etmək istəyini nümayiş etdirib və bizim bu istiqamətdə çağırışlarımız davam edəcək. Əgər bu ölkədəki ruslarla və digər etniklərlə bağlı qayğılarınız varsa, bunu həll etməyin ən uyğun yolu Ukrayna hökuməti ilə sülhməramlı müzakirələr aparmaq, BMT Təhlükəsizlik Şurasını və ya ATƏT-in müşahidə missiyasını bölgəyə dəvət etməkdir. Rusiya hər iki təşkilatın üzvü kimi bu yolu seçə bilər. Rusiya ilə Ukrayna arasında başlayacaq dialoq prosesində ABŞ da vasitəçilik edə bilər".
ABŞ dövlət katibi Con Kerri isə dünən bildirib ki, Putin yaxın saatlarda ordunu Krımdan çəkməsə, Rusiyanı ağır nəticələr gözləyir. O, ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və ona dəstək verdiyini bildirib: "Bu hərəkətlər Ukrayna və bütün regionda sülh və təhlükəsizlik üçün böyük təhlükədir. Mən dünən Ukrayna prezidenti Turçinovla danışdım və hər zaman onun yanında olduğumuzu bildirdim. Prezident Obamanın dediyi kimi biz rus qoşunlarının öz bazalarına geri dönməsinə, beynəlxalq vasitəçilərin yardımı ilə məsələnin həll edilməsini istəyirik. Biz ən birinci gündən Rusiyanın yerli rusları qorumaq üçün fəaliyyətinə hörmət edirik, amma bu Ukraynanın ərazi bütövlüyü və birbaşa yeni hakimiyyətin vasitəçiliyi ilə olmalıdır. Əgər onlar gərginliyin azaldılması üçün addımlar atmasa bu, Amerika- Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq statusuna böyük zərbə olacaq".
Qeyd edək ki, Kerri bu gün Ukraynaya gedəcəyini deyib.
Politoloq Arzu Hağıyevin fikrincə, Rusiya min bir bəhanə ilə Krıma, daha doğrusu Ukraynaya qoşun yeritdi: "Yenə də eyni ssenaridir, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, indi də Krım...Məlumdur ki, bu Rusiya üçün, öz dövlətçiliyini və hegemonluq ambisiyalarını qorumaq üçün son şansdır. Məhz buna görə də öz hərəkətlərinə Konstitusiya çərçivəsində qanuni don geyindirir. Rusiya prezidenti Fedrasiya Şurasının razılığını alır və qoşun kontingentini Ukrayna ərazisinə yeridir. Baxmayaraq ki, Qara dənizdə kifayət qədər onun gücü var. Maydandakılar bunu müharibə və aqressiya kimi qəbul etdilər. İndi ümumxalq səfərəbərliyi elan etməklə vəziyyət faktiki olaraq müharibə həddinə çatıb. ABŞ prezidenti Barak Obama dərin narahatçılıq keçirdiyini və hər bir xalqın, o cümlədən Ukrayna xalqının da öz müqəddaratını özü həll etməli olduğunu qeyd edib. Lakin Ukrayna müxalifəti bu bəyanatı qəbul etmir və bildirir ki, ABŞ 20 il əvvəl nüvə silahlarının ləğvi müqabilində onlara təhlükəsizlik və ərazi bütövlüyü təminatı verməsinə baxmayaraq, bu gün ötəri bir bəyanatla işini bitmiş hesab edir. Fevralın 27-də Brüsseldə NATO üzvləri də Ukraynada baş verənləri müzakirə etmişdir. Andres Foq Rasmussen qeyri-rəsmi olaraq öz "Twitter" səhifəsində Rusiyanın digər dövlətlərin daxili işlərinə qarışmasını düzgün addım hesab etmədiyini bildirmişdi. Baş verənləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Ukraynanın bölünməsi hesab etdiyini, dini və milli azlıqlara hörmətlə yanaşmalı olduqlarını bildirir. Böyük Britaniya XİN, Polşa xarici işlər naziri Radoslav Sikorski, Litvadan keçmiş xarici işlər naziri Audryonus Ajubalis (Litva hazırda BMT TŞ-də sədrdir) kəskin surətdə Krıma qoşun yeridilməsini pisləyiblər. Qərb siyasi dairələri və rəsmilərinin fikrincə, Ukraynanın gələcəyi və seçdiyi demokratik yolun, Avropaya inteqrasiyanın taleyi Rusiyanın təcavüzünün genişlənməsinin qarşısının təcili və vaxtında alınmasından asılıdır. Rusiyanın məqsədi Qara dənizin sahilboyu Krasnodar vilayətinə qədər koridor yaratmaqdır".
Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Alamniya kansleri ilə telefonla danışıb. Almaniya hökumət nümayəndəsi Georq Ştrayterin sözlərinə görə, Putin Krımda vəziyyətin həlli ilə bağlı yaranmış siyasi dialoqa başlamağa razılıq verib. Qrupun necə fəaliyyət göstərəcəyi və nə vaxt öz işinə başlayacağı haqqında məlumat verilmir.
Söhbət zamanı Merkel Putini Ukraynada, xüsusilə "yolverilməz müdaxilə" həyata keçirməklə beynəlxalq müqavilələri pozmaqda günahlandırıb. Kansler eyni zamanda Rusiya prezidentini Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Rusiyalı politoloq Stanislav Belkovski hesab edir ki, Vladimir Putin Ukraynaya müdaxilə etməklə öz ölüm hökmünü imzalayıb: "Rusiyanın Qara dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil, onlar anlayan kimi Putinin sonu çatıb, "qarın ağrısına düşəcəklər". Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Qərb birmənalı olaraq Krım məsələsində Ukraynanın tərəfindədir: "ABŞ dövlət katibi Con Kerri Rusiyaya xəbərdarlıq etdi ki, Ukraynanın ərazi bütövlüyünü pozsa, Ağ Ev sərt addımlar atacaq. NATO baş katibi Anders Foq Rasmussen Rusiyanı Krımda vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. O, qeyd edib ki, Ukraynanın alyansa üzvlüyü məsələsi yeni hakimiyyət üçün təcili məsələ deyil. Rasmussen Krımdakı hadisələrdən narahatlığını ifadə edib. O, Rusiyanı gərginlik və ya anlaşılmazlıq yarada biləcək hərəkətlərə təşəbbüs etməməyə çağırıb. Rasmussen bununla da Rusiyaya ciddi mesajlar verdi. İngiltərə, Fransa da artıq Ukraynada son baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər".
Rusiya və Ukraynanın hərbi güc nisbətini müqayisə edən politoloq bildirdi ki, Rusiyanın yeganə hərbi üstünlüyü nüvə silahına malik olmasıdır: "Rusiyada olan digər silah-sursat qədər Ukraynanın da silah-sursatı var. Üstəlik nəzərə alsaq ki, Qərb də Ukraynanın tərəfindədir. Bu zaman Rusiyanın birləşmiş qüvvə qarşısında gücsüz olduğunu söyləyə bilərik. Slavyanlar arasında müharibənin başlanması hər iki tərəfin zəifləməsinə gətirib çıxaracaq".
Q.Hüseynli Krımda baş verənlərlə bağlı Türkiyənin seyrçi mövqe sərgiləməsinə də münasibət bildirdi: "Krımla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin qorxaq bəyanatı oldu. Müşahidələr göstərir ki, Türkiyə hakimiyyəti Rusiyadan çəkinir. Ərdoğanın başı öz problemlərinə qarışıb. Onun türklük, müsəlmanlıqla bağlı düşüncələri sözdən o tərəfə keçmir. Ərdoğan hakimiyyəti dünya türklərilə bağlı real addımlar atmır".