Rusiya İrana yaxınlaşır Dünya

Rusiya İrana yaxınlaşır

Moskvanın bu mövqeyi Vaşinqtonun narahatlığına səbəb olub

Cavid

Rusiya və İran "S-300" zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqları bərpa edəcək. "Jane`s" agentliyi İranın Müdafiə Nazirliyinə istinadən bildirib. Müvafiq razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri zamanı iranlı həmkarı Hüseyn Dehqa ilə keçirdiyi görüşdə əldə olunub.
Qarşıdakı danışıqların təfərrüatı hələlik gizli saxlanılır. Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, "S-300" komplekslərinin çatdırılması haqqında məsələ bağlı qapılar arxasında müzakirə edilib. Ancaq konkret razılaşmanın əldə olunmadığı bildirilir. Qəzetin mənbələrinin məlumatına görə, zenit-raket komplekslərinin çatdırılması ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması bir neçə il tələb edəcək. Maraqlıdır ki, İranın "Fars" xəbər agentliyi "S-300" zenit-raket komplekslərinin İrana çatdırılması haqqında müqavilənin imzalandığını bildirib. Sergey Şoyqunun İrana səfəri çərçivəsində hərbi-texniki əməkdaşlıq haqqında razılaşmanın imzalanması isə artıq dəqiq olan informasiyadır.
Qeyd edək ki, "S-300" komplekslərinin İrana çatdırılması haqqında müqavilə hələ 2007-ci ilin sonunda imzalanmışdı. Rəsmi mənbələr müqavilənin dəyərini açıqlamasa da, KİV yazırdı ki, Rusiya təxminən 800 milyon dollar dəyəri olan "S-300 PMU-1" zenit-raket sisteminin beş divizionunu İrana çatdırmalı idi. 2010-cu ilin iyununda isə BMT İrana raketlər və raket sistemləri də daxil olmaqla tanklar, hücum vertolyotları, döyüş təyyarələri və gəmilərin çatdırılmasını qadağan edən 1929 saylı qətnamə qəbul etdi. Rusiya prezidenti Dmitri Medvedev həmin ilin sentyabrında BMT qətnaməsinin icrasına uyğun olaraq "S-300" komplekslərinin İrana çatdırılması ilə bağlı müqaviləni qadağan edən fərman imzaladı.
Daha sonra Rusiya avans aldığı 167 milyon dolları İrana qaytarsa da, bu Tehranın küskünlüyünü aradan qaldırmaq üçün kifayət etmədi. Tehran Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdi. İddiada tələb olunan kompensasiyanın məbləği dörd milyard dollar təşkil edirdi. Moskva "S-300"lərin əvəzində Tehrana "Tor-M1E" zenit-raket komplekslərini təklif etməklə mübahisəni həll etməyə çalışdı, amma bu təklif İran tərəfindən rədd edilmişdi.
Hazırda isə geosiyasi vəziyyət kəskin dəyişib və Rusiyanın maraqlarına heç bir halda cavab vermir. Rusiya Krımın ilhaqı və Donbas hövzəsinə müdaxiləsinə əvəz ödəməkdədir. Ölkə yarımtəcrid vəziyyətdədir və hadisələrin hazırkı gedişatı Moskvanı tam təcrid vəziyyətinə aparır. Ölkədən sürətlə "qaçan" kapital, neftin qiymətinin sürətlə düşməsi fonunda rublun kəskin ucuzlaşması Rusiyanı iqtisadi iflas həddinə gətirib. Moskvanın siyasi nüfuzu da sürətlə düşür. "Böyük yeddilik"dən uzaqlaşdırılan Rusiyanın beynəlxalq məsələlərlə bağlı rəyi daha bir-iki il əvvəlki kimi nəzərə alınmır. Bunu Suriya və İraqda İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyada da müşahidə etdik.
Vəziyyət bir-iki il əvvəlki kimi olsaydı, Moskva Tehranın nazı ilə oynamağa həvəs göstərməzdi. İndi isə Moskva BMT-nin sanksiyalarını pozmaq hesabına bir vaxtlar satmaqdan vaz keçdiyi "S-300"ləri Tehrana təklif edir və buna məcburdur. Çünki Çin istisna olmaqla, Rusiyanın güclü müttəfiqi qalmayıb. Son vaxtlara qədər Avropada Almaniya timsalında müttəfiqi olan Moskvanın Berlinlə münasibətlərində uçurum yaranıb. İranın Qərbə güzəştə gedilməsi – təhvil verilməsi isə Rusiyanın tamamilə təcridi anlamına gəlir. 2013-cü ildə ABŞ-ı Suriyaya müdaxilə etməyə qoymayan Rusiyanın hazırda belə bir imkanı yoxdur. ABŞ koalisiya yaradaraq İŞİD-ə qarşı mübarizə adı ilə hər gün Suriyanı bombalayır. Bu bombalar sabah Əsədin başına tökülsə belə, Rusiyanın reaksiya göstərmək iqtidarında olacağı inandırıcı deyil. Rusiyadan fərqli olaraq İranın Yaxın Şərqdəki proseslərə müdaxilə imkanları kifayət qədərdir. Sözsüz ki, İran vasitəsilə regiondakı proseslərə müdaxilə Rusiyanın xarici siyasətində prioritet istiqamətlərdəndir. İran Qərbin sanksiyaları ilə zəiflədilsə də, regionda əhalinin sayı və hərbi gücü baxımından ən böyük ölkələrdən biridir. Dünya siyasətində ən güclü silahlardan olan böyük enerji ehtiyatları da Rusiyanı İranla anti-Qərb ittifaqı yaratmağa vadar edir.
Rusiya və İran müdafiə nazirlərinin görüşündə "ümumi düşmən" və "kənar qüvvələr" anlayışlarının dilə gətirilməsi də yarana biləcək Moskva-Tehran ittifaqının məhz kimə qarşı yönələcəyini açıq şəkildə ortaya qoyur. "Rusiya və İran kənar qüvvələrin Yaxın Şərqin işlərinə qarışmaq cəhdlərinin qarşını almaq üçün səylərini əlaqələndirmək niyyətindədirlər. Bölgədə və dünyada yaranmış vəziyyət Rusiya və İrandan beynəlxalq təhlükəsizlik və regional sabitlik sahəsində birgə əməkdaşlığı tələb edir", - İranın müdafiə naziri Hüseyn Dehqan əlavə edib.
Rusiya Müdafiə naziri Sergey Şoyqu da öz növbəsində iranlı həmkarının fikrini tamamlayaraq hər iki ölkənin üzləşdiyi təhlükələrin eyni olduğunu və onların qarşısının alınmasının yalnız birgə səylər nəticəsində mümkün olduğunu vurğulayıb. "Ümumi düşmən" və "kənar qüvvələr"in isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın olduğu şübhəsizdir.
Yeri gəlmişkən, Rusiyanın İran istiqamətində ekspansiyanı gücləndirməsi ABŞ-ı da narahat edib. İki ölkənin hərbi-texniki əməkdaşlıq haqqında razılaşmanı imzalaması, eləcə də "S-300"lərlə bağlı informasiyalardan narahatlıq ABŞ prezidenti Barak Obamanın Konqresdə çıxışında da əksini tapdı. Obama İrana qarşı yeni sanksiyaların qəbul edilməsinin hazırda məntiqli olmadığını bildirib və İrana qarşı yeni sanksiyaların qəbulunu nəzərdə tutan qanunlara veto qoyacağını vurğulayıb. Artıq ABŞ da fərqindədir ki, nüvə proqramı üzrə danışıqların uzanması, sanksiyaların qüvvədə qalması və yeni sanksiyaların tətbiqi barədə gəzən söz-söhbətlər Tehranın Qərbə olan-qalan inamını da itirir və onu başqa istiqamətlərdə müttəfiqlər axtarmağa məcbur edir.
Qeyd edək ki, İranın nüvə proqramına dair İran və "altılıq" ölkələri arasındakı danışıqlar ötən il noyabrın 24-də nəticəsiz yekunlaşıb. Danışıqların 2015-ci ilin iyulunadək uzadılması barədə qərar verilib. Vaşinqtonun isə İranla bağlı davranışlarda səmimi olduğunu sübut etmək üçün çox az vaxtı qalıb. Qərbin İranı bundan sonra da məyus etməsi Tehranı ABŞ-ın qorxulu yuxusuna çevrilən Rusiya-Çin ittifaqına doğru itələyə bilər.
Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev hesab edir ki, İran və Rusiya hazırkı situasiyada inteqrasiya layihələrinin reallaşdırılmasında, eləcə də siyasi koalisiyanın yaradılmasında son dərəcə maraqlıdırlar. "ABŞ əsas düşmənləri kimi Suriyanı, İran və Rusiyanı elan edib. Buna görə də Moskva və İran koalisiya yaratmalıdır", - deyə Putinin məsləhətçisi bildirib.
S.Qlazyevin fikrincə, Rusiya və İranın tarixi əlaqələrə malik olması, eyni zamanda ABŞ-ın hər iki dövlətə qarşı yönəlmiş müasir xarici siyasəti əməkdaşlığı zəruri edir: "İran böyük və dinamik inkişaf edən ölkədir. Tehran həmişə bizim partnyorumuz olub. İki ölkə arasında əməkdaşlığın çox əsirlik tarixi var. Əlbəttə ki, bu tarixdə müxtəlif problemlər, dramatik hadisələr və münaqişələr olub. Amma hazırda ABŞ tərəfindən yeni dünya müharibəsi və NATO təhdidi şəraitində maksimal geniş koalisiyanın formalaşması lazımdır. Bu koalisiyanın yaradılmasında İran və Rusiya maraqlıdır. İran və Rusiyaya hərbi-siyasi və iqtisadi əməkdaşlıq lazımdır. Biz bu təcavüzün birinci qurbanı oluruq. Əlbəttə ki, ümumi dili tapmalıyıq. Biz partnyorlarımızı geniş hərbi koalisiya qurmağa inandırmalıyıq. İran kimi əhəmiyyətli bir iqtisadi partnyoru Avrasiya iqtisadi inteqrasiyası proseslərinə cəlb etmək bizim üçün çox vacibdir".
Proseslərin gedişatı da onu göstərir ki, qonşuluğumuzda anti-Qərb xarakterli hərbi, siyasi və iqtisadi ittifaq yaranır. Bu, Azərbaycana necə təsir edə bilər? Bu isə üzərində xüsusi düşünülməli olan məsələdir.