Mart soyqırımı həmin dövrün mətbuatında Hadisə

Mart soyqırımı həmin dövrün mətbuatında

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. İçəri şəhərə hücum zamanı
A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materialları göstərir ki, əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Məkrli niyyət mart ayında həyata keçirildi. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişdilər.
O günü Məmməd Əmin Rəsulzadə "Unudulmaz faciə" adlı məqaləsində belə xatırlayırdı: "...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş bizə, biz türklərə bağlanmış idi. O gün biz müsəlmanlara elani-hərb eləmişlərdi".
1918-ci ilin 31 martına qədər olan əhval-ruhiyyəni Əhməd bəy Ağaoğlu "Bakı hadisələri haqqında həqiqət" sərlövhəli məqaləsində çox geniş və ətraflı təsvir edir: "Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, "işıqlandırılan" və "aydınlaşdırılan" yazılarla doldurulurdu. Təbliğata rəhbərlik edən "bacarıqlı əllər" bütün vasitələrdən istifadə edərək nə yolla olursa olsun, müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdə idi. Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin - zənginlərdən Balabəy Lazarevlə Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bundan sonra bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Deyirdilər ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq üçün öldürmüşdülər".
1918-ci ildə faciədən bir neçə gün əvvəl çap olunmuş mətbu orqanlar həmin dövrü çox dəqiq ifadə edir. Qəzet yazıları göstərir ki, faciənin baş verməsini dövrün qələm əhli əvvəlcədən görürmüş: "Dəhşətli saət gəlir, birlik gərək", "Birlik tələb olunur", "Birləşmək gərək", "İttihad gərək" şüarları ilə çap olunan məqalələr əqidəsindən asılı olmayaraq hər kəsi milli birliyə çağırırdı. 1905-1906-cı ildə erməni-müsəlman hadisələri zamanı Üzeyir bəy "Molla Nəsrəddin" jurnalında "Bizim xilasımız milli birlikdədir" deyə müsəlmanları birliyə, düşmənə qarşı mübarizədə birləşməyə var qüvəsi ilə çağırırdı.
Sənətulla Eynullayevin "S.İbrahim" imzası ilə yazdığı "Dəhşətli saət gəlir, birlik gərək!" sərlövhəli məqaləsi bu faciədən (15 mart 1918-ci) cəmi üç gün qabaq "Açıq söz" qəzetində çap olunub. Müəllif kimliyindən hansı partiyanın, cəmiyyətin üzvü olmasından asılı olmayarqa hamını milli birliyə çağırır. Xüsusən də o zaman hakimiyyətdə olan bolşevik partiyasının üzvü olan azərbaycanlı ziyalıları. Çünki onlar arasında bu məsələyə münasibət də müxtəlif idi. Onlar bu işə rus və erməni bolşeviklərinin nöqteyi-nəzərindən yanaşırdılar.
Əhməd bəy Ağaoğlu məqaləsində bu haqda yazırdı: "Cəmiyyətin ziyalı təbəqəsi əvvəlcə şayiələrə heç bir əhəmiyyət vermirdi, sadəcə gülür və elə düşünürdülər ki, bu yalnız ictimai diqqəti fevralın 19-na təyin olunmuş fəhlə nümayişlərindən yayındırmaq məqsədi ilə işə salınmış vasitədir. Lakin cəmiyyətin aşağı təbəqələri bərk narahatlıq keçirir və əsəbləşirdi".
Üzeyir bəy Hacıbəyli "Andranikin məsələsi" adlı məqaləsində belə acıqlanır: "Quran oxumaqla donuz darıdan çıxmaz. Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin".
18 mart 1918-ci il. Bakıda bütün mətbuatın nəşr edildiyi son gün. Həmin günü çap olunan mətbu orqanlarında çap edilmiş məqalələrdən bəlli olur ki, artıq Bakıda psixoloji gərginlik son həddə çatmışdır, ermənilər anbarları silahla doldurmuş və Türkiyədəki erməni quldur dəstəsinin məşhur başçısı Androniki Bakıya çağırmışlar.
Beləliklə, fürsəti əldən verməyən Rus Milli Şurası və Şaumyanın rəhbərliyi ilə təpədən-dırnağa silahlanmış ermənilər və rus bolşevikləri mart ayının 30-da saat 16:40 radələrində müsəlmanlara qarşı soyqırıma başlamışlar. Üç gün ərzində, yəni martın 30-u, 31-i və aprelin 1-də erməni və bolşevik-rus qoşun hissələri Bakıda sözün əsl mənasında milli qırğın həyata keçirdilər. Dövrü mətbuat bu haqda yazırdı: "1918-ci il martın 30-31-i və aprelin 1-də gecəli-gündüzlü qırğında 10.000-dən artıq azərbaycanlı öldürüldü. Azərbaycanlılara məxsus olan dükanlar, mağazalar qarət edildi, evlərə atəş açıldı. Türk qadınları vəhşətcəsinə saç-saça bağlanaraq, çılpaq gəzdirildikdən sonra caniyana şəkildə təcavüzlər, öldürülmələr və daha başqa cinayətlərə... məruz qaldılar. Təcavüzlər bununla da bitmədi. Sonrakı günlərdə bu qırğın Şamaxıda, Qubada, Lənkəranda, Muğanda davam etdirildi. 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə günahsız əhalini didərgin salmışlar. Uşaqları, qocaları və qadınları daha amansız işgəncələrlə qətlə yetirirdilər. Əvvəl əllərini, qulaqlarını kəsir, gözlərini çıxarır, sonda isə başlarını kəsirdilər. Təkcə Bakıda 30 minə yaxın soydaşımız qanına qəltan edilmişdir. 7 minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasında 122 müsəlman kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox Zəngəzur qəzasında 115 müsəlman kəndi vəhşicəsinə dağıdılmış, əhalinin xeyli hissəsi qılıncdan keçirilmişdir. İrəvan quberniyasında 211, Qars vilayətində 82 müsəlman kəndi yandırılmışdır və s.".
Bəlkə də çoxları bilmir ki, mart faciəsi zamanı Hüseyn Cavid Tanrının bir möcüzəsi sayəsində sağ qalıb. Bu haqda Abdulla Şaiqin xatirələri var: "O zaman Cavid Bakıda köhnə Nikolayevski küçədə yerləşən "Təbriz" otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı: "Mart hadisəsinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. "Hə edəcəksiniz burada edin!" - dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə səpilir, bir-birimizə qısılırdıq. Sonra "Qalxın!" əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq və sonra çox çətinliklə oradan qurtulduq".
O, zaman Bakıda yaşayan və hadisələrin şahidi olan Mir Cəfər Pişəvəri sonralar o dəhşətli günləri belə xatırlayırdı: "Mən saysız günahsız insanların vəhşiliklə öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur".
Bir il sonra 31 mart qırğını haqqında M.Ə.Rəsulzadə "Azərbaycan" qəzetinin 31 mart 1919-cu il tarixli sayında yalnız və yalnız milli qırğın niyyəti ilə törədildiyinə işarə edərək yazırdı: "Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal, bir qətliam icra olunurdu".
"XX əsrdə dinclik və rahatlıq barədə düşünmək olmayacaq. Bir qovğa qurtarmamış, ayrı bir inqilab başlayır, siyasət aləmi günbəgün dəyişir". "İrani-nov" qəzetinin 26 avqust 1909-cu il tarixli, sayında yazılan bu fikrin müəllifinin nə qədər müdrikcəsinə bir fikir söyləməsini elə XX əsr özü təsdiqlədi.
Professor Şirməmməd Hüseynov demiş: "Tarix təkrar olur. Nəticə çıxarmamışıq. Tədbir görməmişik və bu alçaq siyasətin ağrısını indi də çəkirik. Amma nə vaxta qədər?".

Ülviyyə Tahirqızı