Yanukoviç və yaxın ətrafının varidatına həbs qoyuldu Dünya

Yanukoviç və yaxın ətrafının varidatına həbs qoyuldu

Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkədən qaçmış keçmiş prezident Viktor Yanukoviç üzərində qiyabi məhkəmə prosesi keçirilməsi təklifi ilə çıxış edib.
A.Avakov özünün "Facebook" səhifəsində yazıb ki, V.Yanukoviçlə bağlı qiyabi məhkəmə prosesi keçirərək onun və yaxın ətrafının hazırda həbs qoyulmuş maliyyə vəsaitlərini dövlət büdcəsinə köçürmək lazımdır: "Baş Prokurorluq və Ədliyyə Nazirliyi Yanukoviç və komandası üzərində qiyabi məhkəmə keçirilməsini əngəlləyən bürokratik maneələrin aradan qaldırılması və onların yaxalanmasını gözləmədən həbs qoyulmuş aktivlərinin dövlətə qazandırılması üçün parlamentə xırda düzəlişlər təklif ediblər. Bu aktivlər xalqdan oğurlanıb".
A.Avakov V.Yanukoviç və yaxın ətrafına məxsus olan, hazırda Ukrayna güc strukturları tərəfindən həbs qoyulmuş maliyyə vəsaitləri və qiymətli kağızların miqdarını da açıqlayıb: xarici ölkələrdə 2 milyard dollar, Ukrayna daxilində 1,8 milyard dollar və 6 milyard qrivna. Nazir bildirib ki, daşınmaz əmlak və müxtəlif şirkətlərdə paylar bura daxil deyil: "Həbs qoyulan pullar Müdafiə Nazirliyi + Daxili İşlər Nazirliyinin büdcəsindən çoxdur. Qoy liberallar məni qınasınlar, lakin deməliyəm ki, Ukraynanın bu pulları ölkə büdcəsinə qazandıracaq məhkəmə qərarına çox ehtiyacı var. Qiyabi məhkəmə bu qərarın ədalətini əksiltməz".
Xatırladaq ki, hazırda Rusiyada olan Viktor Yanukoviç və oğlu Aleksandr Yanukoviç haqqında İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.