İranla Qərb arasında növbəti gərginlik Dünya

İranla Qərb arasında növbəti gərginlik

Əli Xameneyi: "Vurub qaçmaq zəmanəsi geridə qalıb, indi iranlılar onlara təcavüz edənləri rahat buraxmayacaqlar!"

İran və "altılıq" vasitəçilər qrupunu təmsil edən Aİ-nin nümayəndələri Tehranın nüvə proqramına dair danışıqları mayən 12-də Vyanada davam etdirəcəklər.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, mayın 15-də danışıqlara "altılıq" qrupundakı digər ölkələrin nümayəndələri qoşulacaq. Bu barədə Aİ xarici siyasət xidmətinin məlumatında bildirilir.
"Aİ-ni təmsil edən Helqa Şmidt və İran XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt Rəvançi mayın 12-də Vyanada danışıqları davam etdirəcəklər. Sonra, mayın 15-də onlara "altılıq" ölkələrinin nümayəndələri qoşulacaq", deyə məlumatda bildirilir.
Məlumata əsasən, Aİ və İran nümayəndələri Lozannada aprelin 2-də razılaşdırılmış əsas müddəalara əsaslanacaq yekun sazişin əsas mətninin layihəsi üzərində işi davam etdirəcəklər.
"Eyni zamanda texniki ekspertlər əsas mətnə əlavə olunacaq razılaşmaların hazırlanması üzərində işi davam etdirəcəklər", deyə sənəddə bildirilir.
Bu arada İranın ali dini lideri Əli Xameneyi bəyanatla çıxış edib. O deyib: "İranın nüvə proqramı ilə bağlı danışıqların təzyiqlər altında keçməsinə imkan vermərəm. Böyük dövlətlərlə nüvə danışıqlarının təhdidlər fonunda keçməsi İran üçün qəbuledilməzdir. Millətimiz bunu dəstəkləmir. Hərbi təhdidlər danışıqlara kömək edə bilməz".
Maraqlıdır ki, İranla "altılıq" ölkələri arasında danışıqların həssas vaxtında ABŞ-ın ərəb ölkələrində İrana qarşı havadan müdafiə raket sistemlərini yerləşdirmək istədiyi barədə məlumatlar yayılıb.
"Reuters" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ mənbələri məlumat veriblər.
Xəbərdə qeyd olunur ki, Barak Obama ərəb ölkələrinin rəhbərləri ilə gələn həftə keçirəcəyi görüşdə müttəfiqlərini körfəzdə İrana qarşı havadan müdafiə raket sistemlərinin yerləşdirilməyinə kömək etməyə razı salmaq üçün bütün səylərini göstərəcək. Bildirilib ki, ABŞ ərəb müttəfiqlərini İran və "Altılıq" arasında əldə edilməsi ehtimal olunan nüvə anlaşması ilə bağlı arxayın etmək istəyir.
ABŞ rəsmiləri isə rəsmi Vaşinqtonun bu niyyətdə olmağını hələlik təsdiqləməyiblər.
Bildirək ki, ABŞ prezidenti 13-14 mayda Vaşinqtonda Körfəz Əməkdaşlıq Təşkilatına üzv olan altı ərəb ölkəsinin liderlərini qəbul edəcək.
Bundan başqa ötən gün Fransa və Qətər arasında əmirliyə 6,3 mlrd dəyərində 24 "Rafale" çoxməqsədli qırıcı təyyarələrinin satılmasına dair sazişin imzalanıb. Müqavilə həmçinin Qətərə qanadlı raketlərin satışını, qətərli pilotların, aviasiya texniklərinin və kəşfiyyat zabitlərinin Fransada təlimini nəzərdə tutur. Qeyd edək ki, 2014-cü ildə Səudiyyə Ərəbistanı silah və hərbi texnikanın alınmasına 80 mlrd dollar, BƏƏ isə 23 mlrd dollar həcmində vəsait xərcləyib. Silahların əksəriyyəti ABŞ-dan əldə edilib.
Sözügedən məsələyə Tehranın reaksiyası da gecikməyib. İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ və Avropa ölkələri tərəfindən Yaxın Şərqə silah satışının artırılması regionun sabitliyinə təhlükə yaradır: "ABŞ və Avropa ölkələri Yaxın şərqə silah satışının artırılmasından fərəhlənməməlidir. Onlar bununla bölgədə təhlükəsizliklə bağlı vəziyyəti daha da gərginləşdirirlər, Yaxın Şərq ölkələri arasında ədavəti daha da dərinləşdirirlər".
"Nəticədə qərb ölkələri faktiki olaraq Bağdad, Dəməşq və Sanada dinc sakinlərin qətlinə, sivilizasiyaların məhv edilməsinə yardım etmiş olurlar. Onlar bunları hərbi-sənaye müəssisələrində mütəxəssisləri üçün yeni iş yerlərinin açılması məqsədi ilə edirlər", deyə Həsən Ruhani vurğulayıb.
İranın ali lideri Əli Xameneyi ölkənin elm adamları və müəllimləri qarşısında çıxışı zamanı ölkəsinə qarşı hərbi təzyiqdən danışıb.
"Bizim təhdid sayəsində baş tutan müzakirələrə səbrimiz çatmır və bununla əsla razı deyilik". Xamenei bir neçə gün əvvəl ABŞ rəsmisi tərəfindən İrana qarşı təhdid dolu mesajların verilməyinin və müzakirələrin belə mesajlarla paralel aparılmağının yolverilməz olduğunu bildirib: "Bir neçə gün əvvəl Amerikanın iki rəsmisi İrana hücumla bağlı təhdid dolu mesaj verib. Əvvəlcə onu deyim ki, onlar çox səhv edib bunu deyiblər. İkincisi, mən bunu Amerikanın əvvəlki prezidentinin dövründə də demişəm və indi də deyirəm: vurub qaçmaq zəmanəsi geridə qalıb. İndi iranlılar onlara təcavüz edənləri rahat buraxmayacaqlar!"