Ermənistanda kabus axtarışı Dünya

Ermənistanda kabus axtarışı

Xalq Sarkisyana qarşı mübarizəyə qalxır

Cavid

Ermənistan prezidenti Serj Sarkisyanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı təhqir edilməsi ölkədə böyük rezonans yaradıb. Sarukyanı müxtəlif cinayətlərdə günahlandıran Ermənistan prezidenti ondan siyasətdən çəkilməsini tələb edir. Halbuki belə bir tələbin irəli sürülməsi, həm də bunun şantaj yolu ilə edilməsi ölkə Konstitusiyasına ziddir. Erməni Milli Konqresi Partiyasının müvafiq bəyanatda bildirilir ki, bu cür əməllər hakim partiyanın ictimaiyyətin diqqətini öz günahlarından uzaqlaşdırmaq məqsədi daşıyır. Hətta müxalifətə susmaq və hakimiyyəti tənqid etməmək əmri verilib.
"İrs" partiyasının bəyanatında isə deyilir ki, hakimiyyətə saxtalaşdırılmış seçkilərlə gəlmiş Serj Sarkisyan fərqli düşünənlərin axırına çıxmaq istəyir. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan da Serj Sarkisyanın ittihamlarına kəskin cavab verib. O, erməni xalqını azadlıq uğrunda mübarizəyə çağırıb. Onun fikrincə, günlərlə davam edən mitinqlər, yürüşlər, kampaniyalar Ermənistanı Sarkisyandan və onun əlaltılarından xilas edəcək.
Hakimiyyətə saxtalaşdırılmış seçkilərlə gəlmiş Serj Sarkisyan fərqli düşünənlərin axırına çıxmaq istəyir.
"Biz Qaqik Sarukyanın şəxsiyyətinin təhqir edilməsini qınayırıq. Serj Sarkisyan və onun əlaltıları ölkədə siyasi vəziyyəti gərginləşdirir və bu, onlara baha başa gələcək", - deyə "İrs" partiyasının bəyanatında bildirilir.
Erməni ekspertləri hesab edir ki, Ermənistanda kabus axtarışına başlanıb və bu kampaniyanı prezident başlayıb. Məhz onun göstərişi ilə Ermənistan Təhlükəsizlik Şurası ayrı-ayrı müxalifət liderlərinin fəaliyyəti ölkənin təhlükəsizliyi baxımından müzakirə olunmağa başlayıb.
Ermənistanın "Hraparak" nəşri yazıb ki, Qaqik Tsarukyan həbs edilsə, bu, sabiq prezident Robert Köçəryanın müvəffəqiyyətsizliyi olacaq.
Qəzet bildirib ki, "Çiçəklənən Ermənistan" liderinə qarşı istənilən ittiham, çağırış Robert Köçəryana zərbə vurur: "Deyəsən, həm Köçəryan, həm də onun biznes layihələrinə siyasi "ölüm" saatı vurulub. Bu "ölüm" ölkədə yeni səhifə açacaq".
Artıq Qaqik Tsarukyanın və onun partiyasından olan bir neçə nəfərin deputat mandatını itirəcəkləri gündəmdədir.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Serj Sərkisyanın atdığı addımları uğursuz adlandırıb. Tsarukyan keçmiş prezident Robert Köçəryanın biznesini idarə edən oliqarx kimi də tanınır.
Ölkədəki siyasi böhran Sarkisyan hakimiyyətini ciddi təşvişə salıb. İrəvan şəhər meriyası mitinq qərarı verən müxalifətin müraciətini rədd edib. Meriya iddia edib ki, parlamentin üç müxalifət partiyası tərəfindən təqdim edilmiş ərizə düzgün tərtib edilməyib. Ermənistanda vəziyyət elə gərginləşib ki, ekspertlərin fikrincə, hakimiyyət fevralın 20-ə təyin edilmiş mitinq fərqli nəticələr verə bilər.
Ermənistan hakiyyətində narahatlıq o həddə çatıb ki, polisə Sarukyanın mühafizəçilərini yoxlamaq əmri verilib. Bunun nəticəsində 200 nəfər işdən qovulub. Bunlar əsasən "Çiçəklənən Ermənistan" partiyasının liderinin biznes mərkəzini vaxtilə qorumuş əməkdaşlardır. Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, işdən qovulanların çoxu dövlət qurumlarında işləmələrinə baxmayaraq, şəxsən Sarukyan tərəfindən dəstəkləniblər.
Ermənistan parlamentində isə "Çiçəklənən Ermənistan" liderini deputat mandatından məhrum etmək üzərində işləyirlər. Bu barədə parlamentin spikeri Qalust Saakyan bildirib.
Özünü müstəqil Ermənistan tarixinin "ən demokratik prezidenti" kimi təqdim edən prezident Serj Sarkisyanın göstərişi ilə bu müxalifət partiyasına qarşı bütün cəbhələrdə təzyiq edilir.