“Məgər Avropa Parlamenti klinikadır?” Hadisə

“Məgər Avropa Parlamenti klinikadır?”

Sahib Alıyev: "Leyla-Arif Yunusların təcili tibbi yardıma ehtiyac duyduqlarını necə qət edib?"

Avropa Parlamentinin prezidenti Martin Şults yenə həddini aşan və tutduğu postla qətiyyən uyuşmayan açıqlamalar verib. O, bildirib: "Avropa Parlamenti qət edib ki, Leyla və Arif Yunuslar təcili tibbi yardıma ehtiyac duyurlar, ona görə də onlar dərhal azad olunmalıdırlar". Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev Avropa Parlamenti rəsmisinə ciddi etiraz bildirib. Millət vəkili deyib ki, Martin Şultsun açıqlaması gülünc doğurur: "Məgər Avropa Parlamenti klinikadır və Leyla-Arif Ynusların təcili tibbi yardıma ehtiyac duyduqlarını necə qət edib? Hətta tutaq ki, belədir, məgər özlərində təcili tibbi yardıma ehtiyac duyanların hamısını açıb həbsdən buraxırlar? Bəlkə, belə də bir Avropa standartı var, bizim xəbərimiz yoxdur?" Sahib Alıyevin sözlərinə görə, hakim və həkim rolunda çıxış edən Martin Şultsun dayazlığı və qərəzliliyi özünü həm də onda göstərir ki, o, fotoreportyor Rasim Əliyevin ölümünün necə baş verdiyi, həmin cinayəti törədənlərin hamısının tutulduğunu bildiyi halda bunu da hakimiyyətin ayağına yazaraq vətəndaş cəmiyyətinə qarşı "amansız tədbir" adlandırır: "Ardınca da "Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır" deyir. Mənə isə elə gəlir ki, Avropa Parlamenti öz yaxşılığı üçün, Azərbaycanda olan-qalan hörmətini də tam itirməmiş bəlli çevrələrin əlində oyuncaq olan, bəzən həddini aşan bəyantlar səsləndirən bu adamı əvəzləməlidir".