Mərkəzi Gömrük Hospitalının endokrinoloqu “Qalxanabənzər vəzi orqanizmdə hansı funksiyaları yerinə yetirir” sualını cavablandırıb Hadisə

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu “Qalxanabənzər vəzi orqanizmdə hansı funksiyaları yerinə yetirir” sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “Qalxanabənzər vəzi orqanizmdə hansı funksiyaları yerinə yetirir” sualını cavablandırıb.

Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormon sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli növlər dedikdə, qraves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər, yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formaya isə qalxanabənzər vəzinin xərçəngi aiddir.

Qalxanabənzər vəzi xəstəlikləri arasında düyünlü ura daha çox rast gəlinir. Buna səbəb kimi daha çox yod çatışmazlığı, siqaret çəkmək, düzgün olmayan qidalanma və piylənməni göstərə bilərik. Düyünlü urlar xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür, 90 faiz hallarda düyünlü zobun xoşxassəli formasına rast gəlinir, 5-10 faiz hallarda isə bədxassəli forması müşahidə olunur.