Karikatura məsələsi Avropanı qarışdırdı Dünya

Karikatura məsələsi Avropanı qarışdırdı

Avropa ölkələrində İslama münasibətdə təhlükəli vəziyyət yaranıb

Cavid

Paris terrorundan sonra ölkədə 50 antiislam insidenti yaşanıb. "France-Press" xəbər verir ki, bu sözləri Fransa müsəlmanlarının mərkəzi birliyi monitorinq orqanının mətbuat katibi deyib.
İnsidentlər arasında 21 binanın atəşə tutulması və qumbara atılması, 33 hədələmə hadisəsi qeydə alınıb. Belə ki, 8 yanvar tarixində Fransanın qərbində Le-Man şəhərində olan məscidin həyətinə 4 qumbara atılıb. Qumbaralardan biri partlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Elə həmin gün Fransanın şərqində Vilfraş-syur-son şəhəri məscid yaxınlığında partlayış baş verib. Nəticədə binanın pəncərələri sınsa da xəsarət alan olmayıb.
Qeyd edək ki, 7 yanvar tarixində Parisdə "Şarli Hebdo" satirik jurnalına silahlı hücum olub. İslam peyğəmbərinin karikaturalarını nəşr edən jurnala hücum zamanı baş redaktor olmaqla 12 nəfər həyatını itirib. Fransada genişmiqyaslı islami əməliyyatının başlaması isə ayrı mətləblərdən xəbər verir.
Əvvəla, əksər dünya ekspertlərinin fikrincə, baş verən hadisələr reytinqi düşməkdə olan Fransua Ollandın komandası üçün göydəndüşmə olub. Onlar terroru bəhanə edərək yeni siyasi şou düzəltməklə əhalini diqqətini getdikcə dərinləşən iqtisadi böhrandan yayındırmaq istəyirlər.
İkincisi Fransua Olland rejimi əhalinin düşdüyü sosial problemlərin günahının özünün siyasi bacarıqsızlığında yox, ölkəyə qeyri-qanuni miqrant axınında olduğunu göstərməyə çalışır və bu zaman Fransa respublikasının 1792-ci ildən bəri formalaşmış təməl demokratiya anlayışlarını tapdalayır. Və bu dalğa Fransada artıq bir neçə ildir başlayıb. Artıq Fransa orta əsrlər Fransasının inkvizisiya qadağaları dövlətinə çevrilməyə başlayır. İnsanların fikrini sərbəst ifadə azadlığı əlindən alınır. Bu konstitusiyaya zidd cərəyan məhz müsəlmanlara qarşı yönəlir: erməni soyqırımını inkar edənlərə qarşı cinayət işi açılır, hicabla gəzmək qadağan edilir, məscidlərə hücumlar olur. Müsəlmanlara azan oxumaq və məscidlərin minarəsinin tikintisinə icazə verilmir... Əlvida Volterin demokratiyası!
"RİA Novosti" agentliyi isə fransız telekanalına istinadən xəbər verir ki, keçən həftə terrorçuların hücumuna məruz qalan "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti buraxılışının birinci səhifəsində İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatı ilə əks etdirəcək.
Xəbərə görə ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə "Je suis Charlie" plakatını tutub. Bunun üzərində isə qara hərflərlə "Tout est pardonne" (Hər şey bağışlandı) yazılıb.
Qeyd edək ki, jurnalın yeni nömrəsi 14 yanvar tarixində işıq üzü görəcək. "Charlie Hebdo"nun adi tirajı 60 min olduğu və yarısı satıldığı halda, jurnal bu günə kimi görünməyən tirajla, 3 milyon ədəd nəşr olunacaq.
Xatırladaq ki, bundan əvvəl jurnalın vəkili Rişar Malka jurnalıın yeni sayının Məhəmməd (s.) peyğəmbərin şəkli, eləcə də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib.
"Əlbətdə ki biz geri çəkilməyəcəyik. Əks təqdirdə bütün baş verənlərin heç bir mənası olmazdı" - deyə vəkil bildirib.
Onu da qeyd edək ki, redaksiyada bu nömrəni "sağ qalanların" nömrəsi adlandırırlar. Belə ki, bu nömrə üçün kənardan heç bir jurnalist cəlb etmədən, redaksiyaya olan hücumdan sağ qalanlar işləyəcək.
Yanvarın 7-də Fransanın paytaxtı Paris şəhərində "Charlie Hebdo" satirik jurnalına edilən hücum və xüsusilə də bunun ardınca bütün Avropanı əhatə edən etiraz aksiyalar fərqli aspektlərdən şərh edilməkdədir. Bir çoxları Qərbin terror sonrakı fəaliyyətini terrorizmə qarşı mübarizə həmrəyliyi kimi dəyərləndirsə də, bəzi ekspertlər bu aktivliyi Şərqdə axıdılan qanları illər uzunu laqeydliklə seyr edən Avropanın ikili standartlar siyasıtinin göstəricisi kimi dəyərləndirməkdədir.
Politoloq Elman Nəsirov Parisdəki terror olayı və bunun ardınca Qərbin sərgilədiyi dəsti-xətti dəyərləndirib: "Müasir terrorizmin dünya dövlətləri üçün ciddi təhlükə mənbəyi olduğu hər kəsə bəllidir. Beynəlxalq terrorizmə qarşı hər yerdə mübarizə aparmaq lazımdır. Bu məsələdə yaxşı və ya pis terrorçu yanaşması olmamalıdır. Bu mübarizə koordinasiya olunmuş, əlaqələndirilmiş şəkildə olmalıdır. Bu bir aksiomadır. Nə qədər ki, beynəlxalq terrorizmə qarşı mübarizə bir yerdə ümumiyyətlə aparılmayacaq, digər yerdə ən yüksək səviyyədə aparılacaq, belə olan halda beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq, onu önləmək heç də asan olmayacaq. Fransadakı son hadisələrlə bağlı bu ölkədə, xüsusilə Qərb düynasında ciddi reaksiya verilməkdədir. İslamfobiya dalğasının əsası qoyulub. Almaniyada xüsusi hərəkatlar formalaşır. On minlərlə insan küçələrə çıxır, İslam əleyhinə şüarlar səsləndirir. İş o yerə gəlib çatıb ki, Fransada yaşayan azərbaycanlılar da küçədə gəzərkən ehtiyatlı olmağa başlayıblar. Onlar heç nədən hədəfə çevrilə bilərlər. Bu, islamafobiyanın doğruduğu bir təhlükədir".
Politoloq onu da bildirib ki, bu gün Ermənistan parlamentində Daşnaksütun partiyası əyləşib, qanunvericiliklə məşğuldur. Terror təşkilatı Ermənistanın idarə edilməsində iştirak edir və Ermənistan beynəlxalq terrorizmi öz dövlət siyasəti səviyyəsinə yüksəldib. Bu gün ortada olan reallıqlardan biri də məhz budur. Bir yerdə ki, dünya terrorla mübarizə aparacaq, digər yerdə isə buna lüzum görməyəcək, o zaman XXI əsrin vəbası sayılan terrorizmə qarşı effektiv mübarizə mümkün olmayacaq.
Beynəlxalq şərhçi Mirzə Xəzərin fikrincə isə Avropa ölkələrində bu gün İslama münasibətdə təhlükəli vəziyyət yaranıb. Almaniya, Fransa, Danimarka, Hollandiya və digər ölkələrdə müsəlmanlara münasibətdə ictimai rəydə radikal dəyişikliklər əmələ gəlib. Radikallığın hər iki tərəfdə güclənməsi Avropanın aparıcı ölkələrində dinlərarası, mədəniyyətlərarası toqquşmalara, iğtişaşlara rəvac verəcəyini təxmin etmək çətin deyildir. Məsuliyyəti bir tərəfin boynuna yükləmək yanlışdır: "Hər iki tərəfdə radikal qruplar güclənir və öz populist çıxışları və əməlləri ilə ictimai rəyə təsir edirlər. Fransada Marine Le Penin rəhbərlik etdiyi "Front National", Almaniyada neofaşist NPD və təzəcə siyasi səhnəyə addımlayan "Avropanın İslamlaşmasına qarşı vətənpərvər avropalılar Birliyi"PEGİDA (Patriotische Europäer gegen die Islamisierung des Abendlandes, Pegida), Hollandiyada Geert Vildersin ifrat-sağ "Azadlıq partiyasını" misal göstərmək olar. Bu radikal hərəkat və partiyalar müsəlman mühacirləri Avropa dəyərlərini qəbul etməyə və cəmiyyətə inteqrasiya olmağa məcbur edilməsinə tərəfdardırlar. Digər tərəfdə isə sələfilərin və digər radikal islamçıların Avropa ölkələrində təbliğat-təşviqat fəaliyyəti güclənməkdə və genişlənməkdədir. Fransada vəziyyət Almaniyaya nisbətdə daha bərbaddır".
M.Xəzərin sözlərinə görə, Fransadakı müsəlman ailələrin əksəriyyəti cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşamaqdadır: "Ən böyük müsəlman əhalisinə malik Fransada 5-6 milyon müsəlman yaşayır və onların əksəriyyəti fransız cəmiyyətindən təcrid edilmiş şəkildə öz adət-ənənələri ilə yaşayırlar. Ən çox işsizlik müsəlman əhalisi arasındadır. İşsiz qalan minlərlə gənc müsəlman radikal qüvvələrin əlində təhlükəli silahdır. "Şarli Ebdo" satirik jurnalına və "Hyper Cacher" (Halal ərzaq satan) yəhudi supermarketinə basqın edən və 17 insanı qətl edən terrorçular Fransada doğulan və böyüyən, amma fransız cəmiyyətində qəbul olunmayan gənclərdir. Avropanın, köhnə Avropanın açıq dinlərarası toqquşmanın astanasında olduğunu söyləyənlər də vardır. Yanvarın 11-də Parisdə təşkil edilən və bütün dünyadan liderlərin iştirakı ilə keçirilən yürüşü bu yöndən qiymətləndirmək doğru olardı. Bu yürüş hər iki tərəfi sakitləşdirmək, barış ab-havası yaratmaq, dinc yanaşı yaşamanın alternativinin qan və ölüm olduğunu gur səslə bildirmək üçün bir fürsət idi. 50 dövlət və hökumət başçıları arasında müsəlman ölkələrinin, o cümlədən Türkiyə və İordaniya liderlərinin də olması bu məqsədə xidmət edir.Yürüşə çıxan bir milyondan çox fransız vətəndaşı arasında xristianlar, müsəlmanlar və yəhudilər də var idi. Onlar Avropada müxtəlif dinlərin, mədəniyyətlərin təmsilçisi olan insanların dinc yanaşı yaşamaq istədiklərini nümayiş etdirmişlər".