Avropa da Rusiya qazından imtina edəcək Dünya

Avropa da Rusiya qazından imtina edəcək

ABŞ konqresmenləri və senatorları prezident Obamanı Avropa və Ukraynaya təbii qaz ixracına başlamağa çağırıblar

ABŞ Respublikaçılar Partiyasının nüfuzlu simaları prezident Barak Obamanı ABŞ maye qazının əsas tərəfdaş ölkələrə ixracı üçün mövcud bürokratik əngəlləri aradan qaldırmağa çağırıblar. APA-nın "Fox News"a istinadən verdiyi məlumata görə, respublikaçılar hesab edirlər ki, ABŞ-ın qaz ixrac etməsi üçün mövcud bürokratik əngəllər aradan qaldırılsa, Avropa və Ukraynanın Rusiya təbii qazından asılılığını azaltmaq mümkün olacaq.
"Bu addım indi heç vaxt olmadığı qədər bizə lazımdır", - deyə Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Cim İnhouf söyləyib. Nümayəndələr Palatasının sədri Con Beyner də eyni fikirdədir. O bəyan edib ki, ABŞ öz müttəfiqlərini Rusiya qazından asılı olmağa məcbur etməməlidir: "Qaz ixracına faktiki qadağa anlamına gələn məhdudiyyətlərin aradan qaldırılması və ixracın başlaması ABŞ-ın öz müttəfiqlərinə yardım göstərdiyini aydın nümayiş etdirər və ölkəmizdə yeni iş yerlərinin yaradılmasına səbəb olar".
Senator Con Barasso hesab edir ki, Avropa və Ukraynanın Rusiya qazından asılılığı Moskvanın qazın qiymətləri vasitəsilə bu region üzərində manipulyasiyalarına əsas verir: "Əgər prezident Obama doğrudan da Ukrayna dövlətinə və xalqına kömək etmək istəyirsə, bu ölkəyə sürətli qaz ixracına icazə verməlidir. Bu, Ukraynanın Rusiya enerji ehtiyatlarından asılılığına və Vladimir Putinin siyasi manipulyasiyalarına son qoyardı".
Nümayəndələr Palatasının Enerji və ticarət komitəsinin sədri Fred Apton da hesab edir ki, maye qazın ixracının genişlənməsi Rusiyanın təsirini azaltmağa imkan verəcək, ona görə də bu istiqamətdə sürətlə hərəkət etmək lazımdır. O qeyd edib ki, rəhbərlik etdiyi komitə Şərqi Avropanın baha olmayan yeni enerji mənbələri əldə etməsi üçün qanun layihələrinin hazırlığını davam etdirəcək. F.Apton bildirib ki, hazırkı bürokratik məhdudiyyətlər Rusiyanın bölgədə öz nüfuz dairəsini genişləndirməsi cəhdləri ilə mübarizədə Vaşinqtonun əlini-qolunu bağlayır.