İran yekun nüvə sazişinə ümidlə yanaşır Dünya

İran yekun nüvə sazişinə ümidlə yanaşır

Nəzərlər iyunun sonuna dikilib

Cavid

İranın xarici işlər naziri Mohammad Cavad Zərif Tehranla aparıcı 6 dünya ölkəsinin müvafiq vaxtda yekun nüvə sazişi imzalayacaqlarına ümidlə yanaşdığını deyir. Afinada səfərdə nazir olan bildirib ki, əgər digər tərəf qarşılıqlı hörmət əsasında razılığa gəlməyə səy göstərsə və buna hazır olsa onda istənilən vaxt onları qane edə bilər.
Qeyd edək ki, İranla danışıqlarda ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya iştirak edir. Tərəflər aprelin 2-də İsveçrədə çərçivə sazişi imzalayıb, iyunun sonunda isə yekun sənəd imzalamaq razılığına gəliblər. Söhbət İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir. Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran isə bu ittihamı rədd edir.
Onu da bildirək ki, ABŞ dövlət katibi Con Kerri mayın 30-da Cenevrəyə gedəcək və iranlı həmkarı Cavad Zariflə nüvə danışıqlarının növbəti raundunu keçirəcək. Sözçü Jeff Rathke mayın 27-də deyib ki, Vaşinqton İranın iyunun sonunadək dünya dövlətləri ilə yekun nüvə sazişi əldə edə biləcəyinə inanır. Xatırladaq ki, Kerri və Zarif aprelin sonunda Nyu Yorkda görüşüblər. İranla yekun sazişin məqsədi Tehranın nüvə proqramını məhdudlaşdırmaq və İrana sanksiyaları qaldırmaqdır. Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu yay vəzifədən gedir. Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, Dövlət katibinin köməkçisi Wendy Sherman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək. Sazişin əldə olunması üçün iyunun 30-u son tarix qoyulub. Sherman son iki ildə Avropada İran rəsmiləri ilə texniki müzakirələrin böyük hissəsini aparıb. Onun vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlarla İran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi əldə ediblər.
Politoloq Razi Nurullayev məsələ ilə bağlı bildirib ki, BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (Altılıq) ilə İran dövləti arasında nüvə proqramı üzrə 20 ildən artıq davam edən gərginliyə son qoya biləcək razılaşma İranın dünyada yerini və rolunu möhkəmlndirəcək. O bildirib ki, 1979-cu il İran İslam inqilabından bəri Tehranla Vaşinqton arasında davam edən qarşıdurma sonlana bilər.
Ekspertin fikrincə, eyni zamana, dünya gücləri ilə İran arasında əldə olunan razılaşma dünyada gərginliyin azalmasına və İranın rolunun artmasına səbəb olacaq. Əldə olunan razılaşmada uduzan tərəf olmadığını bildirən Razi Nurllayev deyib ki, ABŞ başda olmaqla dünya gücləri İranın nüvə proqramını nəzarətə götürüb.
"Onların rəhbərliyi altında İran nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirəcək. Beləliklə, İranın nüvə dövlətinə çvrilməsinin qarşısı böyük ehtimalla alınmış oldu. İran isə nüfuzunu saxladı. Elə bunu istəyirdi. Həm nüvə proqramını davam etdirmək, sanksiyaları ləğv etdirmək və bununla yanaşı aşağılanmamaq. İran aşağılanmadı, əksinə dünya ilə işbirliyi qura bildi. Beləliklə, İran həm daxildə, həm də xaricdə nüfuzunu qaldırmağa nail oldu".
Poloitoloq "altılıq" ölkələri ilə İranın əldə etdiyi razılaşmanın regiona təsiri məsələlərindən də söz açıb: "Təkcə son beş ildə dəfələrlə İrana qarşı hərbi hücumların olacağı ilə bağlı məlumatlar yayılırdı. Bu isə heç şübhəsiz İrana qonşu dövlətləri, o cümlədən Azərbaycanı çıxılmaz duruma salırdı. Biz faktiki olaraq konkret seçim qarşısında qalırdıq. Digər yandan hərbi hücumlar Azərbaycana da öz mənfi təsirlərini göstərəcəkdi. Bu mənada İranla Qərbin anlaşması həm də ölkəmiz üçün uğurlu hal kimi qiymətləndirilə bilər. İranla anlaşmadan sonra, sanskiaylar qaldırılacaq və onun iqtisadiyyatında ciddi artım vaş verəcək. Elə bu, Azərbaycan üçün də faydalıdır. Razılaşamdan razı qalmayan yeganə ölkə İsrail dövlətidir. Amma, İran dünya ilə qaynayıb-qarışandan sonra İsrail üçün də ciddi təhlükə törədəcəyi düşüncəsində deyiləm. Əslində, İsrail İranla dost da ola bilər. Bunun üçün İsrail dövləti xarici siyasətində dəyişiklik etməli və İranı düşmən gözündə görməkdən çəkinməlidir. İstənilən halda, ABŞ-ın İsraillə strateji münasibətləri var və heç zaman Netanyahunun qorxduğu məsələnin - İsrail dövlətinin yer üzündən silinməsinə razı ola bilməz. İsrail gərək bu tip bəyənatlardan uzaq dursun. Çünki, bu tip sözlər gərginliyi daha da artırır".