Böyük imperiyanın süqutu Dünya

Böyük imperiyanın süqutu

Rusiyanın keçmiş baş naziri Primakovun proqnozları özünü doğruldur

Cavid

Putin hakimiyyətə gəldikdən sonra Rusiya büdcəsinin neft və qazdan asılılığı 30%-dən, 50%-ə qədər yüksəlib. Bu, Rusyan üçün sözün əsl mənasında fəlakət deməkdir. "Forbes"in xatırlatmasına görə, hətta bir müddət əvvəl keçmiş baş nazir Yevgeni Primakov xəbərdarlıq etmişdi ki, əgər Vladimir Putin Ukraynaya qarşı yürütdüyü siyasəti davam etdirərsə, onda Rusiya nef asılılığından çıxa bilməyən və kənara itələnmiş üçüncü dünya dövlətinə çevriləcək.
Rusiya 2015-ci ilə qədəm qoyub, onun iqtisadi göstəriciləri Primakovun sözlərini təsdiqləyir. Sözsüz ki, ölkənin taleyi iqtisadi faktorlardan asılıdır. Amma həmin faktorlar Rusiyanın nəzarətində deyil. Bəllidir ki, enerji daşıyıcılarının qiyməti Rusiya tərəfindən tənzimlənmir. Digər tərfdən isə Rusiyanın taleyi, ölkədə rejim dəyişikliyinin baş verəcəyindən xoflanan Putinin beynəlxalq arenadakı avantürasından da asılıdır. Rus xalqına pafosla inkişaf və sabitlik sözünü vermiş Putin, bundan sonra dediklərini çətin ki, həyata keçirə bilsin. 2008-2009-cu illərdəki maliyyə böhranından fərqli olaraq, Rusiya uzunmüddətli və dərin böhran təhlükəsi ilə qarşı-qarşıyadır.
Yeddi illik qısa bir müddət ərzində Rusiya iqtisadiyyatı iki dəfə güclü ildırım zərbəsi ilə qarşılaşıb. 2008-2009-cu illərdə dünyada neft qiymətlərinin kəskin aşağı düşməsi və kredt bazarının çökməsi ilə müşahidə olunan sərt böhranın tüğyan etdiyi dövrdə Rusiya iqtisadiyyatı ciddi şəkildə laxlamışdı. Həmin dövrdəki böhran qasırğasının təsirləri, digər ölkələrə nisbətən Rusiya üçün daha ağrılı keçmişdi. Ölkənin Ümumi Daxili Məhsulu 8% azalmışdı. Lakin həmin böhran çox tez sovuşdu. Çünki neftin qiyməti tez bir zamanda yüksəldi, dünya kredit bazarı isə tədricən əvvəlki mövqeyinə qayıtdı.
2010-2011-ci illərdə iqtisadi böyümə tempi təxminən 5% artsa da, Ukrayna hadisələri ərəfəsində həmin yüksələn inkişaf tempi artıq xeyli dərəcədə aşağı düşmüşdü. 2014-cü ilin ortalarından başlamaqla, Rusiya iqtisadiyyatı yenidən böyük sarsıntılarla üzləşdi. 2008-2009-cu ilərdəki iqtisadi böhran ilə indiki böhran arasında fərq elə də böyük deyil. Ancaq Rusiya iqtisadiyyatına dəyən ikinci zərbə dalğasının təsiri, əvvəlkinə görə daha uzun çəkir. Belə görünür ki, enerji resurslarının qiymətləri, hələ xeyli müddət aşağı səviyyədə qalacaq. Ukraynada sülhə nail olmaq yolunda Rusiya ciddi addımlar atmadığı təqdirdə sanksiyalar da aradan qaldırılmayacaq.
Bəs, görəsən Rusiya ikinci dəfə iqtisadi yüksəlişə hansı üsullarla nail olacaq? Fikir müxtəlifliyinə baxmayaraq, yaxın perspektivdə neft qiymətlərinin aşağı səviyyədə qalacağı gözlənilir. Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından, öz şirkətlərini maliyyələşdirmək məqsədi ilə Rusiyanın yeni mənbələr tapması hədsiz müşkül işə çevrilib.
Keçmiş gələcəyin, mükəmməl olmasa da, hər halda yol bələdçisi sayılır. Bir-birinə bənzəyən iki iqtisadi böhran, təxminən eyni və oxşar faktorlar sayəsində baş verib. Əgər 2015-2016-cı illər üçün gözlənilən əsas iqtisadi göstəricilərə nəzər yetirsək, onda 2015-ci ilin iqtisadi geriləmə ili olacağı heç bir şübhə doğurmur. Başqa yandan isə indiki vəziyyət müəyyən qədər 2016-cı ildə də davam edəcək kimi görünür.
Rusiya iqtisadiyyatının böyüməsinə dair müxtəlif proqnozlar mövcuddur. Ancaq onların heç birini ürəkaçan adlandırmaq olmaz. Həmin proqnozlar içərisində ən nikbini, Rusiya İqtisadi İnkişaf nazirinin proqnozudur. Nazirin sözlərinə görə, 2015-ci ildəki 3%-lik iqtisadi geriləmə 2016-cı ilin yüksəlişi hesabına kompensasiya ediləcək.
Lakin 2014-cü ilin dekabrında Rusiyanın Mərkəzi Bankı, 2015-ci ilin Ümumi Daxili Məhsulunun mənfi 4,6% olacağı barəsində proqnoz vermişdi. Qəribədir ki, Kremllə yanaşı, kütləvi informasiya vasitələri də bu məlumata lazımınca diqqət yönəltməmişdilər. Halbuki Mərkəzi Bankın proqnozları, Beynəlxalq Valyuta Fondunun (-3,8%) proqnozundan da bədbindir.
İqtisadi böyümə haqqında bədbin proqnozların səsləndirilməsi üçün, bir sıra əsaslı amillər var. Gömrük daxilolmalarının üçdə bir qədər aşağı düşməsi və 2015-ci il üçün büdcə gəlirlərinin 2,5 trilyon rubl (50 milyard dollar) həcmində azalması fonunda, Rusiya Maliyyə Nazirliyi administrativ göstərişlərlə büdcədə böyük kəsintilərə gedilməsinə qərar verib. Bununla yanaşı Rusiya hökuməti 2015-ci il üçün xalis kapitalın ölkədən çıxmasının 80 milyard dollar azalacağı barədə nikbin proqnozlar da söyləyir. Amma bu proqnoza baxmayaraq, dövlət büdcəsinin 3,7% həcmindəki kəsiri, ölkə iqtisadiyyatını 150 milyard dollar həcmində investisiya qoyuluşundan məhrum edəcək.
Maraqlısı odur ki, baş nazir Dmitri Medvedyev bütün çətinliklərin günahını NATO, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın üzərinə yıxaraq, bildirib ki, bu güclərin əsas məqsədi Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaqdır. Ancaq hər halda rus xalqı Putindən hakimiyyətə gəldiyi vaxt ölkə iqtisadiyyatını neft və qaz asılılığından qurtaracağı barəsində verdiyi sözü nə üçün yerinə yetirmədiyini də soruşa bilər. Çünkü Putin hakimiyyətə gəldikdən sonra Rusiya büdcəsinin neft və qazdan asılılığı 30%-dən, 50%-ə qədər yüksəlib.